İdlibdə müharibə təhlükəsi artır
29 Noyabr 2018 10:53 DünyaSilahlılar Türkiyə qarşısında şərt qoyub, Suriya ordusu isə Hamanın şimalında əməliyyatlara başlayıb
Suriya ordusu birləşmələri İdlib vilayətində məhdud hərbi əməliyyatlara başlayıb. İranın "Fars" agentliyinin məlumatına görə, hökumət qüvvələri Soçi anlaşmasına əsasən silahsızlaşdırılan bölgədən çıxmaq istəməyən qrupları atəşə tutub.
Toqquşmalar ilkin olaraq Hama şəhərinin şimalında baş verib. Agentliyin məlumatına qeyd olunur ki, ilkin olaraq silahlı qruplar atəşkəsi pozub, ordu isə təxribatlara cavab olaraq silahdan istifadə edib. Toqquşmalar nəticəsində çoxlu sayda terrorçu öldürülüb, xeyli miqdarda silah və sursat ələ keçirilib. Suriya ordusu terrorçuların qəbiristanlıqda basdırdığı xeyli miqdarda silah və sursat tapıb.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında İdlib anlaşması bu il sentyabrın 17-də əldə olunub. Prezidentlər arasında 4 saat davam edən danışıqlardan sonra əldə olunmuş razılaşma Suriyanın İdlib vilayətində atəşkəsi və silahlı qrupların ayrılması, arasında bufer zolağının yaranmasını nəzərdə tutur.
Razılaşmaya əsasən, oktyabrın 10-dək silahlı müxaliflər raket sistemləri, top, tank kimi ağır silahları bölgədən çəkməlidirlər. Oktyabrın 15-dək isə İdlibdə silahlılar və hökumət qüvvələri arasında 15-20 kilometr genişliyində silahsızlaşdırılmış bölgə yaradılacaq. Razılaşmaya əsasən, bir sıra terrorçu qruplar, o cümlədən "ən-Nusra", ya da yeni adı ilə "Heyət Tahrir əş-Şam" qruplaşması terror təşkilatı kimi tanındığı üçün silahsızlaşdırılmış bölgədən çıxarılacaq.
Terrorçulardan təmizləndikdən sonra silahsızlaşdırılmış bölgədə Rusiya və Türkiyə ordusunun patrulları birgə hərəkət edəcək. Bu anlaşmaya əsasən, hər iki tərəfin terrorçu kimi tanıdığı silahlılar silahsızlaşdırılmış bölgədən çıxarılacaq, onların bu bölgədə fəaliyyətləri yasaqlanacaq. Anlaşmanın ən mühüm detallarından biri də Hələb-Hama, oradan da Dəməşq və ölkənin cənub sərhədinə qədər gedib çıxan M-5 magistralının hökumət qüvvələrinin nəzarətinə keçməsidir.
Ancaq hazırda bir sıra silahlı qruplar İdlib anlaşmasını provokasiya edir. Ən son olaraq noyabrın 24-də Hələb vilayətinin Xalidiyyə və Cəmiyyət əz-Zəhra bölgələrində müxaliflər tərəfindən atılan mərmilərdə kimyəvi maddələr olub və nəticədə 100-dən çox mülki vətəndaş zəhərlənib.
Bu arada İdlibdəki müxalif qruplar Soçi anlaşmasına əsasən çəkilməli olduqları bölgəni tərk etmək üçün Türkiyə qarşısında şərt qoyub. Suriyanın "Əl-Vatan" qəzetinin yazdığına görə, hazırda İdlibdə əsas müxalif güc olan "Heyət Təhrir əş-Şam" (HTŞ) M-4 və M-5 magistralı ərazisindən çəkilmək üçün Ankara qarşısında şərt irəli sürüb. İddia olunur ki, müxalif silahlılar magistralların təhvil verilməsi ilə bağlı Türkiyə kəşfiyyatı təmsilçiləri ilə danışıqlar aparıb.
Bu barədə məlumatı Türkiyənin İdlib və Hələb ətrafında qurduğu əsas silahlı qruplaşma olan Milli Qurtuluş Cəbhəsindəki (MQC) mənbələri açıqlayıb. MQC-dən bildirilib ki, HTŞ-nin magistrallarla bağlı şərtləri ətrafında danışıqlar hələ də davam edir. Şərtlərə gəlincə, məlum olub ki, Türkiyə tərəfi ən-Nusra Cəbhəsinin daxil olduğu HTŞ-nin özünü buraxması, yaxud da İdlibdə nəzarət etdiyi bölgələrdə (HTŞ İdlibin təxminən 70 faizinə nəzarət edir - K.R.) hücumları dayandırmağı tələb edir.
