Ərəblərin "Türkiyənin regiondakı nüfuzunu azaltmaq" planı ortaya çıxıb

Ərəblərin "Türkiyənin regiondakı nüfuzunu azaltmaq" planı ortaya çıxıb

Əsasən Orta Şərq ölkələri ilə bağlı xəbərlərə üstünlük verilən İngiltərənin middleeasteye.net saytı, Səudiyyə Ərəbistanı rəhbərliyinin Türkiyəni zəiflətmək üçün hazırladığı "strateji plan"ı ələ keçirib.
Yeniavaz.com sözügedən sayta istinadla xəbər verir ki, Ər-Riyad rəhbərliyi, Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanın Camal Qaşıqçı cinayətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təzyiqlərinə qarşı səbrli davranışını nəzərə alaraq, qabaqcadan hazırlanmış və cavab əhəmiyyəti daşıyan "strateji plan"ı tətbiq etməyə başlayıb.
Middleeasteye.net saytı isə planı, Səudiyyə Ərəbistanının müttəfiqi olan Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik orqanları üçün fəaliyyət göstərən beyin mərkəzlərindən birinin dərc etdirdiyi nəşrlərdən əldə etdiyini bildirir. Məruzə halında nəşr edilmiş plan beyin mərkəzinin rəsmi saytında olmasa da, sözügedən mətbuat orqanı bir nüsxə əldə edə bilib.
Xəbərdə may ayında hazırlanmış planın tətbiqinə başlanılması üçün göstərişin verildiyi iddia olunur. Plan isə Ərdoğan hakimiyətinə təzyiq göstərmək, onu zəiflətmək və daxili məsələlərə yönəltmək üçün lazımi bütün tədbirlərin görülməsindən ibarətdir.
Bildirilir ki, Ər-Riyad hakimiyyətinin əsas hədəfi Ərdoğan və Türkiyənin regiondakı nüfuzunu azaltmaqdır. Məruzədə ən diqqət çəkən məqamlar isə bunlardır:
"Krallıq Türkiyə iqtisadiyyatını hədəf almağa, Türkiyədəki Səudiyyə investisiyalarını mərhələli şəkildə sonlandırmağa, Türkiyəyə üz tutan ərəb turistlər üçün alternativlər tapmağa və o istiqamətdə yönləndirməyə başlayacaq. Həmçinin Səudiyyə Ərəbistanının əsas hədəfi türk mallarının idxalını azaltmaq və İslami məsələlərdə Türkiyənin regiondakı təsirini azaltmaq olacaq".
Məruzəyə əsasən Məhəmməd ibn Salman, bu qərarı jurnalist Camal Qaşıqçının ölkənin İstanbuldakı səfirliyində səudiyyəli casuslar tərəfindən öldürülməsindən sonra verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31