Yaponiya “Qafqaz təşəbbüsü” ilə çıxış edib

"Yaponiya Cənubi Qafqaz regionu ilə əməkdaşlığı dərinləşdirmək istəyir". 

Bunu Yaponiyanın xarici işlər naziri Taro Kono Tbilisidə gürcü həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Gürcüstana səfərim çərçivəsində Yaponiyanın "Qafqaz təşəbbüsü" irəli sürüldü. Təşəbbüs iki istiqamətdən ibarətdir. Birinci istiqamət dövlət quruculuğu üçün insan resurslarının inkişafına, ikincisi isə Qafqazın iqtisadi cəhətdən cəlbedici olması üçün dəstəkdən ibarətdir. Bu istiqamətə infrastrukturun inkişafına dəstək və biznes mühitin yaxşılaşdırılması daxildir", - o deyib.

T.Kano qeyd edib ki, Qafqaz regionunda sabitlik yalnız Gürcüstan və onun qonşuları üçün deyil, bütün dünya ictimaiyyəti üçün də vacibdir: "Qafqaz bölgəsi Asiya, Avropa və Yaxın Şərqi birləşdirir. Qafqazda sabitlik yalnız region üçün vacib məsələ deyil, həmçinin beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyi üçün də önəmlidir".

D.Zalkaliani, öz növbəsində, Yaponiyanın "Qafqaz təşəbbüsü"nü dəstəklədiyini söyləyib: "Tbilisi Tokio ilə əməkdaşlığın yeni mərhələsinə hazırdır. Yaponiyanın regionla bağlı təşəbbüsünü dəstəkləyirik və fəal əməkdaşlığa hazırlığımızı ifadə edirik".

Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Taro Kono sentyabrın 5-6-da Azərbaycana rəsmi səfər edəcək.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31