Çexiya XİN rəhbəri vəzifəsinə namizədlə bağlı mübahisələr səngimir
31 Avqust 2018 14:08 DünyaÇexiya Sosial-Demokrat Partiyasından (ÇSDP) ölkənin xarici işlər naziri vəzifəsinə namizəd Miroslav Poqe partiyanın rəhbərliyini cümə günü, avqustun 31-də onun namizədliyi barəsində "qəti qərar" qəbul etməyə çağırıb.
Bu gün ÇSDP-nin Mərkəzi İcraiyyə Komitəsinin iclası keçiriləcək. Poqe deyib: "Mən istərdim ki, İcraiyyə Komitəsinin üzvləri bu mövzunu müzakirə etsinlər. Onlar ya mənim namizədliyimi təsdiq etməli, ya da bu vəzifəyə başqa bir adamı təklif etməlidirlər".
novinky.cz saytında yayılmış məlumata görə, ÇSDP lideri, xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Yan Qamaçek Poqenin namizədliyi məsələsinə oktyabr ayında keçirilməsi nəzərdə tutulan yerli özünüidarə orqanlarına və senata seçkilər başa çatandan sonra baxılmasını təklif etmək niyyətindədir.
Bununla bərabər, Qamaçek təsdiq edib ki, Miroslav Poqe ölkənin xarici siyasət idarəsinin başçısı vəzifəsinə sosial demokratların yeganə namizədi olaraq qalır.