Pakistanın keçmiş baş nazirinin xanımı vəfat edib
11 Sentyabr 2018 17:18 DünyaPakistanın keçmiş baş naziri Nəvaz Şərifin həyat yoldaşı Bəyim Gülsüm Nəvaz Londonda vəfat edib.
Bunu Nəvaz Şərifin qardaşı, Pakistan Müsəlman Liqası-Nəvazın lideri Şahbaz Şərif bildirib.
Onun sözlərinə görə, Bəyim Gülsüm Nəvaz Britaniyanın paytaxtında xəstəxanalardan birində xərçəngdən müalicə olunurdu.
O, Nəvaz Şəriflə 46 il idi ailə qurmuşdu. Onların 4 uşağı var. Pərviz Müşərrəfin hakimiyyəti illərində həyat yoldaşının azadlığa buraxılması üçün Bəyim Gülsüm kampaniya aparıb.
Mərhum sentyabrın 14-də Pakistanda dəfn ediləcək.
Qeyd edək ki, Mian Məhəmməd Nəvaz Şərif 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının baş naziri olub. O, buna qədər iki dəfə (1990-93 və 1997-99-cu illərdə) bu vəzifəni icra edib, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olub. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir.
2017-ci il iyulun 28-də Pakistan Ali Məhkəməsi korrupsiya ittihamlarının istintaqı çərçivəsində onu hökumət başçısı vəzifəsindən uzaqlaşdırıb.
"Report"