Bransonun qarşılığında Türkiyənin alacaqları – Siyahı

ABŞ Türkiyənin amerikalı rahib Endryu Bransonu azad etməsinin qarşılığında Ankaraya yönəlik bir sıra müsbət addımlar ata bilər.

Bu haqda "Milliyyət" nəşrində türkiyəli yazar Özay Şəndir qələmə aldığı "ABŞ-Türkiyə münasibətlərinin gələcəyi" başlıqlı yazısında bildirib.

Onun sözlərinə görə, Ankara rahibin azad olunmasının qarşılığında aşağıdakı "mükafatlar"ı ala bilər:

- Daxili işlər və ədliyyə nazirlərinə qarşı tətbiq olunan sanksiyalar dərhal aradan qaldırıla bilər.

- Türkiyədən idxal edilən polad və aliminuma tətbiq olunan əlavə rüsumlar ya azaldıla, ya da ləğv edilə bilər.

- Türkiyənin "Halkbank" bankının hazırda ABŞ-da həbsdə olan direktor müavini Hakan Atilla ölkəsinə təhvil verilə bilər. Bankın özünə isə böyük pul cəzasının verilməyəcəyi gözlənilir.

Ancaq yazar qeyd edir ki, Rusiyadan alınacaq S-400 zenit-raket sistemləri və F-35 təyyarələrinin Türkiyəyə çatdırılması məsələsi Branson məsələsindən ayrı mövzudur və bu mövzularda çətinliklərin dərhal aradan qaldırılacağını düşünmək xəyalpərəstlik olardı.

"Suriyada ABŞ ilə Türkiyə arasında maraqların toqquşması var. ABŞ PKK-nın Suriya qolu olan YPG-yə dəstəyindən vaz keçməz, çünki fərqli planları var. Türkiyənin həm FETÖ, həm də YPG mövzusunda Vaşinqtondan gözləntiləri davam edir. Artıq ABŞ-Türkiyə münasibətlərində konkret bir irəliləyişin təmin olunması Vaşinqtonun atacağı addımlara bağlıdır", - Özay Şəndir qeyd edib.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31