Avropanı yaxşı gələcək gözləmir

Qərbin uzun illər müxtəlif regionlarda yaratdığı separatizm ocaqları indi onun üçün problemə çevrilib. Söhbət İspaniyanın Kataloniya bölgəsində həftə sonu keçirilən müstəqillik referendumundan gedir. Hər nə qədər mərkəzi Madrid bu referenduma qarşı olsa da, lakin katalonlar israr edərək müstəqillik referendumunu gerçəkləşdirdilər. İndi İspaniya faktiki olaraq parçalanma ərəfəsindədir.

Separatizm meyilləri güclənir

Qərbin uzun illər müxtəlif regionlarda yaratdığı separatizm ocaqları indi onun üçün problemə çevrilib. Söhbət İspaniyanın Kataloniya bölgəsində həftə sonu keçirilən müstəqillik referendumundan gedir. Hər nə qədər mərkəzi Madrid bu referenduma qarşı olsa da, lakin katalonlar israr edərək müstəqillik referendumunu gerçəkləşdirdilər. İndi İspaniya faktiki olaraq parçalanma ərəfəsindədir. Düzdür, müstəqillik tərəfdarlarına qarşı mərkəzi Madrid güc tətbiq edib onları öz istəklərindən döndərməyə çalışsa da, lakin katolonlar başladıqları mübarizəni müsbət sonluqla yekunlaşdırmaqda israrlı görünürlər. Bu arada Qərbin, Avropa dövlətlərinin katalonlarıən müstəqillik arzusuna olan münasibəti maraq doğurmaya bilməz. Belə ki, qitə ölkələri və Qərb də mərkəzi Madrid hökuməti kimi katalonların müstəqillik arzularına qarşı çıxır, bunu separatizm kimi xarakterizə edirlər. Halbuki bu vaxta qədər, separatizm təhlükəsi öz qapılarını döydüyü ana qədər Qərb dünyanın müxtəlif bölgələrində bu kimi meyillərə seyrici qalır, hətta bir çox hallarda separatizmə bu və ya digər formada dəstək nümayiş etdirirdi. Ermənistanın Azərbaycan ərazilərini işğal edərək Qarabağda separatçı bir qurum yaratmasını indiyə qədər görməməzlikdən gələn, bəzi hallarda Dağlıq Qarabağın separatçı rejiminin rəhbərinin okeanın o tayına, Avropa ölkələrinə səfərini təşkil edən, hətta ayrı-ayrı vaxtlarda Qarabağ separatçılarına yardımlar belə ayıran Qərb, indi separatizmdən ciddi narahatçılıq keçirdiyini büruzə verməyə başlayıb. Yaxud Kataloniyadakı müstəqillik referendumundan cəmi bir neçə gün əvvəl Şimali İraqda "Kürdüstanın" yaradılmasına hesablanmış müstəqillik referendumuna bu günkü kimi kəskin əks reaksiya bildirilmədiyi halda, hazırda Qərb üçün nədənsə separatizm ciddi təhdid sayılmağa başlayıb. Əslində isə bunun səbəb hər kəsə, bütün dünyaya bəllidir. Çünki uzun illər Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etnizasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz fəsadlarını verir. Necə ki, Qərb terrorizmə, terrorçuya, işğalçıya ikili standartdan yanaşır, eləcə də separatizmdə eyni mənfi tendensiya özünü göstərir. Ermənilərin 1988-ci ildən bəri Azərbaycan ərazilərində törətdikləri terror əməllərinə göz yuman Qərb, Avropa öz ərazisində hər hansı bir terro hadisə baş verən anda necə səfərbər olursa. Indi də Qərbdə eyni birlik, bərabərlik müşahidə edilir. Amma görünən odur ki, artıq separatizm qatarı Avropaya doğru yan alıb və onu əngəlləmək kifayət qədər çətin görünür.

Çünki ikili standartlar, çox zaman separatçılara haqq qazandıran münasibətin nəticəsi olaraq Avropada yeni-yeni problemlər meydana çıxır. Şotlandiyanın Böyük Britaniyadan ayırılaması, Belçikanın linqvistik prinsiplə  Valloniya və Flarandiyaya bölünməsini bəzi ekpertlər artıq zaman məsələsi hesab edirlər. Təsadüfi deyil ki, İspaniyanın Valensiya, Qalisiya və Bask vilayətlərində, Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində də separatizm meyilləri kifayət qədər yüksəkdir. İş o yerə çatıb ki, Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominat etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vialyətlərində də separatizm meyilləri müşahidə olunur.

Vəziyyətdən çıxış yolu isə kifayət qədər sadədir. Belə ki, Qərb. Avropa yalnız özünə təhdid, təhlükə yarananda deyil, dünyanın istənilən ölkəsində separatizm, terrorçuluq meyilləri güclənəndə hərəkətə keçməli, indiyə qədər istər terrorçuluq, istər işğalçılıq, istərsə də separatizmə qarşı sərgilədiyi ikili standartlardan əl çəkməlidir. Bu gün Kataloniyada baş verənlər Qərbin indiyə qədər bu istiqamətdə yol verdiyi xətalardan, səhvlərdən nəticə çıxarması üçün bir fürsətdir. Nə qədər gec deyil dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoymalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır. Əks təqdirdə Avropanı heç də yaxşı gələcək gözləmir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31