“Səudiyyə Ərəbistanına silah ixracatını dayandırın”
22 Oktyabr 2018 17:03 DünyaRəsmi Berlin digər Avropa İttifaqı (Aİ) ölkələrini Səudiyyə Ərəbistanına silah ixracatını dayandırması ilə bağlı çağırış edib.
Mövzu ilə bağlı danışan Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer (Peter Altmaier) ölkəsinin bununla bağlı qərar qəbul etdiyini xatırladaraq digər Aİ ölkələrinin də Səudiyyə Ərəbistanına silah ixracatını dayandırmasının vacibliyini vurğulayıb: "Əgər Almaniya belə bir qərar qəbul edərkən digər ölkələr Səudiyyə Ərəbistanına silah ixracatını davam etdirsə, o zaman qəbul edilən qərarın heç bir təsiri olmaz. Aİ ölkələri Səudiyyə Ərəbistanına silah ixracatını dayandırması ilə bağlı birgə hərəkət etməlidir. O zaman nəticə əldə etmək olar. Biz sadəcə müxalif jurnalist Camal Qaşıqçıya nə olduğunu bilmək istəyirik".
Qeyd edək ki, Almaniyanın cari il ərzində Əl-Cəzayirdən sonra ən çox silah satdığı ölkə Səudiyyə Ərəbistanı olub. Almaniya 9 ay ərzində Səudiyyə Ərəbistanına 417 milyon avro dəyərində silah satıb.
Azadinform