“Gucci” detalı irqçi simvolunu xatırladan yun cemperlərini geri çağırır

"Gucci" şirkəti "Payız-Qış 2018" kolleksiyasındakı başdan keçirilən qara rəngli cemperlərinə görə üzr istəyib və onların geri çağırıldığını rəsmən elan edib. İtalyan dizaynerinin bahalı modeli (890 dollar) sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunandan sonra satışdan çıxarılıb, şirkətin saytlarından və kataloqlarından silinib. Məsələ bundadır ki, sosial şəbəkə istifadəçiləri bu cemperi "Blackface"ə (zənci rolunda çıxış edən aktyor) bənzədiblər.

"Gucci"nin bəyanatında deyilir: "Biz bu insidenti "Gucci" komandası üçün və onun hüdudlarından kənarda faydalı ibrətamiz məqama çevirməyə tam tərəfdarıq"

"Blackface" ötən əsrin 60-cı illərində ABŞ-da ağdərili aktyorlar tərəfindən qaradərili insanları ələ salmaq üçün istifadə olunan teatr qrimidir. İrqi ayrı-seçkiliyi və afroamerikalılar barədə stereotip təsəvvürləri qabardan bu qrim 1960-cı illərdə ABŞ-da qaradərililərin vətəndaş hüquqları uğrunda hərəkat zamanı teatr perfomanslarından çıxarılıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31