Ermənilər seçim qarşısında
3 Sentyabr 2018 14:45 DünyaNikolun sonu yaxınlaşır
Ermənistanda aprel inqilabından sonra hələ də ictimai-siyasi gərginlik qalmaqdadır. İnqilab yolu ilə hakimiyyəti ələ alan Nikol Paşinyan ötən müddət ərzində xalqa verdiyi heç bir vədi reallaşdıra bilmədiyindən ona olan etimad və inam da nəzərə çarpacaq dərəcədə azalır. Hətta Nikoldan narazıların sayı da getdikcə artmaqdadır. İnqilabçı baş nazirdən ən çox narazı olan Qarabağ klanıdır ki, onları da Nikol cəzalandırmaq yolu tutub. Serj Sərkisyan, Robert Köçəryan və Qarabağ klanının digər üzdə olan siyasilərinin başı üzərində dolaşan qara buludlar Paşinyanın mövqelərini bir qədər möhkəmlətsə də, lakin sadə xalq arasında baş nazirin imici sürətlə aşağı düşməkdədir. Elə bu səbəbdəndir ki, qarşıdan gələn parlament seçkilərində Paşinyanın ciddi itkilərə məruz qalacağı və seçkilərdə rəqiblərinə uduzacağı bildirilir. Nikol Paşinyanın mövqelərinin zəifləməsinə səbəb olan amillərdən biri də inqilabçı baş nazirin diplomatik sahədə üzləşdiyi uğursuzluq, eyni zamanda Rusiya ilə münasibətləri korlamasıdır. Hər halda hazırda Paşinyanın əsas rəqibi sayılan Robert Köçəryana ad günü münasibətilə şimal qonşumuzdan gələn təbrik zəngi belə deməyə əsas verir. Bütün bunları nəzərə alan ekspertlər də hesab edirlər ki. baş nazir Nikol Paşinyanı heç də yaxşı sonluq gözləmir.
Elə müstəqil ekspert Zeynal Əmralıyev də bu qənaətdədir. O, bildirib ki, Ermənistanda artıq 4 aylıq bir müddətdir Nikol Paşinyan başçılıq etdiyi hökumət iqdidardadır. Onun sözlərinə görə, yeni hökumıət inqilab hökuməti hesab olunsa da və inqlabi dəyişikliklər edəcəyi gözlənilsə də bütün ümidləri boşa çıxardı: "Paşinyan daxildə heç bir demokratik dəyişikliyə getmədi. Əksinə, yeni vəzifəyə gələn hökumət üzvləri cəmiyyətin tanımadığı və öz sahələrindən anlayışı olmayan insanlardır. Onların böyük əksəriyyətinin Soros Fonduna bağlı olması isə diqqət çəkən başqa bir məsələdir. Nikol Paşinyan 4 aydır ki, öz hakimiyyətindən daha çox köhnə problemlərini həll etmək üçün istifadə edir. Paşinyana əsas rəqib kimi keçmiş prezidentlər Robert Köçəryan və Serji Sərkisyan, həmçinin Qarabağdakı seperatçıların lideri Bako Saakyan kimi görsənsə də, əslində Nikol Paşinyan üçün kölgədə qalan və toxuna bilmədiyi çox böyük bir rəqib var. Prezident Armen Sarkisyan". Ekspert bildirib ki, son zamanlar baş nazirin əleyhdarları prezidentin ətrafında cəmləşməyə başlayıb: "Təsadüfi deyil ki, ölkədə artıq bir müddətdir baş nazirin səlahiyyətlərinin bir hisssəsinin prezidentə verilməsi barədə təkliflər səsləndirilir. Əslində anti-paşinyançıların Serj Sərkisyanın yanında yer alması ağıllı işdir. Baş nazir nə qədər demokratik görsənsə də, rəqiblərini həbs edib yox edəcək qədər də avtoritar bir siyasətçidir. Erməni millətçiləri və cəmiyyətdə hörməti olan erməni ziyalıarı da Paşinyana müsbət imiclə baxmır. Həqiqətən də Paşinyanla Armen Sarkisyanı müqayisə etdikdə aralarında çox böyük fərq var. Biri yüksək təhsil görüb, geniş biznesi var, həm Rusiyada, həm Qərbdə güclü tanışlıq əlaqələrinə malikdir, yüksək vəzifələrdə işləyib, ölkənin baş naziri olub, mühüm diplomatik görəvlərdə çalışıb, əsası xalqla rəftarı yaxşı bilir, digəri isə keçmiş müxalif jurnalistdir, işi-gücü iqdidarı söyüb mitinq meydanlarında döyülmək olub. Sadə xalqın da artıq Nikola olan etimadı azalıb. 4 aylıq bir dövrdə ölkədə müsbətə doğru heç bir dəyişiklik baş verməyib. İqdisadiyyatdakı çöküş davam edir, Ermənistanın Rusiya ilə münasibətləri pozulub, Azərbaycanla danışıqlar dondurulmuş vəziyyətdədir, Qarabağdakı seperatçılarla İrəvan arasında böyük üçürum yaranıb, ölkə daxili siyasi böhranın təlatümündədir. Ermənilər bir növ indiki hökmətlə keçmiş hökumətlərin savaş dövrünü yaşayırlar. Kimin qalib gələcəyi isə qeyri-müəyyəndir. Çünki bir qrup Kremldən, bir qrup isə Ağ Evdən dəstək alır. Belə olan halda insanların prezidentin ətrafında cəmləşməsi anlaşılandır". Zeynal Əmralıyev deyib ki, Nikol Paşinyan Armen Sərkisyana hazırki vəziyyətdə heç nə edə bilməz: "Baş verəcək yeni seçkilərdə Sərkisyanın fərqli siyasi qüvvələrlə ittifaqı Nikol Paşinyanın sonu ola bilər. Zənnimcə, prezident parlament seçkilərində Daşnaksütyun Partiyası və İrs Bloku ilə gizli sövdələşməyə girə bilər. Paşinyanın hökumətinin devrilməsində Respublikaçılar və Firavan Ermənistan Partiyaları da maraqlıdır. Paşinyanın sonunu gətirmək isə yalnız tərəflərin iş birliyi sayəsində olacaq. Bu hərakata rəhbərlik edəcək şəxs isə Armen Sərkisyandır. Tək şərti isə prezident səlahiyyətlərinin çoxaldılması olacaq. Düzdür, müxaliflərdən qabaq Paşinyan da Armen Sərkisyanla razılığa gələ və səlahiyyətlərinin bir hissəsini ona verə bilərdi. Ancaq o, bundan imtina etdi və bu yaxınlarda etdiyi açıqlamada səlahiyyətlərindən ancaq parlamentin xeyrinə əl çəkə biləcəyini bildirdi".
Məhəmməd