Vaşinqtonun səfir təyinatı və Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdi
18 Fevral 2019 12:07 DünyaBirləşmiş Ştatlarla Türkiyə arasında münasibətlərdə uzun müddətdir ki, yaranan gərginliyi zaman-zaman yoluna qoymağa çalışsalar da, lakin Yaxın Şərq, xüsusilə Suriya amili Vaşinqtonla Ankara arasında isti münasibətlərin yaranmasını hələ ki, mümkünsüz edir. Türkiyədə hakimiyyət çevrilişinə cəhd, keşiş qalmaqalı, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı, eləcə də bu və ya digər proseslər Birləşmiş Ştatlarla Türkiyə arasında münasibətlərin daha da gərginləşməsinə yol açan amillərdən idi. Bəlkə də Ankara ilə Vaşinqton bütün sadalanan problemləri qarşılıqlı anlaşma şəraitində yoluna qoya bilərdi. Sadəcə ortada olan Rusiya amili Türkiyə ilə Amerikanın yaxınlaşmasını mümkünsüz edir. Çünki hazırkı situasiyada Birləşmiş Ştatlar və Qərbin təzyiqləri, sanksiyaları ilə üzləşən Rusiya Federasoyası üçün Türkiuə ilə münasibətləri inkişaf etdirmək onun üçün nəfəslik anlamını verir. Elə Vaşinqtonu da əsas narahat edən amillərdən biri budur. Hətta Yaxın Şərq məsələsində belə Ankara ilə Vaşinqtonun ortaq məxrəcə gələ bilməsi mümkün variantlarından sayılsa da, lakin Rusiya amilinin bu yaxınlaşmaya mane olduğu bildirilir. Məsələ orasındadır ki, iki ölkə arasında hətta diplomatik münasibətlər də çox arzuedilməz vəziyyətdədir. Ancaq deyəsən indi Birləşmiş Ştatlar Türkiyə ilə diplomatik münasibətləri bərpa etmək barədə düşünür. Hər halda qardaş ölkəyə yeni səfir təyinatı məsələsinin gündəmə gəlməsi belə deməyə əsas verir. Müstəqil ekspert Rusif Məmmədsoy da deyir ki, Birləşmiş Ştatlar Türkiyəyə yeni səfir təyinatına hazırlaşır. Onun sözlərinə görə, bu mənada ən real namizəd kimi Devid Maykl Satterfild göstərilir. Ekspert hesab edir ki, D.M.Satterfildin səfir təyin edilməsi üçün Donald Tramp olduqca israrlıdır: "Əvvəlcə D.M.Satterfild haqqında qısa məlumat verim. Satterfild 1954-cü ildə anadan olub. 1980-ci ildən bəri Yaxın Şərqlə bağlı bir sıra vəzifələri icra edir. Hazırda da məhz Birləşmiş Ştatlar Dövlət Departamentində Yaxın Şərq əlaqələri üzrə müşavir kimi fəaliyyət göstərir. Göründüyü kimi olduqca təcrübəli bir diplomatdır. Birləşmiş Ştatlar və Türkiyə münasibətlərinin hazırkı vəziyyətini və Suriyadakı fikir ayrılıqlarını nəzərə alsaq Donald Trampın bu israrını başa düşmək çətin deyil. Lakin, bu təyinatın reallaşması üçün Birləşmiş Ştatlar Senatında keçiriləcək səsvermənin nəticələrini gözləmək lazımdır. Onu da qeyd edim ki, hazırda Birləşmiş Ştatların Türkiyədə səfiri yoxdur. Sonuncu səfir isə 2017-ci ilə qədər Con Bass olmuşdur". Rusif Məmmədsoy hesab edir ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp yeni səfir təyin etməklə həm iki ölkə arasındakı münasibətləri tənzimləmək, həm də Türkiyə və Rusiya münasibətlərinin gələcək perspektivləri barədə daha yaxından tanış olmaq istəyir: "Düşünürəm ki, Birləşmiş Ştatlar bununla Türkiyə və Rusiya münasibətlərinin korlanması üçün mümkün bütün addımları ata bilər. Hazırda Türkiyə və Birləşmiş Ştatlar arasında münasibətlərin bu həddə çatmasının əsas səbəbi Suriya konfliktidir ki, digər fikir ayrılıqları da məhz bu konfliktdən sonra meydana çıxdı. Xüsusilə də S-400 hava hücumundan müdafiə sistemlərinin alınması və.s. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Türkiyənin Rusiya ilə işbirliyi Birləşmiş Ştatların Suriyadakı maraqlarına mane olur. Bu səbəbdən də təyin ediləcək yeni səfirin Devid Maykl Satterfildin olacağı heç də təsadüfi deyil". Ekspertin sözlərinə görə, Birləşmiş Ştatların Yaxın Şərqlə bağlı uzun illər əvvəl hazırladığı bir plan var ki, bu da "Böyük Orta Doğu" projesi adlanır: "Hərçənd Birləşmiş Ştatlar yaxın günlərdə, Suriyadan çıxacağını və burda qalmaq onlar üçün olduqca baha başa gəlir deyə əsgərlərini geri qaytaracağını dilə gətirmişdi. Təbii ki, bu o demək deyil ki, Birləşmiş Ştatlar öz maraqlarından əl çəkəcək. Elə Ağ Ev rəhbəri Donald Trampın sonuncu açıqlaması da buna sübutdur. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bildirib ki, "Suriyada mütləq bufer zona yaradılmalıdır". Hansı ki, bu səbəbdən bölgəyə 1500 əsgər yerləşdiriləcək. Onların heyətini isə fransız, alman və ingilislər təşkil edəcək. Lakin, 200 ABŞ əsgəri də bölgədə qalacaq. Bu isə o deməkdir ki, ABŞ özü dolayı yolla da olsa Suriyada varlığını davam etdirəcək. Əslində, Yaxın Şərqlə bağlı olduqca peşəkar diplomat Satterfildin təyinatı da buna sübutdur".
Süleyman