Tramp “Ərəb NATO-su” yaradır

Tramp administrasiyası Yaxın Şərqdə təhlükəsizliyin təmini üçün yeni Yaxın Şərq Strateji Alyansının (MESA) formalaşdırılmasına başlayıb.

"Defens Nyus" yeni yaradılacaq alyansın qeyri-rəsmi olaraq "Ərəb NATO-su" adlanacağını qeyd edib. Alyans yaranacağı təqdirdə öz tərkibində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman, Bəhreyn, Misir və İordaniyanı birləşdirəcək. Alyans ümumilikdə terrorizm və ekstremizmə qarşı fəaliyyət göstərəcək, Yaxın Şərqdə stabilliyi gücləndirməyə yardım edəcək, xüsusilə, İran aqressiyasına qarşı mübarizə aparacaq.

Qəzet alyansın hədəflərinin rəsmi olaraq oktyabrın 12-də Vaşinqtonda keçiriləcək Fars körfəzi ölkələrinin sammitində elan ediləcəyini yazıb:

"Ərəb dövlətlərinin birliyinin yaradılması ideyası 2011-ci ildə ərəb baharının başlanmasından az öncə meydana çıxıb. Vaşinqton bu ideyanın gerçəkləşdirilməsi işinə 2015-ci ildə cəhd edib, lakin Obama administrasiyasının Yaxın Şərqdə ABŞ-ın hərbi mövcudluğunu azaltmaqla bağlı addımlar atması bu ideyanın gerçəkləşməsinə mane olub. Hazırkı administrasiyası bu regiona sələfindən daha çox maraq göstərir. Üstəlik, ABŞ-ın İranla münasibətlərinin pisləşməsi yeni administrasiyaya "Ərəb NATO-su"nun yaradılmasını dəstəkləməyə imkan verir".

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31