Şəhərin meri naməlum şəxslər tərəfindən qətlə yetirilib

Filippində naməlum şəxslər Sebu əyalətinin Ronda şəhərinin merini güllələyərək qətlə yetiriblər.

Bu barədə "The Philippine Star" qəzeti polisə istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, dörd nəfər sentyabrın 5-nə keçən gecə mer Mariano Blankonun ofisinə girərək əməkdaşları yerə uzanmağa məcbur ediblər. Atəş səslərindən sonra həmin şəxslər hadisə yerini dərhal tərk ediblər. Polis meri aşkar edən zaman o, tamamilə qan içində olub.

Qəzet xatırladır ki, mer Prezident Rodriqo Dutertenin qeyri-qanuni narkotiklərin dövriyyəsində ittiham etdiyi yerli məmurlardan biri olub.

İyulda Filippində iki şəhərin meri qətlə yetirilmişdi. Əvvəllər narkotik maddələrin dövriyyəsində şübhəli bilinənlərin iştirakı ilə utancverici nümayişin təşkilatçısı, Tanavan şəhərinin meri Antonio Xalili dövlət himnini ifa edən zaman güllələnmişdi. General Tinio bələdiyyəsinin meri Ferdinanado Bote isə Filippinin Nueva-Esiha əyalətində avtomobili idarə edərkən öldürülmüşdü.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31