İsrail və Amerika İranla “gizlənpaç” oyununu bitirmək istəyir

Netanyahu və Tramp İrana hücum edəcəklərmi?

Məlum olduğu kimi Netanyahu ilə Trampın Vaşinqtonda sayca beşinci görüşü baş tutub. Kütləvi informasiya vasitələri üçün birifinq zamanı qızı və yeznəsi ortodoksal yəhudi icmasına məxsus olan ABŞ Prezidenti Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasiminə qatılacağının mümkünlüyünü bildirib. İkitərəfli münasibətlərə toxunan Tramp bəyan edib ki, indi iki dövləti onların tarixi boyu mövcud olan ən sıx əlaqələr birləşdirir. Görüşə toxunan İsrail dövlətinin başçısı isə məlumat verib ki, danışıqlar İranın Orta Şərqdə aqressiyasına və xüsusilə, Tehranın nüvə proqramına həsr olunub. İsrailin Baş Nazirini İranın hərbi birləşmələrinin Suriyadakı İsrailin yaxınlığında yerləşən ərazilərdə möhkəmlənməsi xüsusilə narahat edir. Onu da qeyd edək ki, görüşün 75 dəqiqə nəzərdə tutulmasına baxmayaraq iki saata qədər uzanıb. Maraqlıdır, sözügedən görüş qarşıdakı proseslərə necə təsir göstərə bilər?
Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Netanyahunun Amerika Birləşmiş Ştatlarına səfəri onun bir sıra Avropa liderləri ilə təmaslarından sonra baş tutub: "Məsələ orasındadır ki, Netanyahu, eləcə də yəhudi cəmiyyəti artıq başa düşüblər ki, amerikalılar İsrailin təhlükəsizliyinin onlar üçün prioritet məsələ olmasına baxmayaraq İranla müharibəyə başlamayacaqlar. Ona görə Baş Nazirə qlobal sionizmin təsiri altında olan Avropadakı qüvvələrlə məsləhətləşmələr aparmaq və onları öz tərəfinə çəkmək lazım idi.Təbii ki, qlobaı sionizmin vətəni Amerika deyil, Avropadır. Məhz buna görə Netanyahu Avropadakı nüfuzlu siyasətçilərlə bir sıra görüşlər keçirib. O, hətta bəzi ölkələrə mətbuata xəbər verilməyən məxfi səfərlər də edib". Onun sözlərinə görə, Netanyahunun qarşısında duran məsələlərdən biri o idi ki, amerikalılar Orta Şərqdə avropalılarla daha yaxın təmas halında hərəkət etsinlər. Nəticədə, mövcud ziddiyyətlərə baxmayaraq avropalılarla Amerika arasında ortaq məxrəc tapıldı: "Hər iki qüvvəni Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması məsələsi düşündürür. Hər iki tərəf hesab edirlər ki, Rusiyanın idarə və yardım etdiyi Əsəd rejimi Orta Şərqdə təhlükəli bir vəziyyət yaradır. Nə Avropa, nə də Amerika qanuni hakimiyyət olan Əsədlə birbaşa müharibəyə girə bilmirlər, başa düşürlər ki, bu Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olacaq. Belə olan halda İsrail köməyə gəlir. Hamıya məlumdur ki, yəhudilər təhlükəsizliyini təmin etmək üçün İraq, Suriya və İranla mübarizə aparırlar. Deməli, Avropa və Amerikanın qarşısında dayanan maneələr İsrail üçün mövcud deyil. Bundan başqa, İsraillə Rusiya arasında mövcud olan anlaşmaya görə, Putin yəhudilərin Suriyadakı bəzi fəaliyyətlərinə göz yummalıdır. Rusiya Amerika və Avropa qədər İsrailə acıqlı deyil və bu vaxta qədər onun bombardmanlarına ciddi reaksiya sərgiləməyib. Bu avantajlardan istifadə edən İsrail Suriyanın Hərbi Hava Qüvvələrini məhv etməyi öhdəsinə götürür"
