Köçəryan Paşinyanı zəif yerindən vurur
21 Avqust 2018 12:18 DünyaErmənistanın inqilabçı baş naziri Nikol Paşinyan getdikcə Azərbaycanın radikal siyasi düşərgəsinin hərəkətləri, fəaliyyətini özündə əks etdirir. Necə ki, Azərbaycanın radikal müxalifəti 90-cı illərin əvvəllərində inqilab yolu ilə hakimiyyəti zəbt etdi, eyni ilə Nikol Paşinyan da cari ilin aprel ayında başlamış olduğu inqilabla uzun illər Ermənistanı idarə edən Qarabağ klanını hakimiyyətdən uzaqlaşdıraraq idarəçiliyi ələ aldı. Amma, ötən müddət ərzində Paşinyan nə siyasi, nə iqtisadi, nə də sosial və hərbi, eləcə də diplomatik sahədə heç bir uğura imza ata bilmədi. Əksinə bir-birinin ardınca üzləşdiyi uğursuzluqları elə meydan ab-havasına, Azərbaycanın radikal siyasi düşərgəsinə xas şəkildə həll etməyi qərarlaşdırdı. Necə ki, Azərbaycanın radikal siyasi düşərgəsi 90-cı illərin əvəllərində hakimiyyəti zəbt edərkən yaxın perspektivdə özünə alternativ olan qüvvələri qeyri-sivil yollarla sıradan çıxarmaq yolu tutdu, eləcə də Paşinyan ona əsas rəqib olan Qarabağ klanı ilə haqq-hesab çəkməli oldu və Köçəryan, Sərkisyan kimi ciddi siyasi fiqurlar barədə hüquqi zəmində ölçü götürüldü. Paralel olaraq Paşinyan azalmaqda olan siyasi nüfuzunu meydan eyforiyasına uyğun şəkildə qaldırmaq yolunu seçdi. Elə onun avqustun 17-nə təyin etdiyi mitinq də məhz buna hesablanmışdı. Elə əksər ekspertlər də belə qənaətdədirlər ki, Nikol Paşinyanın 17 avqust mitinqi iki məqsədə xidmət edirdi. Birincisi, vurub sıradan çıxardığı rəqibləri barədə cəmiyyət arasında daha çox mənfi rəy yaratmaq, onları hətta erməni xalqına xəyanətdə ittiham etmək, ikincisi, aprel inqilabından bəri azalmaqda olan siyasi nüfuzunu, imicini bu yolla qaldırmaq. Elə Paşinyanın məlum mitinqdə sələflərinin Qarabağın Azərbaycana qaytarılması barədə sənədlərə malik olduğunu açıqlaması da belə deməyə əsas verir.
Millət vəkili Sahib Alıyev də deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 17 avqust mitinqində etdiyi çıxışında əlində sənədlər olduğunu və həmən sənədlərə dayanaraq sələflərinin "Dağlıq Qarabağı Azərbaycana vermək" istədiklərini açıqladı. Millət vəkilinin sözlərinə görə, beləliklə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin torpaq bütünlüyümüzün heç vaxt danışıqlar predmeti olmadığı haqda dediklərini hayların liderləri də təsdiqləmiş oldu: "Sələfləri aydındır, bəs Paşinyan necə, öz təbirincə desək, "Dağlıq Qarabağı Azərbaycana verməyə" hazırdırmı? "Bunu mən yox, erməni xalqı həll etməlidir" sözlərindən görünür ki, bəli, o da işğalın gec-tez başa çatacağı düşüncəsindədir. Təbii ki, haylar Dağlıq Qarabağı bizə verə bilməzlər. Çünki bir şeyi başqasına vermək üçün o sənin olmalıdır. Dağlıq Qarabağ isə heç zaman hayların olmayıb, olmayacaq da. Dağlıq Qarabağ bizə verilməyəcək, onu qaytaracağıq. Paşinyanın mitinqdəki çıxışı hətta artıq hay elitasının belə bunun qaçılmazlığını dərk etdiyini və onların psixoloyi baxımdan ona hazır olduğunu ortaya qoyur. Önəmli olan da budur".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyir ki, Ermənistanın baş naziri Nikol Paşiyanın avqustun 17-də İrəvanda keçirdiyi mitinq inqilabçı baş nazirin hakimiyyətdə olduğu 100 günə həsr olunmuşdu: "Ermənistanın baş naziri Nikol Paşinyan 17 avqust mitinqi ilə həm müxalifətə, həm də ondan narazı olan Moskvaya gücünü göstərdi. Mitinqə on minlərlə insan qatılmışdı. Ancaq mitinq rerursu Paşinyanın gücünu heç də artırmır". Politoloqun sözlərinə görə, Nikol Paşinyanın mövqeyinin güclənməsinə 3 amil mane olur: "Birinci amil, onun parlamentdəki mövqeyinin zəifliyidir. O güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə prosesduruna başlamasını təklif etməsi yetərlidir ki, Nikol Paşinyan baş nazir kreslousunu itirsin. Məsələn Respublika Partiyası və Daşnaksütun Partiyası 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi eks-prezident Robert Köçəryanı dəstəkləyir.
İkinci amil, Nikol Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə və media resursuna malik olmasıdır. Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq administrativ resurs hələ onun xeyrinə deyil. Məsələn Robert Köçəryan həbsdən azad olunan kimi onun Daşnaksütun Partiyasının televiziyasında müsahibəsinə şərait yaradıldı. Və ya məlum oldu ki, Köçəryanı həbsdən azad edən hakim vaxtilə Prezident Administrasiyasında onun işçisi olub". Elxan Şahinoğlu deyir ki, üçüncü amil Rusiyadır: "Robert Köçəryan Nikol Paşinyanı zəif yerindən vurur. Köçəryan Paşinyanın "Rusiya Ermənistndakı yeni şərtlərə adaptasiya olunmalıdır" sözlərini kəskin tənqid edərək Rusiyaya xoş gəlsin deyə bilə bir ifadə işlədib: "Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunmalıdır". Köçəryanın Moskvaya daha çox yaxınlığı Paşinyanın problemlərini artıracaq. Paşinyanın hazırki reytinqi hələ ki, yüksəkdir. Ancaq onun əlində iqtisadi islahatları dərinləşdirmək üçün resursları azdır, əngəllər isə çoxdur. Ermənistanda növbədənkənar parlament seçkisi 2019-cu ilin may ayında keçiriləcək. Həmin tarixə qədər Paşinyana olan dəstək azala da bilər".
Süleyman
Начало формы