Bərzaninin istefasından sonra... "Kürd hərəkatına “haram” qatdı"

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin istefa verməsi Ərbil və İraqda çalxalanmaya səbəb olub.

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin istefa verməsi Ərbil və İraqda çalxalanmaya səbəb olub.

"Reuters" xəbər agentliyi Bərzaninin istefa məktubunun yerli parlamentdə təsdiqindən sonra Peşmərgələrin parlament binasına basqın etdiyini bildirib. İraqın Duhok şəhərinin Zaho rayonunda Kürdüstan Yurdsevərlər Birliyi və Goran hərəkatına aid binalar yandırılıb.

Metbuat.az-a açıqlama verən siyasi şərhçi Mübariz Əhmədoğlu bildirir ki, Bərzanı bu addımı ilə kürd hərəkatına bir növ "haram" qatdı:

"Əslində, kürdlər təkamül yolu ilə özlərinin müstəqil dövlətini qurmağa doğru gedirdi. Amma İsraili ortalığa atmaqla Bərzani kürd hərəkətına zərbə vuran adam kimi qəbul edildi. Onsuz da kürdlərin daxilində birlik yoxdur. Bilirsiniz ki, kürdlər danışdıqları dilə görə kürd adı altında 4 etnosa bölünüblər. Eyni zamanda, vaxtilə kürdlərin bir təşkilatı vardı. İndi daxildə baş verən çəkişmə fonunda 20-yə yaxın siyasi və qeyri-siyasi təşkilatlar yaranıb. Ona görə, Bərzani cəzalandırılmalı idi".

Siyasi şərhçi əlavə etdi ki, Bərzani gedə bilməz:

"Bərzani təmizlənmə prosesi keçdikdən sonra yenidən siyasətə qayıdacaq. Bu proses 6, 8 ay, hətta 1 il çəkə bilər. Hazırda Kürdüstan dövlətinin qurulması ilə bağlı məsələlər arxa plana keçib. Kürd siyasi qruplaşmaları arasındakı transformasiya prosesi ön plana çıxıb. Kürdlərin Bərzanidən savayı tanınmış liderləri olmadığı üçün onlar təşkilatlanmağa üstünlük verərək, təşkilat ətrafında birləşəcəklər. Hazırda kürdlərin daxilində gedən təşkilatlanma prosesinə kənardan müdaxilələr var. İran və Türkiyə kürdlərlə bağlı prosesi öz axınına buraxmağı düşünür. Tarixə qayıtsaq qeyd etmək olar ki, bu gün İraq Kürdüstanı layihəsi ABŞ-la Türkiyə arasında məhz Türkiyəni xilas etmək üçün ortaya qoyulan bir variant idi. Bunun nəticəsi olaraq, Türkiyənin daxilinə olan radikal kürdlər də silahlı-silahsız İraqa getdilər. Sadəcə Türkiyə sözünün üstündə durmadı. Nəticədə, vəziyyət belə hala gəldi. Ola bilər ki, yaxın illərdə ABŞ və Türkiyə, hətta İranla Türkiyə arasında türkləri qane edən variant ortaya qoyulsun". metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31