Sinqapurda ACEAN ölkələri müdafiə nazirlərinin görüşü keçirilib

Cənub-Şərqi Asiya ölkələrinin (ACEAN) müdafiə nazirlərinin Sinqapurda keçirilən görüşündə Çin ilə birgə dəniz təlimlərinin keçirilməsi barədə razılıq əldə edilib.

Bu, 10 üzvü olan təşkilatın keçirdiyi ilk belə təlim olacaq.

Oktyabrın 18-də birgə bəyanatı imzalamamışdan əvvəl keçirilən görüş zamanı nazirlər Cənub-Çin dənizinin Çin tərəfindən hərbiləşdirilməsini və bununla əlaqədar yaranan problemləri müzakirə ediblər.

Qəbul edilən birgə bəyanatda da nazirlər bir daha hava və dəniz nəqliyyatının azad hərəkətinin, həmçinin mübahisəli sularda sülhün və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar. Nazirlər ACEAN ölkələrinin Çin ilə gələn həftə keçirilməsi nəzərdə tutulan birgə dəniz təlimlərinin əhəmiyyətini də yüksək qiymətləndiriblər. Onlar, həmçinin belə təlimlərin gələn il ABŞ ilə birlikdə keçirilməsi barədə də qərar qəbul ediblər.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31