Politoloq qeyd edib ki, Avropa- ABŞ- İsrail üçbucağı Suriyadakı əməliyyatla eyni vaxtda İrana qarşı da ümumi taktika seçirlər. Avropa İranla müharibədən çəkinir və hesab edir ki, bu arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Amerika isə yenə də İranla İsrailin əli ilə vuruşmaq və tətbiq etdiyi ciddi sanksiyalara avropalıların qoşulmasını istəyir. Burada da İsrail irəli çıxır. Suriyada Bəşər Əsədin qüvvələri ilə birlikdə İranın hərbi birləşmələri İsrail tərəfindən bombardmana məruz qalır. İranın ciddi müdaxiləsi halında İsrail qoşunları yenə də Amerika və Avropanın hərbi dəstəyi ilə İran sərhədini keçir. Döyüşlər artıq İran ərazisindədir. Rusiya ciddi etiraz edə bilmir və trio missiyalarını sona çatdırırlar: "Qurulan ssenaridə Moskvanın rolu bir qədər müəmmalıdır. Çünki onun Suriya və İrana qarşı, İsrail tərəfindən olsa belə, aparılan hücuma necə reaksiya verəcəyi məlum deyil. Rusiyanın fikrini öyrənmək üçün çox güman ki, Netanyahu yaxın günlərdə növbəti səfərini ora edəcək. Bu görüşdən asılı olaraq Orta Şərqdə hadisələrin yeni istiqamətdə inkişafı proqnozlaşdırılır.
Qaranlıq qalan təkcə Rusiyanın sərgiləyəcəyi münasibət deyil, eyni zamanda Türkiyə ilə bağlı məsələlərdir. Təbii ki, bu ölkəni hesabdan silmək mümkün deyil və onunla razılaşdırılmamış heç bir hərəkət uğur gətirə bilməz. Xüsusilə, "Zeytun Budağı" əməliyytına başlaması və onu uğurla davam etdirməsi Türkiyənin regionda heç də Rusiyadan zəif aktor olmadığını sübut edir. Düşünürəm ki, Türkiyə İran və Suriya ilə bu vaxta qədər apardığı siyasəti davam etdirəcək. Onun İranın və Suriyanın bombalanmasına seyrçi qalacağını düşünmək ən azından sadəlövhlük olardı".
Politoloq bildirib ki, Səudiyyə Ərəbistanının da gözlənilən münaqişədə rolu qeyri-müəyyəndir: "Məlum olduğu kimi İsrail və Amerika İranla bağlı gələcəkdə baş verə biləcək bütün münaqişələrdə bu Krallığı öz yanlarında görmək istərdilər və uzun müddətdir ki, bu istiqamətdə ciddi iş aparırlar. İndi məsələ ondan ibarətdir ki, Krallıq Amerkanın ona ayırdığı 430 milyard dollarlıq arsenaldan İrana qarşı istifadə edəcəkmi? Məlum olduğu kimi Səudiyyə də öz növbəsində İranla haqq-hesab çəkməyi çoxdan arzulayır və gözlənilən hadisələr onun üçün göydəndüşmə olardı. Amma Yəməndəki kiçik şiə qrupu ilə döyüşlərdə ciddi nailiyyət əldə edə bilməyən Vəliəhd İran kimi şıə dövləti ilə qrşı-qarşıya gələ biləcəkmi sualı hələ də düşünülən əsas məsələlədəndir. Hadisələrin digər ssenarilər üzrə inkişafı da gözləniləndir. Amma bir məsələ dəqiqdir ki, İsrail və Amerika İranla "gizlənpaç" oyunun bitirmək istəyir. Hər keçən gün İranın İsrailə daha da yaxınlaşması ilə yadda qalır. Amerika və İsrail fərqindədirlər ki, İranın qarşısı indi alınmasa sonra çox gec olacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31