ABŞ-ın Suriya kürdlərini dəstəkləməsinin arxasındakı gizli məqamlar
İkinci dünya müharibəsindən sonra ötən dövr ərzində Amerika Birləşmiş Ştatları ilə Türkiyə çox yaxın dostluq münasibətlərində olmuş və demək olar ki, bütün sahələr üzrə səciyyəvi əməkdaşlıq nümunəsi göstərmişlər. Amerika ilə münasibətlər Türkiyənin xarici siyasətində mühüm yer tutaraq iqtisadi, hərbi, təhlükəsizlik və hümanitar sahələri əhatə etmişdir.
28 Fevral 2018 15:40 DünyaTürkiyə ilə Amerikanın maraqları niyə üst-üstə düşmür?
İkinci dünya müharibəsindən sonra ötən dövr ərzində Amerika Birləşmiş Ştatları ilə Türkiyə çox yaxın dostluq münasibətlərində olmuş və demək olar ki, bütün sahələr üzrə səciyyəvi əməkdaşlıq nümunəsi göstərmişlər. Amerika ilə münasibətlər Türkiyənin xarici siyasətində mühüm yer tutaraq iqtisadi, hərbi, təhlükəsizlik və hümanitar sahələri əhatə etmişdir. Maraqlıdır, bəs hazırda iki dövlət arasında yaranan anlaşılmazlığın kökündə hansı amillər durur? Politoloq Əlimusa İbrahimov xatırladıb ki, Türkiyənin vaxtilə coğrafi baxımdan Sovet İttifaqı ilə sərhəddə yerləşməsi onu kommunizmin yayılmasının qarşısını alan maneyə çevirmişdi. Məhz bu amil Türkiyəni Amerikanın regiondakı digər müttəfiqlərindən fərqləndirirdi: "Türkiyə Amerika Birləşmiş Ştatları ilə eyni cərgədə qırmızı təhlükə hesab olunan kommunizmə qarşı mübarizə aparır, bununla da Amerika və NATO-nun raketləri və hərbi qüvvələrinə ev sahibliyi edirdi. Eyni zamanda, ABŞ-ın Orta Şərq və ona bitişik regionlardakı strateji maraqları Türkiyə vasitəsi ilə ciddi-cəhdlə qorunurdu. Sovet İttifaqının dağılması, kommunizm təhlükəsinin aradan qalxması bütün dövlətləri yeni reallıqlar qarşısına çıxardı. Prioritetlər dəyişdi və Amerikada hesab etməyə başladılar ki, onların Orta Şərq siyasəti üçün Türkiyə əvvəlki qədər əhəmiyyətli deyil. Ona görə də Türkiyəyə ayrılan rol qısaldılmağa başladı. Amerikanın region siyasətində İsrail və Səudiyyə Ərəbistanı daha irəli çəkildi."Ərəb baharı" adı verilmiş fəlakət uçurumu daha da dərinləşdirdi. İŞİD-in meydana gətirilməsi və bunun nəticəsində regionda məskunlaşan kürdlərə terror qrupları ilə mübarizədə xüsusi rol verilməsi ABŞ ilə Türkiyə arasındakı ziddiyyətləri kulminasiyaya çatdırdı. Türkiyə isə Amerikanın Şimali Suriyada kürdlərlə apardığı eksperimenti öz təhlükəsizliyi üçün ciddi hədə kimi görür. Onlar Kürdlərin Demokratik Birlik Partiyası (PYD) və onun silahlı qanadı olan Xalq Müdafiə Birliyini (YPG) PKK ilə birlikdə olan və İŞİD-ə bərabər terror qrupu hesab edirlər. ABŞ-ın kürdlərdən təşkil olunmuş Suriya Demokratik Qüvvələrinə (SDF) silah, sursat, hərbi təlim və digər sahələrdə yardımının arxasında gizlənən səbəblər Türkiyədə haqlı suallar yaradır. Daha dəqiq, ABŞ-ın kürdlərə yaxınlaşmasının əsas səbəbinin İŞİD-ə qarşı müharibə olması haqqında təqdim etdiyi uzahat Türkiyə tərəfindən yetərsiz hesab olunur".
Maraqlıdır, elə isə Amerikanın kürdlərə yardım etməsinin arxasında hansı səbəblər dayanır? Nəyə görə Amerika Türkiyə kimi dövlətlə maraqlarını kürd qruplaşması ilə münasibətlərə qurban verir? Politoloq hesab edir ki, Amerikanın kürdlərə yardımı və SDF ilə ittifaqının bir neçə səbəbi var. Əvvala qeyd edək ki, rəsmi olaraq Amerika 2014-cü ildən başlayaraq Azad Suriya Ordusu da daxil olmaqla mötədil hesab etdiyi Suriya müxalifətçilərini silahlandırmağa və təlim verməyə başladı. Məlumatlara görə ABŞ elə bu dövrdə rejimə müxalif qüvvələri maliyyələşdirmək üçün 500 milyon dollar vəsait ayırır. Çox keçmir ki, ABŞ Suriyada onun tərəfindən vuruşan qüvvələrin olmadığına görə işlərin yaxşı getmədiyini bəyan edir.
O zamankı müdafiə naziri Aşton Karter elan edir ki, Amerika İŞİD-ə qarşı döyüşə biləcək və torpaqları azad edəcək motivasiyalı qüvvə axtarışındadır. Bu zaman ABŞ-ın irəli sürdüyü kriteriyalara YPG-nin cavab verdiyi məlum oldu.
