Yaponiyada “Cebi” tufanı nəticəsində üç nəfər həlak olub
4 Sentyabr 2018 17:24 DünyaYaponiyada "Cebi" tufanı nəticəsində üç nəfər həlak olub, təqribən 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Həlak olanlar barədə məlumat Osakadan daxil olub. Eyni zamanda, burada 110-dan çox xəsarət alan var. Vakayama prefekturasında 15, Kiotoda 11, Narada 5, Hyoqo prefekturasında isə 9 nəfərin xəsarət aldığı bildirilir.
Osakada tufan zamanı çəkilən videolarda əyləncə parkında küləyin "Çərxi fələk" karuselini necə sürətlə fırlatdığı, tikinti materiallarının ətrafa səpələndiyi, küçlərdə avtomobillərin çevrildiyi aydın görünür.
Kyodo agentliyinin yaydığı məlumata görə, avtomobil hərracında baş verən yanğın nəticəsində 100-ə yaxın maşın yanıb.
"Cebi"nin 1993-cü ildən bəri Yaponiyaya yaxınlaşan ən güclü tufan olduğu bildirilir. Yaponiya Mərkəzi Meteorologiya Agentliyinin məlumatına əsasən, tufanın sürəti saatda 60 kilometrə, şiddətlə əsdikdə isə saatda 216 kilometrə çatır. Onun mərkəzində atmosfer təzyiqi 955 hektapikselə və ya 716 millimetr civə sütununa bərabərdir.
Tufan nəticəsində Yaponiyanın Osaka şəhərində yerləşən "Kansay" beynəlxalq aeroportunun uçuş-enmə zolağı, dayanacaqlar və yeraltı mərtəbə su altında qalıb. Aeroprot ərazisində küləyin sürəti saatda 209 kilometrə çatır.
Küləyin lövbərdən qopararaq yerindən oynatdığı tanker "Kansay" aeroportunu quru ərazi ilə birləşdirən tökmə körpüyə çırpılıb. Tankerdə 11 nəfərin olduğu və onların xəsarət almadığı bildirilir. Lakin tanker körpüdə hərəkətin dayanmasına səbəb olduğundan, aeroportda 100-ə yaxın insan blokadaya düşüb.
Güclü külək Şikoku adasından Hönşü adasına doğru hərəkət edən yük maşınını da aşırıb. Xoşbəxtlikdən maşın dənizə düşməyib və hadisə nəticəsində xəsarət alan yoxdur.
"Cebi" tufanı səbəbindən Yaponiyanın qərbində 700-dən çox aviareys təxirə salınıb, qatarların hərəkəti dayandırılıb, Osaka şəhərində isə parklar bağlanıb.
"Toyota" konserni bütün ölkə üzrə, o cümlədən Aiçi, Fukuoka və Miyaqi prefekturalarında yerləşən 14 zavodunda gecə növbəsində işi dayandırıb. Osaka və Kioto şəhərlərində mağazalar işləmir.
Yaponiyanın tufanın keçdiyi ərazilərində təqribən 300 min sakin təxliyə xəbərdarlığı alıb.
Son aylar qərbi Yaponiya hava şəraitinin pisləşməsindən çox əziyyət çəkib. İyulda tufan nəticəsində baş verən torpaq sürüşmələri və daşqınlar zamanı 220 nəfər həlak olub.
Azərtac