Hindistanda silahlı şəxslər polis patruluna hücum ediblər
29 Avqust 2018 17:47 DünyaAvqustun 29-da Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında bir qrup silahlı şəxsin polis patruluna hücumu nəticəsində azı 4 nəfər həlak olub. Həlak olanların biri polis zabitidir.
Hücum Şopian dairəsinin eyni adlı administrativ mərkəzindən iki kilometr məsafədə baş verib. Polis patruluna pusqu qurulub və avtomatik silahlardan atəş açılıb. Hücum edənlər daha sonra öldürülən polislərin xidməti silahlarını götürərək hadisə yerindən uzaqlaşıblar.
Regionda fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.
Cammu və Kəşmir ştatında müstəqillik və ya Pakistana birləşməyi tələb edən silahlı qruplar aktiv fəaliyyət göstərir. Bu bölgədə Hindistan və Pakistan arasında rəsmi sərhəd yoxdur və iki ölkənin ordusunu bir-birindən nəzarət xətti ayırır. Nyu-Dehli Pakistan hökumətini silahlı qrupları dəstəkləməkdə ittiham edir. İslamabad isə öz növbəsində ittihamları rədd edərək Kəşmir əhalisinin öz hüquqları uğrunda mübarizə apardığını bildirir.