ABŞ-Səudiyyə gərginliyi: Neft nə qədər bahalaşacaq?

Tramp Səudiyyəyə qarşı sərt addım atsa, neftin qiyməti 100 dolları keçəcək.

Bu sözləri ABŞ-Səudiyyə gərginliyinin neftin qiymətlərinə təsiri haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib.

"Trampın yumşaq açıqlamalar verməsi həm də onunla bağlıdır ki, noyabrda ABŞ-da seçki var, Respublikaçılar ciddi səs itirə bilərlər. Neft daha çox qalxsa, ABŞ-da benzin daha da bahalaşacaq. Obama prezident olarkən bir qallon benzin (ABŞ-da benzin qallonla satılır, 1 qallon 3,785 litrə bərabərdir) 1 dollar 99 sentə qədər ucuzlaşmışdı, indi qiymət 4 dollara yaxınlaşır. Orta statistik amerikalı üçün benzinin qiyməti çox önəmlidir. Tramp Səudiyyəyə qarşı sərt addım atsa, neftin qiyməti 100 dolları keçəcək, 1 qallon benzin isə 5 dollara qədər bahalaşacaq", - ekspert qeyd edib.

İqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki, Trampın Səudiyyə ilə silah satışı sövdələşməsinin ləğv edilməyəcəyinə dair açıqlamasından sonra neft bazarında sakitlik müşahidə edilir:

"BP-nin rəhbəri Bob Dudley isə neftin indiki qiymətini dünya üçün "qeyri-sağlam qiymət" kimi dəyərləndirib. Mövcud qiymətdəki artımlar daha çox siyasi səbəblərlə bağlıdır. İrana qaşı sanksiyalar, eləcə də Venesueladakı böhran qiymətə təsir göstərməkdədir. Siyasi səbəblər, o cümlədən Venesuelada böhran səngiyərsə, neftin qiyməti yenidən hər barrel üçün 60-65 dollaradək enə bilər".

Qeyd edək ki, ABŞ Senatı Qlobal Maqnitski Aktına əsasən Ağ Evdən Qaşıqçı məsələsinə görə Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilməsini tələb edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31