ABŞ və Yaponiya birlikdə yeni raketin sınaqlarını keçirəcəklər
17 Oktyabr 2018 14:50 DünyaABŞ və Yaponiya silahlı qüvvələri gələn həftə birlikdə "SM-3 Block 2A" raketini sınaqdan keçirməyi planlaşdırırlar.
Raketdən müdafiə üzrə regional sistemin mühüm komponenti olacaq sınaqların Havay adaları rayonunda keçiriləcəyi planlaşdırılır.
Uçuş məsafəsi min kilometr olan "SM-3 Block 2A" raketinin ilk sınağı ötən ilin fevralında uğurla başa çatıb. Lakin ötən ilin iyununda və cari ilin yanvarında keçirilən növbəti sınaqlar uğursuzluqla nəticələnib. Növbəti sınaq zamanı da təlim hədəfini vurmaq mümkün olmayacağı təqdirdə, yeni raketin yerləşdirilməsi planında dəyişiklər aparılacaq.
Hazırda Tokio həmin raketdən dördünü almaq və onları 2021-ci ilədək döyüş növbəsinə yerləşdirmək niyyətindədir. Bu raketlərin "Aegis" çoxhədəfli izləmə sisteminə malik hərbi gəmilərdə, sonradan isə yerüstü "Aegis Ashore" kompleksində yerləşdirilməsi nəzərdə tutulur.