Türkiyə-Rusiya işçi qrupu Ankarada Suriya məsələsini müzakirə edib

Türkiyə-Rusiya işçi qrupu Ankarada regional təhlükəsizlik məsələlərini və Suriyada yaranmış vəziyyəti müzakirə edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

"Türkiyə-Rusiya işçi qrupu avqustun 31-dən sentyabrın 4-dək apardığı danışıqların gedişində Suriyadakı son vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Gələcəkdə bununla bağlı müştərək fəaliyyət davam edəcək", - deyə kommunikedə bildirilir.

Avqust ayında Türkiyə və Rusiyanın müdafiə qurumlarının rəhbərləri Hülusi Akar və Sergey Şoyqu iki dəfə görüşüb. Avqustun 17-də Moskvada keçirilən danışıqlarda nazirlər Suriyadakı humanitar vəziyyətin tezliklə nizamlanması, o cümlədən qaçqınların evlərinə qayıtması, həmçinin Türkiyə və Rusiyanın Müdafiə Nazirliklərinin ikitərəfli fəaliyyəti məsələlərini nəzərdən keçiriblər. Avqustun 24-də isə onlar və Türkiyə Milli Kəşfiyyat Təşkilatının direktoru Hakan Fidan Suriyada vəziyyətin sabitləşməsi və hər iki ölkənin hərbi-texniki əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, sentyabrın 7-də Suriya münaqişəsinin nizamlanmasına həsr olunan üçtərəfli Türkiyə-İran-Rusiya sammiti keçiriləcək. Tehranda baş tutacaq sammit Suriya böhranının nizamlanması üzrə bu formatda keçiriləcək üçüncü görüş olacaq. Türkiyə, İran və Rusiya prezidentləri ilk dəfə ötən il noyabrın 22-də Soçi şəhərində bir araya gəlmişdilər. Bu formatda növbəti sammit isə bu il aprelin 4-də Ankarada keçirilmişdi. Onun nəticələrinə əsasən, yüksək səviyyədə görüşləri davam etdirmək niyyətini ifadə edən birgə bəyanat qəbul olunmuşdu.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31