Rusiya dünya savaşına hazırlaşır - Felgenhauerdən şok

"Şərq-2018" hərbi təlimi Rusiyanın Mərkəzi və Şərq Hərbi Dairələrində keçiriləcək. Bu isə o deməkdir ki, Kreml aktiv şəkildə dünya müharibəsinə hazırlaşır.

Bunu "Apostrof" saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

"Bu təlim hər kəsin hazırlığı, yəni Rusiyanın birbaşa dünya müharibəsinə hazırlığı deməkdir. Rusiya rəsmi olaraq artıq beş ildir ki, tezliklə başlayacaq dünya müharibəsinə hazırlaşır. Rusiya Baş Qərargahı tərəfindən təhdidin dəyərləndirilməsi belədir: müharibə təhdidi artır, ya qlobal nüvə, ya da ümumavropa səviyyəsində böyük regional müharibələr olacaq.

Rusiya hərbçiləri hər tərəfdən hücumun olacağını təxmin edir, bütün istiqamətlərdə müdafiə perimetri quraşdırırlar. Lakin əsas düşmən yenə də ABŞ, eləcə də onun müttəfiqləri və Ukrayna kimi "peykləri"dir. Səfərbər edilmiş qüvvələrin sayından (300 min nəfər) aydındır ki, bu, qlobal müharibəyə hazırlıqdır. Hansısa lokal konflikt üçün bu qədər insan gərəkli deyil.

Bu, 300 minlik qrupun irəliləmə, səfərbərlik və təchizat imkanlarını öyrənmək üçün hazırlıqdır. Fikrimcə, gələn il Qafqazda artıq buna bənzər təlim 400 min nəfərlə keçiriləcək. Keçən ilki "Qərb" təlimində də 300 mindən çox hərbçi iştirak etmişdi. Doğrudur, sonra rəsmi rəqəmlərdə başqa şeylər əks etdirildi. Buna qədər keçirilən "Qafqaz-2016" təlimində isə say 223 min nəfər idi. Yəni say artmağa başlayır.

Bu cür böyük strateji təlimlərdə başlıca məqam səfərbərlik və lojistikanın işlənməsidir. Qeyd etmək lazımdır ki, bu təlim SSRİ-nin ən böyük təlimi "Qərb-1981"dən daha genişmiqyaslıdır. SSRİ də o zaman bu təlimi hər an dünya müharibəsi başlaya bilər təxminləri əsasında gerçəkləşdirmişdi.

Rusiya artıq 500 ildir yalnız "müdafiə xarakterli" fəaliyyət həyata keçirir. Ona görə də Rusiya ərazisindəki "ədalətli və müdafiə" xarakterli müharibələr nəticəsində kiçik Moskva knyazlığının ərazisi 50 dəfə artıb. Kreml üçün ən yaxşı müdafiə hücumdur" - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31