Elçin Xalidbəyli: “Özbəkistan Azərbaycanın ən önəmli müttəfiqlərindən biridir” – ÖZƏL

"Özbəkistan Azərbaycanın ən önəmli müttəfiqləri sırasına daxildir. Son illərdə iki ölkə arasında bütün sahələr üzrə, xüsusilə də iqtisadi istiqamətdə münasibətlər intensiv şəkildə inkişaf edir. Bu mərhələdə Özbəkistanın Azərbaycana, Azərbaycanın isə Özbəkistana dəstəyi kifayət qədər yüksək səviyyədədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan Özbəkistan da daxil olmaqla, bütün Orta Asiya ölkələrinə genişmiqyaslı dəstək verməkdə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Orta Asiya dövlət başçılarının Məşvərət görüşündə iştirakı, eləcə də növbəti sammitdə həmin qurumun sədrliyinin Azərbaycana keçməsi olduqca önəmli bir prosesin başlanğıcı kimi görünür. Bu baxımdan, Orta Asiyanın aparıcı ölkələrindən biri olan Özbəkistanın Azərbaycanla münasibətləri həm Azərbaycan, həm də Özbəkistan üçün xüsusi əhəmiyyət daşıyır. Böyük ehtimalla, yaxın gələcəkdə bu prosesin daha da inkişaf etdirilməsi üçün müəyyən mexanizmlər formalaşdırıla və münasibətlər sistemi daha da genişləndirilə bilər. 

"Ümumilikdə, Azərbaycan-Özbəkistan münasibətlərinin perspektivlərinə böyük ümidlərlə yanaşmaq üçün kifayət qədər ciddi əsaslar mövcuddur.

Bu baxımdan, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərinin yenidən nəzərdən keçirilməsi və müzakirə olunması baxımından xüsusi əhəmiyyət daşıyır", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31