2035-ci ilə qədər qaza olan qlobal tələbat artmaqda davam edəcək
21:19 İqtisadiyyatDünya üzrə təbii qaza tələbat ən azı 2035-ci ilədək artmaqda davam edəcək. 2025-ci illə müqayisədə tələbatın təxminən 20 faiz artaraq 5,18 trilyon kubmetrə çatacağı gözlənilir.
Bu barədə "GlobalData" şirkətinin "GlobalData Gas Market Outlook 2026" adlı son hesabatında bildirilir. Hesabata əsasən, qlobal bazarda mayeləşdirilmiş təbii qaz (LNG) təklifinin gözlənilən artıqlığı əvvəl proqnozlaşdırılandan daha gec müşahidə olunacaq və qısamüddətli xarakter daşıyacaq.
Proqnoza görə, 2025-2035-ci illərdə dünya üzrə təbii qaza tələbat orta hesabla ildə 1,8 faiz artacaq.
"GlobalData" qeyd edir ki, qarşıdakı onillikdə qaz təklifinin artırılması üçün əsas məhdudlaşdırıcı amil xammal ehtiyatlarının həcmi deyil, boru kəmərləri və təbii qazın mayeləşdirilməsi zavodları da daxil olmaqla ixrac infrastrukturunun inkişafı olacaq.
"Bazar artıq iki ildir ki, qaz təklifinin artıqlığını müzakirə edir. "GlobalData"nın ayrı-ayrı yataqlar üzrə məlumatları göstərir ki, belə artıqlıq həqiqətən mövcuddur, lakin qısamüddətli olacaq. 2030-cu illər üçün əsas məsələ yerin təkində kifayət qədər qazın olub-olmaması deyil, lazımi yerlərdə boru kəmərlərinin və qazın mayeləşdirilməsi zavodlarının tikilib-tikilməyəcəyidir", - deyə "GlobalData"nın neft-qaz sektoru üzrə aparıcı analitiki Pol Hasselbrink bildirib.
"GlobalData"nın qiymətləndirməsinə görə, cari ildə Yaxın Şərqdə qaz hasilatı 98 milyard kubmetr azalacaq. Nəticədə, tələbatın potensial olaraq 37,7 milyard kubmetr artmasına baxmayaraq, dünya üzrə qaz təklifi cəmi 14,9 milyard kubmetr artacaq. Şirkətin hesablamalarına əsasən, təklif məhdudiyyətləri səbəbindən 38-59 milyard kubmetr həcmində tələbatı ödəmək mümkün olmayacaq.
Hasselbrink qeyd edib ki, 2026-cı ildə baş verən hadisələr resurs çatışmazlığından deyil, tranzitdə yaranan fasilələrdən qaynaqlanıb. Onun sözlərinə görə, Avropa və Asiya bazarlarında qiymətlər tədarükün pozulmasına, əsas dəniz marşrutlarından birinin bağlanmasına və qazın mayeləşdirilməsi üzrə istehsal güclərinin bir hissəsinin zədələnməsinə reaksiya verir.
"Bununla belə, 2026-cı ildə dünya üzrə qaz hasilatı artmaqda davam edib", - deyə o bildirib.
"GlobalData"nın proqnozuna görə, Fars körfəzi ölkələrindən ixrac bərpa olunduqca bazarda vəziyyət tədricən normallaşacaq. Lakin bərpa prosesi daha uzun çəkəcək.
2027-ci ildən etibarən Fars körfəzi ölkələrindən qaz ixracının bərpa olunmağa başlayacağı gözlənilir.
"2031-ci ilədək hazırda tikilməkdə olan və ya istismara verilməsi mərhələsində olan, illik ümumi gücü 281,3 milyon ton təşkil edən qazın mayeləşdirilməsi obyektləri də fəaliyyətə başlamalıdır. Bu güclərin əsas hissəsi ABŞ və Qətərin payına düşür", - hesabatda qeyd olunur.
"Qaz təklifinin artıqlığı 2029-cu ildə təxminən 200 milyard kubmetrlə pik həddə çatacaq. Lakin bundan sonra təkliflə tələbat arasındakı fərq sürətlə azalacaq: 2034-cü ildə bazarda tarazlıq yaranacaq, 2035-ci ildə isə qaz çatışmazlığı müşahidə olunacaq.
2035-ci ildə hasilatı planlaşdırılan 166 milyard kubmetr qazın ixracı üçün hələlik yekun investisiya qərarları və ya müvafiq icazələrlə təsdiqlənmiş marşrutlar müəyyən edilməyib. Bu həcmlərin əsas hissəsi Seneqal, Tanzaniya, Mavritaniya, Qayana və Kiprin payına düşür", - deyə şirkət bildirir.
Hasselbrinkin qiymətləndirməsinə görə, ABŞ əks problemlə üzləşir. Belə ki, yekun investisiya qərarları qəbul edilmiş və təsdiqlənmiş qazın mayeləşdirilməsi layihələrini təmin etmək üçün 2035-ci ildə ABŞ-da şirkətlərin hasil etməyi öhdələrinə götürdükləri həcmdən təxminən 400 milyard kubmetr çox qaz hasil etmək tələb olunacaq.
"GlobalData" hesab edir ki, dünya qaz bazarının gələcək dinamikası yeni hasilat regionlarında ixrac infrastrukturunun inkişafından, eləcə də ABŞ-də qaz hasilatının mayeləşdirmə güclərinin tələbatını ödəmək üçün zəruri sürətlə artıb-artmayacağından asılı olacaq.
Şirkət həmçinin qeyd edir ki, qaz tələbatı ilə bağlı baza proqnozuna əsas risklər əsasən tələbatın azalması ehtimalı ilə əlaqədardır.