İsrail Qəzza sektoru ilə sərhəddəki “Erez” nəzarət-buraxılış məntəqəsini açıb
27 Avqust 2018 14:22 Dünyaİsrail avqustun 27-də Qəzza sektorunun şimal sərhədində yerləşən və fəaliyyəti sərhədyanı rayonlarda başlayan kütləvi iğtişaşlar səbəbindən avqustun 19-da dayandırılan "Erez" nəzarət-buraxılış məntəqəsini açıb.
Avqustun 26-da İsrailin müdafiə naziri Aviqdor Liberman Fələstinin sahilyanı anklavı ilə sərhəddə nisbi sakitliyi yaranması ilə əlaqədar "Erez" nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edib.
Qəzza sektorunun şimal hissəsində yerləşən "Erez" nəzarət-buraxılış məntəqəsi, əsasən humanitar məqsədlər üçün anklava gedən rəsmi nümayəndələrin, jurnalistlərin və İsrail hökumətinin icazəsi ilə tibbi məqsədlərlə İsrailə gələn fələstinlilərin keçidi üçün fəaliyyət göstərir. Avqustun 15-də İsrail Qəzza sektoru ilə sərhəddə yük daşımaları üçün istifadə olunan "Kerem-Şalom" nəzarət-buraxılış məntəqəsini də açmışdı.
Xatırladaq ki, fələstinlilərin martın 30-dan etibarən sektorun sərhəd rayonlarında "Qayıdış marşı" çərçivəsində təşkil etdikləri aksiyalar müntəzəm toqquşmalar və iğtişaşlarla müşayiət olunur.
azertac