Müəllimə valideynə dediyi sözə görə “terrorçular” siyahısına salındı

Rusiyanın Novosibirsk vilayətində rus dili və ədəbiyyat müəllimi Natalya Oqanisyana qarşı ekstremizm ittihamı irəli sürülüb. Buna səbəb isə onun sinifdəki şagirdlərdən birinin anasına qarşı davranışı olub.

Bizimyol.info xəbər verir ki, hadisə Bolotninsk rayonunun Oyaş qəsəbəsindəki məktəbdə valideyn iclası vaxtı olub. 40 il müəllimlik təcrübəsi olan Natalya Oqanisyan Özbəkistan vətəndaşı olan valideyni "qanmaz" adlandırıb, ona rus dilini öyrənməyi məsləhət görüb.

Qadın özünü təhqir olunmuş sayıb və polisə ərizə ilə müraciət edib. Əvvəlcə məhkəmə Oqanisyanın hərəkətini inzibati pozuntu kimi qiymətləndirib.Amma bir qədər sonra məsələyə Bolotninsk rayon prokurorluğu qoşulub. Valideyn iclasında iştirak etmiş şahidlərdən birinin söylədiklərinə əsaslanaraq, prokurorluq müəllimə barəsində cinayət işi başlayıb. Şahid deyib ki, Natalya Oqanisyan valideynə qarşı Orta Asiya ölkələrinin vətəndaşlarına aid təhqiramiz ifadələr işlədib, ondan öz ölkəsinə qayıtmasını istəyib.

Müəlliməyə qarşı insan ləyaqətini alçaltma, nifrət və ya düşmənçilik salma ittihamı irəli sürülüb. Hazırda bu iş Bolotninsk rayon məhkəməsində araşdırılır. Müəllimənin adı "ekstremistlər və terrorçular" siyahısına daxil edilib, bank hesabı da dondurulub.

Məktəbin direktoru Anton Dimitryuk isə müəlliməni müdafiə edib. Deyib ki, onu təqsirli bilmir, hesab edir ki, Oqanisyan sadəcə, fikrini bir qədər kobud tərzdə ifadə edib: "Deyib ki, "rus dilini öyrən". İrad kobud formada bildirilib. Əlbəttə, bir də "qanmaz" ifadəsi. Vəssalam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31