Ermənistan bu yolla məhv ediləcək: İrəvanın düşdüyü tələ və dəhşətli plan
Rusiya Ermənistanda yerləşən 102-ci hərbi bazasından Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar üçün istifadə etməyi planlaşdırır. Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə İŞİD-ə qarşı mübarizədə Ermənistan, Tacikistan və Qırğısıztandakı hərbi bazalardan istifadə edilə biləcəyini açıqladı.
12 May 2017 11:50 DünyaRusiya Ermənistanda yerləşən 102-ci hərbi bazasından Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar üçün istifadə etməyi planlaşdırır. Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə İŞİD-ə qarşı mübarizədə Ermənistan, Tacikistan və Qırğısıztandakı hərbi bazalardan istifadə edilə biləcəyini açıqladı. Lavrovun bu açıqlamasına rəsmi İrəvan reaksiya verməsə də, Ermənistan cəmiyyətində ciddi narahatlıq yaranıb.
Erməni ekspertlər hesab edirlər ki, Rusiyanın Suriyadakı əməliyyatlarında Gümrüdəki bazadan istifadə etməsi Ermənistanı terrorçuların hədəfinə çevirəcək. Rusiyayönümlü ekspertlərin fikrincə isə, Ermənistan Rusiya ilə imzaladığı müqavilələrə görə, bu prosesdə yer almalıdır. Erməni jurnalist Naira Ayrumyan yazır ki, Lavrov Ermənistanı tələyə saldı: "Bu, diplomaik tələdir. Əgər Ermənistan bundan rəsmən imtina edərsə, bu, ikitərəfli razılığı pozmaq deməkdir. Əgər razılaşarsa, deməli Rusiya İrəvanı öz oyuncağına çevirib. Görünür, Ermənistan hakimiyyəti bu tələdən çıxış yolunu susmaqda görür. Lakin susmaq da razılıq əlamətidir".
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bir müddət öncə Rusiya mediasına müsahibəsində Suriyadakı əməliyyatlarda iştirak edə biləcəklərini istisna etməmişdi. "Bu gün biz Suriyaya humanitar yardımlar etmək üçün Rusiya ilə səylərimizi birləşdirmişik. Rusiyaya ona görə minnətdarıq ki, onların hərbi aviasiyası ilə biz öz yardımlarımızı edirik. Prinsip etibarilə, biz addımlarımızı genişləndirməklə bağlı rusiyalı həmkarlarımızla müzakirələr aparırıq. Humanitar yardımlar kimi, erməni silahlı qüvvələri də Suriya xalqına kömək edə bilər", - deyə erməni nazir bildirmişdi.
N.Ayrumyan qeyd edir ki, Ermənistan Suriyada Rusiyanın hərbi əməliyyatlarında iştirak etməklə bağlı ilkin razılığını verib.
"Rusiya Ermənistanı hələ İŞİD-in suriyalı ermənilər yaşayan Kesab qəsəbəsinə hücumu zamanı bu münaqişəyə cəlb etmək istəyirdi. Həmin vaxt İrəvan qaçmağı bacardı. Daha sonra Rusiya Suriya ermənilərinə heç bir kömək etmədi və onlar Ermənistana gəldilər. İndi ABŞ-dakı ermənilər Ermənistanı Suriya qaçqınlarına yardım edən ölkələr siyahısına salmağa çalışır. Bu olarsa, onda ABŞ-dan əlavə maliyyə yardımı almaq imkanı yaranacaq. Lakin İrəvan Suriyada Rusiyanın hərbi əməliyyatlarında iştirak edəcəksə, ölkəni ciddi risk altında qoyacaq", - deyə erməni jurnalist bildirib.
Erməni politoloq Ruben Meqrabyan rəsmi İrəvanı Lavrovun cavabını verməməkdə ittiham edib: "Ermənistanın İŞİD-lə heç bir əlaqəsi yoxdur. Lakin rəsmi İrəvan Lavrovun dedikləri ilə bağlı susur. Heç kəs demir ki, "cənab Lavrov, ağzını bağla, bizim əlaqəmiz olmayan məsələni qaldırma". Ermənistan hakimiyyətinin susqunluğu dəhşətlidir".
Gümrüdən olan erməni politoloq Qaqik Ambaryan da 102-ci hərbi bazadan İŞİD-ə qarşı istifadə etməyin Ermənistanın təhlükəsizliyinə ciddi problemlər yaradacağını deyib. "İŞİD Ermənistanı da öz xilafətinin tərkibi hesab edəcək və adekvat cavab olaraq, bizim təhlükəsizliyimizə təhdid yaradacaq. Bu, Ermənistanı açıq-aşkar alovun içinə atmaqdır", - deyə erməni politoloq etiraz edib. Publika.az