Digər bir səbəb ondan ibarətdir ki, Kobaninin müdafiəsi zamanı YPG qüvvələrinin öndə getməsi Amerikanı onlarla əməkdaşlığa ruhlandırdı. Amerikanın bölgədəki hərbi müşavirləri ilə YPG arasında İŞİD-ə qarşı işgüzar münasibətlər yarandı. Məlum olduğu kimi ilk təmasları beynəlxalq koalisiyanın hərbi yardımları əhatə edirdi. Sonralar Pentoqon rəsmiləri YPG və SDF hərbi birləşmələri haqqında Suriya uğrunda qurban getməyə hazır olan etibarlı və baçarıqlı qüvvə kimi danışmağa başladılar.
Bundan başqa, İŞİD-ə qarşı müharibənin gedişində məlum oldu ki, Türkiyə zaman-zaman Amerikanın deyil, öz maraqlarının təmin olunmasının ardınca gedir və bu maraqlar heç də hər zaman Amerikanın maraqları ilə üst-üstə düşmür. Əl-Qaidənin bir qolu olan Cəbhət əl-Nusrə ilə iddia olunan münasibətləri Amerika və onunla birlikdə olan qüvvələr tərəfindən yaxşı qarşılanmırdı. Eyni zamanda, Türkiyənin sərhədləri lazım olan səviyyədə qapatmaması və terrorçuların regiona axışının qarşısını tam ala bilməməsi ABŞ-da və onun müttəfiqlərində belə rəy formalaşdırdı ki, vəziyyəti ancaq YPG və SDF-ni gücləndirməklə nəzarət altına almaq olar.
Xatırladaq ki, Amerikaya ona ehtiyacı olan və ehtiyaclarının təmin edilməsi müqabilində Suriyada aktiv döyüş apara bilən qrup lazım idi. Suriya kürdləri Şimal və Qərbdən Türkiyə, Şərqdən KDP-KRG və Suriya hökuməti, Cənubdan İŞİD kimi düşmən güclərlə əhatə olunmuşdu. Suriya kürdlərinin Amerika və onun koalisiya üzrə müttəfiqlərinin yardımlarına cüddi ehtiyacları var idi. Çünki onlar koalisiya qüvvələrinə effektiv döyüş aparmaq bacarıqlarını sübut edə bilmişdilər.
Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildə Türkiyədə hakimiyyətə gəldi. 2003-2009-cu illərdə Ərdoğanın baş müşaviri, 2009-2014-cü illərdə isə xarici işlər naziri olmuş Əhməd Davudoğlu Türkiyənin xarici siyasətində dramatik yerdəyişməni həyata keçirən "strateji dərinlik" anlamına böyük önəm verirdi. Bu strategiya Türkiyənin Şərqə istiqamət götürməsinə səbəb oldu. Bu dəyişiklik Amerika siyasətçiləri arasında anlaşılmazlığa səbəb oldu. " Ərəb Baharı" zamanı Türkiyənin özünü Orta Şərqin himayədarı kimi aparması narahatçılığın daha da artmasına səbəb oldu. Region üzrə "Müsəlman qardaşlığı" hərəkatını müdafiə etməsi Amerikada Türkiyənin yeni prioritetləri baxımından haqlı narahatçılıq formalaşdırdı. Türkiyənin diqqətinin Şərqə yönəlməsi Amerikanın Suriya kürdlərini və SDF-ni dəstəkləməsində həlledici rol oynadı.
Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ilin martında Amerikanın keçmiş Dövlət Katibi Con Kerri bəyan etdi ki,"Suriya münaqişəsini hərbi həll yolu yoxdur, həll yolu yalnız siyasi yoldur". Kerrinin bəyanatı Rusiyanı Bəşər Əsədi daha da intensiv şəkildə hərbi sahədə gücləndirməyə ruhlandırdı. Rusiyanın fəal müdaxiləsi İranın da Suriyada və Orta Şərqdə əl-qolunu açdı və Amerikanın manevr imkanlarını zəiflətdi. Suriyada qüvvələr balansının Rusiya, İran və "Hizbullah"ın xeyrinə dəyişməsi regionda yeni reallıqlar yaratdı. Amerika Rusiya və İranı zəiflətmək məqsədi ilə SDF-ni gücləndirməyə məcbur oldu.
Amerikanın İraqı işğal etməsi və "Ərəb Baharı" Orta Şərq və Şimali Afrikada sabitliyi pozdu. Regionda sabitliyi bərpa etmək, xüsusilə, İslam dövləti peyda olduqdan sonra, Amerikanın əsas məqsədinə çevrildi. Bu məqsədə çatmaq üçün ona yardım edə biləcək faktorların tapılması Amerika üçün ciddi əhəmiyyət kəsb etməyə başladı. Beləliklə SDF-ni gücləndirməklə Amerika və Qərb guya regionda sabitlik yaratmaq və ekstrmizmə qarşı mübarizə apatmaq istəklərini ortaya qoydular.
Nəhayət, Amerikanın Orta Şərqdə mövcudluğunun əsas məqsədlərindən biri İsrailin təhlükəsizliyini təmin etməkdir. İsrail dövlətinin mövcudluğunun ilk illərindən bu məsələ Qərb dairələri üçün prioritet məsələdir. Kürdlərin gücləndirilməsi İsrailin təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edir. Bu baxımdan region tərəfindən qəbul edilə bilməyən ikinci dövlətin yaradılması faktı diqqəti İsraildən yayındırma funksiyası daşıya bilərdi.
Alim