HTŞ isə bunun qarşılığında İdlibdə strateji avtomobil yollarının Rusiyanın deyil, Türkiyənin nəzarətinə verilməsi, HTŞ qüvvələrinin 10 deyil, 7 kilometrə çəkilməsini istəyir. O da bildirilir ki, ötən gün HTŞ MQC-nin nəzarətində olan Maarrat Numan şəhəri ətrafına qüvvə toplamağa başlayıb. Məsələ ondadır ki, ötən həftə Türkiyə ordusu Soçi anlaşmasına tabe olmayan qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb. Noyabrın 18-dən etibarən Suriyanın Afrin rayonunda başlayan əməliyyat Suriyanın şimalında azad edilmiş bölgələrdə aparılır.
Türkiyə mediasının yazdığına görə, hədəfdə olan qruplar "Əhrar əş-Şərqiyyə", "Şuhəda əş-Şərqiyyə" adlı qruplardır. Türkiyə ordusu ilə birlikdə "Həmza Briqadası", "Sultan Murad Briqadası", "Fəylak əş-Şam" kimi silahlı qruplar əməliyyatda iştirak edir.
Əməliyyatın əsas məqsədi azad edilmiş bölgələrdə oğurluq, qarət və bu kimi qanunsuzluqlarla mübarizə aparmaqdır. Bu səbəbdən də Türkiyə tərəfi əməliyyatı "Huzur (dinclik) əməliyyatı" adlandırıb. Məsələ ondadır ki, daha əvvəl birgə fəaliyyət göstərmiş silahlı qruplar arasında ciddi problemlər var. Hələ bu ilin martında Afrin şəhəri alınarkən "Əhrar əş-Şərqiyyə" qruplaşması ilə "Həmzə Briqadası" arasında qənimət üstündə toqquşma baş vermişdi. Ümumilikdə isə ötən müddətdə Azad Suriya Ordusu adı altında birləşdirilən bu qruplar arasında bir neçə irili-xırdalı toqquşma baş verib.
Bu vəziyyət isə ilk növbədə Türkiyə üçün çətinlik yaradır. Çünki Türkiyə pərakəndə fəaliyyət göstərən silahlı birlikləri bir araya gətirərək onlara təlim vermiş, təchiz etmiş və vahid komandalıq altında əməliyyatlara göndərirdi. Hətta 2017-ci ildə bu qrupları ümumi olaraq "Suriya Milli Ordusu" adlı ittifaqda birləşdirməyə çalışmışdı. Ancaq bu ittifaqa qoşulan ümumilikdə 33 silahlı qruplaşma arasında birlik alınmadı.
Qeyd edək ki, Suriyanın şimalında Türkiyə ilə həmsərhəd olan İdlib vilayəti Suriyada silahlı müxaliflərin (kürdlər istisna olmaqla - K.R.) bütövlükdə nəzarət etdiyi yeganə vilayətdir. Vilayətdə 3 milyona yaxın insan yaşayır. Münaqişədən əvvəl İdlibdə 1,4 milyon insan yaşayıb, yerdə qalanlar daha sonra köçürülüb. Xüsusən də son illərdə Suriyanın müxtəlif bölgələrindən məğlub olan silahlılar İdlibə köçüb. Bundan başqa, vilayətdə 60 min silahlının olduğu ehtimal olunur. Onlardan 10 min nəfəri BMT-nin məlumatına görə, "əl-Qaidə" silahlılarıdır. İdlib vilayəti Suriyada münaqişə başladığı ilk günlərdən savaş meydanına çevrilib. 2015-ci ildə vilayət tamamilə silahlıların nəzarətinə keçib, "ən-Nusra Əmirliyi" elan edilib. Hazırda vilayət ərazisinin 60 faizə qədəri "ən-Nusra"nın (HTŞ - Heyət Təhrir əş-Şam qruplaşması - K.R.) nəzarətindədir.
Lakin bu anlaşma bölgədəki bir sıra ölkələrin, o cümlədən hazırda Suriyanın şimalında güclü oyunçuya çevrilən ABŞ və Fransanın maraqlarına cavab vermir. Çünki bu mərhələdən kənarda qalan ABŞ və region müttəfiqlərinin Suriyada əsas təsir rıçaqı Suriya Demokratik Qüvvələri çətiri altında birləşmiş kürd qüvvələri olacaq. Onlar isə hələlik ehtiyatlıdırlar, regional güclərlə qarşıdurmaya getmək istəmirlər. Lakin Vaşinqton da hər keçən gün kürdləri yeni-yeni silah və texnika ilə təchiz etməkdədir. Eyni zamanda məlumdur ki, İdlib razılaşmasını pozan "ən-Nusra", yəni "əl-Qaidə"nin gizli dəstəkçiləri ərəb dövlətləridir. Görünür ki, daha əvvəl anlaşmaya açıq olmasa da, riayət edən, hətta qüvvələrini geri çəkən "ən-Nusra"nın indi İdlib razılaşmasını provokasiya etməsi kənardan sifariş olunur. Ehtimal ki, bu prosesdə maraqlarını təmin edə bilməyən dövlətlər Putin-Ərdoğan anlaşmasının işləməsinə mane olur.