Nikolun dəstəkçisi ona qarşı çevrildi: "Diktatorluq edir"
4 Oktyabr 2018 16:29 DünyaErmənistan Baş naziri Nikol Paşinyanın yekun hədəfi yoxdur və heç bir siyasi proqrama malik deyil.
Bunu jurnalistlərə açıqlamasında erməni siyasətçi Paruyr Ayrikyan deyib. O, eks-prezident Levon Ter-Petrosyanla Nikol Paşinyan arasında paralellər aparıb:
"Hərəkat başlayanda Paşinyan növbədənkənar seçki ilə bağlı müəyyən bəyanatlar yaydı, amma indi tamam başqa şeylər deyib seçkinin dekabrda keçirilməsi gərəkdiyini vurğulayır. Bu, daha çox Ter-Petrosyanın davranış stilini xatırladır. Bütün siyasi qüvvələr Konstitusiyaya tam uyğun şəkildə hərəkət etməlidirlər".
Siyasətçi həmçinin Paşinyan və tərəfdarlarının parlamentə hücumunu da pisləyib:
"Yekun olaraq bura parlamentdir. Buradakılar fərqli qərar və qanunlar qəbul edə bilərlər və biz onlarla razılaşmaya bilərik, amma parlamentə belə hücum olmaz. Aydındır ki, parlament özünü buraxmaq istəmir və burada qəbul edilən qanun öz təhlükəsizliklərinin təminatı üçün idi".
Ayrikyan inqilab zamanı Paşinyanı aktiv müdafiə etdiyini, amma indi bu fikrini dəyişdiyini bildirib:
"Mən özüm də parlamentin buraxılmasının tərəfdarıyam. Paşinyanın son bəyanatı heç bir hüquqi və mənəvi əsası olmayan diktator bəyanatı idi. Paşinyan çox sayda reform və dəyişikliklərlə bağlı vəd verib. O, diaspora da vədlər verib. İndi bu vədlərə əməl edilməsə, o zaman Paşinyan hər kəsi aldatmış olacaq. Əgər əvvəllər o, Serj Sərkisyana qarşı mübarizə aparırdısa, indi o, faktiki olaraq, Sərkisyanın siyasətini davam etdirir. Diktatorların özlərinə daima mübarizə aparacaqları düşmən yaratmaq xüsusiyyətləri var. Bununla Paşinyan Ermənistanda siyasi böhranı dərinləşdirmək yolunu tutur".
axar.az