Məscid imamları pul yığıb Lenin heykəlini təmir etdilər
10 Sentyabr 2018 21:24 DünyaTacikistanın cənubunda yaşayan müsəlman din adamları məscidlərdə yığdıqları ianələrlə Leninə qoyulan heykəli restavrasiya ediblər.
Olaylar.az xəbər verir ki, Böyük Oktyabr inqilabının liderinin Tacikistanın Şaruz şəhərində yerləşən heykəli iki il əvvəl naməlum şəxslər tərəfindən vandalizmə məruz qalmışdı. Heykəlin qırılan əli yerinə yeni əl qoyulub, Leninin özü isə qızılı rəngə boyanıb.
Şaruz şəhər sovetinin nümayəndəsi Mehrinisə Rəcəbovanın dediyinə görə, heykəli restavrasiya etmək üçün pul toplamaq fikri yerli imamlardan gəlib:
"Heykəli təmir etdilər, heykəl ətrafındakı parkı da qaydaya saldılar, fontan çəkdilər".

Tacikistanın Azadlıq Radiosunun yerli şöbəsinə müsahibə verən imam restavrasiyanın məbləğini açıqlamasa da, restavrasiya üçün hər məscidin həftədə 100 dollar ianə bağışladığını deyib.
Leninin heykəli Şaruzda 1980-ci ildə qoyulub. Müstəqillik qazanıldıqdan sonra ölkədəki bir çox Lenin heykəli uçurulsa da, ölkənin cənubundakı ən böyük Lenin heykəli olan bu heykəl tarixi miras olduğu üçün uçurulmamışdı.