Cənubi Koreya bu ilin sonunadək KXDR-lə sülh sazişi imzalayacağına ümid edir
7 Sentyabr 2018 13:39 DünyaKoreya Respublikası bu ilin sonunadək KXDR-lə sülh sazişi imzalamağa çalışır.
Bunu Cənubi Koreya Prezidenti Mun Ce-in İndoneziyanın "Kompas" qəzetinə müsahibəsində bildirib.
"Cari ilin sonuna qədər Koreya müharibəsinin başa çatmasının elan edilməsi yaxşı olardı. Bu, Koreya yarımadasında düşmənçiliyə son qoyar, Seul və Pxenyan arasında etimad yaranması üçün əməli addım olardı", - deyə Mun Ce-in vurğulayıb.
İki Koreya dövləti indiyədək formal olaraq müharibə vəziyyətindədir. Belə ki, tərəflər arasında 1950-1953-cü illərdə baş verən hərbi münaqişə müvəqqəti atəşkəslə dayandırılıb.
Koreya Respublikasının prezidenti iki ölkə liderinin bir müddət əvvəl Koreya yarımadasının nüvəsizləşdirmək və davamlı sülhə nail olmaq üçün saziş imzaladığını qeyd edib. "Məsələ yalnız razılaşmanın səmimi yerinə yetirilməsindən ibarətdir və biz 2018-ci ilin sonuna qədər bu prosesdə nəzərə çarpacaq irəliləyişə nail olmağı planlaşdırırıq", - deyə Mun Ce-in bildirib.
Prezident Seulun nəinki Pxenyanla münasibətlərin inkişafı, həm də KXDR və ABŞ arasında vəziyyətin normallaşması, həmçinin nüvəsizləşdirmə prosesinin sürətləndirilməsi üçün də lazımi səyləri göstərəcəyini vəd edib.
Xatırladaq ki, aprelin 27-də sərhədyanı Phanmuncom məntəqəsində Cənubi Koreya və KXDR liderlərinin ilk görüşü baş tutmuşdu. Tərəflər Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq barədə deklarasiya imzalamışdı. Cənubi Koreya prezidenti yarımadanı ayıran demilitarizasiya zonasının zaman keçdikcə sülh xəttinə çevriləcəyinə, koreyalararası əlaqələrin aktivləşməsinin isə hər iki ölkə əhalisinə, o cümlədən dənizçilərə və sərhədyanı rayonların sakinlərinə təhlükəsizlik təminatı verəcəyinə əminliyini ifadə etmişdi.
Seul dünən elan edib ki, iki ölkə liderinin növbəti - üçüncü sammitinin sentyabrın 18-20-də Pxenyanda keçirilməsinə dair razılıq əldə olunub.
Azərtac