Suriyada açılan iki cəbhə
Suriyada hər ötən gün vəziyyət daha da drammatik xarakter alır. Dəməşqə qonşu ölkələrin bu ölkədə təhlükəsizliyi təmin etmək məqsədilə atmış olduğu addımlar da nəticəsiz qalır.
12 Aprel 2018 15:52 DünyaVə bu ölkədə cərəyan edənlərin regiona mümkün təsirləri
Suriyada hər ötən gün vəziyyət daha da drammatik xarakter alır. Dəməşqə qonşu ölkələrin bu ölkədə təhlükəsizliyi təmin etmək məqsədilə atmış olduğu addımlar da nəticəsiz qalır. Ən son Ankarada baş tutan Türkiyə-Rusiya-İran üçlü zirvəsi də Suriyada sülh yaratmaqda aciz görünür. Bu arada onu da qeyd etmək lazımdır ki, Suriyada vəziyyətin nizama salınmamasının başlıca səbəblərindən biri də beynəlxalq güclərin, xüsusilə Rusiya və Birləşmiş Ştatların bu ölkədə nəzarəti ələ keçirmək məqsədilə apardığı mübarizədir. Rusiyanın Əsəd rejiminə, Qərbin, Birləşmiş Ştatların isə Suriyadakı müxalif güclər və burada terrorçu qruplaşmalara dəstək nümayiş etdrməsi hər gün yüzlərlə suriyalının həyatına son qoyur. Vəziyyətin bu şəkil alması yaxın perspektivdə də Suriyada sülhün bərqərar olacağına ciddi şübhə yaradır. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki. Suriya üzrə Türkiyə, Rusiya və İran dövlət başçılarının Türkiyədə görüşündən sonra Dəməşq yaxınlığında Şərqi Qutanın müxaliflərin nəzarəti olan hissəsində kimyəvi silahın işlədilməsi müəyyən suallar doğurur. Politoloq bildirib ki, Şərqi Qutanın böyük bir hissəsi müxaliflərdən azad edilib. Burada Əsədə bağlı qüvvələrin irəlləməsi, Qutanın tam nəzarətə alınması müəyyən maraqlı gücləri narahat edir: "Çünki, Şərqi Qutanın nəzarətə alınması Əsədin və Rusiyanın qalibiyyətini şərtləndirəcək. İndiki situasiyada Əsədin Şərqi Qutada kimyəvi silahın işlətməsi inandırıcı görünmür. Onsuz da bu bölgədə rejim gücləri Rusiyanın dəstəyi ilə irəlləyir. Həmçinin Əsəd kimyəvi silahı işlətməsinin və bunun hansı nəticələrə gətirib çıxaracağını çox gözəl bilir. Eləcə də Qərbin mövqeyini bildiyi üçün ABŞ-ın əlinə şans verməz. Artıq, Şərqi Qutada kimyəvi silah işlənib. Burada Əsədi günahkar çıxarıblar". Məhəmməd Əsədullazadə onu da deyib ki, hazırda Əsədə qarşı yeni ssenari masadadır: "BMT bununla bağlı toplanır. Məlum olub ki, Əsədə aid hərbi aviasiya hissəsi Aralıq dənizindən raket atəşinə tutulub. Və, bundan sonra İŞİD Xüms şəhərinə hücum edib. Hərbi aviasiya polkunun hansı ölkənin vurduğu qeyd edilmir. Onu da qeyd edim ki, Ərdoğan, Putin və Ruhaninin Türkiyə görüşü və Suriya üzrə sülhün əldə edilməsi istiqamətində aparılan müzakirələr Qərb tərəfindən qəbul edilmir və təzyiqlə qarşılanır: "Şərqi Qutada məhz kimyəvi silahın işlədilməsi bununla bağlıdır. Qeyd edim ki, Əsəd Suriyada legitimliyini itirib və bu ölkınin dağıdılmasına səbəb olan siyasət aparıb.
Suriya üzrə iki cəbhə formalaşıb. ABŞ-ın rəhbərliyi ilə Qərb bloku, Rusiyanın rəhbərliyi ilə Şərq cəbhəsi. Bu, iki blok arasında Suriya üzərində müharibə yeni fazaya keçir. Burada əsas qələbə şansı Qərb cəbhədindədir". Onun sözlərinə görə, ABŞ və Rusiya arasında Suriya üzrə cərəyan edən siyasi-iqtisadi toqquşma müharibə riskini artırır: "İki ölkənin Suriyada qarşı-qarşıya hərbi qarşıdurması yaxındır və proseslər öz ciddiyyətini qoruyur. Vaşinqton və Moskvanın artıq regional münaqişələrin həllində birgə formatda çalışması mümkün görünmür. İki ölkə regional nüfuz uğrunda toqquşmaya hazır vəziyyətdədir. Azərbaycan üçün əsas maraqlı tərəfi isə iki ölkənin ATƏT-in Minsk qrupunda bundan sonra əməkdaşlığı hansı istiqamətdə davam etməsidir. Qeyd edim ki, Kreml və Ağ Evin Qarabağ münaqişəsinin həllində Minsk qrupunda birgə fəaliyyəti ziddiyətli olacaq. Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ konfliktinin həllində 2011-ci il Kazan formuluna qayıtmağı ehtiva etməsi, Kremlin münaqişənin həllini Fransa və ABŞ-ın iştirakı olmadan yenidən öz moderatorluğuna almağının mesajıdır.
Moskva çalışacaq ki, ABŞ və Fransa Minsk qrupunun fəaliyyətində fəal olmasın və danışıqlar öz nəzarətində aparılsın. Qeyd edim ki, yeni regional şərtlərin dəyişməsi fonunda Minsk qrupunda olan üç həmsədr kimi ölkələr siyasi münaqişədədir və onların birgə formatda çalışması mümkün deyil. Rəsmi Bakı üçün münaqişənin həllini sürətləndirmək üçün ilk növbədə Ermənistana hərbi təzyiqləri artırmalı, Minsk qrupunun fəaliyyətini və prezidentlərin növbəti görüşündən nəticələr gözləməməlidir". Politoloq onu da deyib ki, regionda siyasi-hərbi konfontrasiya yeni müstəviyə daxil olub: "Qarabağ danışıqlarında ənənəvi diplomatiyadan imtina edib, hücum diplomatiyasına keçmək zamanıdır. Çünki, rəsmi Yerevan çalışacaq ki, yeni prezident vasitəsilə Qərbdən, baş nazir Serj Sarkisyan isə Moskvadan dəstək alsın. İki meydançada oyun oynamağa çalışacaq Yerevanın bu siyasətinin qarşısını almaqda rəsmi Bakı diplomatik səylərini artırmalıdır".
Süleyman