“Putin nəyin bahasına olursa-olsun...” - Moskvada QORXUNC GƏLƏCƏK HAZIRLANIR

“Rusiya prezidenti Vladimir Putin Almaniyada keçiriləcək parlament seçkilərində Angela Merkelin yenidən kansler seçilməməsini qarşısına məqsəd qoyub”. Bunu Kremlin tənqidçisi, Rusiya müxalifətçisi Harri Kasparov “Bild” nəşrinə müsahibəsində deyib.

"Rusiya prezidenti Vladimir Putin Almaniyada keçiriləcək parlament seçkilərində Angela Merkelin yenidən kansler seçilməməsini qarşısına məqsəd qoyub". Bunu Kremlin tənqidçisi, Rusiya müxalifətçisi Harri Kasparov "Bild" nəşrinə müsahibəsində deyib.

"Putin nəyin bahasına olursa-olsun Merkelin yenidən seçilməsinə imkan vermək istəmir. Merkel Avropa İttifaqında əsas fiqurdur və Putin bilir ki, Merkel olduğu müddətdə sanksiyalar saxlanılacaq. Putin Merkelin zəifləməsi üçün hər şeyi edəcək. Putin Avropa İttifaqına qarşı olan istənilən partiyanı dəstəkləyəcək", - Kasparov əmindir.

Bununla belə, Kasparov optimistdir: "Putin artıq Fransa və Niderlandda uduzdu. Ola bilər ki, Almaniyada da uduzacaq".

Rusiya müxalifətçisi həmçinin qeyd edir ki, Rusiya prezidentini qiymətləndirməmək lazım deyil: "Sovet İttifaqı təhlükəli idi, amma Putin daha təhlükəlidir. O, demokratiyaları içəridən dağıtmağa çalışır".

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel mayın 2-də Rusiyaya səfər edib. Rusiyanın "RİA-Novosti" agentliyi səfərdən öncə yazmışdı ki, onun Rusiya lideri ilə görüşündə əsas mövzulardan biri Almaniyada keçiriləcək seçkilərdə Putinin dəstəyini almaq olacaq.

Sentyabrda almanlar bundestaqın (parlament) yeni tərkibini, mümkündür ki, yeni kansleri seçəcəklər. Bir sıra siyasətçilər artıq qüdrətli "Rusiya hakerləri" haqqında mövzunu açmağa başlayıblar. Qeyd edək ki, kansler olmağa əsas namizəd sosialist Martin Şultsdur. O, Avropa Parlamentində işin gedişatında özünü ekstremal rusofob kimi tanıdıb.

"Almaniyada demək olar ki, 2,5 milyon rusdilli seçici var və bu, azlıqlar arasında ən böyük seçki qrupudur. Bu insanların 60 faizi Rusiya televiziya kanallarına daha çox etibar edirlər, 40 faizi isə ümumiyyətlə xəbərlərin əsas mənbəyi kimi rus kanallarına baxırlar", - "Bloomberg" agentliyi daha əvvəl yazmışdı.

Ötən ay ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster ABC telekanalına müsahibəsində deyib ki, Rusiya Avropada partlayıcı fəaliyyətlə məşğul olur. Lakin general dəqiqləşdirməyib ki, Rusiyanın məhz hansı hərəkətlərini zərərli hesab edir. Ancaq daha əvvəl Avropa və amerika siyasətçiləri qorxularını ifadə edib ki, avroskeptik namizədlərə kömək etmək üçün Rusiya Avropada seçkilərin gedişatına müdaxilə edə bilər.

Almaniyada parlament seçkilərində sosial-demokratlarının lideri Martin Şults kansler Angela Merkelin əsas rəqibidir. Rusiyada bildirirlər ki, seçkilərdə oskva üçün aşkar favorit yoxdur. Bununla belə Avropada qeyd edirlər ki, Rusiya sağ partiyaların namizədlərini etibardan salmaq və "Almaniya üçün Alternativ" partiyasına bundestaqda yerlərin əhəmiyyətli sayını toplamağa kömək etməkdə maraqlıdır.

Xatırladaq ki, Almaniyanın "Deutsche Welle" nəşri cari ilin fevral ayında "Almaniya üçün alternativ"in həmsədri Frauk Petrinin Moskvada müəmmalı görüşlər keçirdiyini yazır. F.Petrinin ofisi bu haqda xəbəri yaysa da, görüşlərə kimlərin qatıldığını və nədən danışıldığını açıqlamayıb, sadəcə, onun Moskvaya Rusiya ilə Almaniyanın regional cəmiyyətləri arasında əməkdaşlığı müzakirə etməyə getdiyini bildirib. Məlumatda partiya liderinin səfər çərçivəsində Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə və onun müavini Pyotr Tolstoyla görüşdüyü də qeyd olunub.

"Deutsche Welle" V.Volodinin Rusiya prezidenti Vladimir Putinin yaxın adamı, Rusiyanın ən nüfuzlu siyasətçilərindən biri olduğunu vurğulayır. Onun parlamenti idarə etdiyini, seçkiləri necə təşkil etdiyini ölkənin daxilində də, xaricdə də çoxları bilirlər.

Fransanın "Milli Cəbhə" partiyasından fərqli olaraq, "Almaniya üçün alternativ"in Rusiya tərəfindən maliyyələşdirməsi haqda faktlardan hələ kimsə danışmır. Amma "Deutsche Welle" sözügedən partiyanın, eləcə də digər millətçi qrupların son zamanlar Moskva ilə yaxınlıq etdiyini, rus mətbuatının Almaniyadakı millətçi siyasətçilərlə tez-tez ünsiyyətdə olduğunu vurğulayır. Kremlin vəsaitiylə çalışan "Russia Today" kanalının alman dilində də səhifəsi var və bu səhifədə, əsasən, alman millətçilərindən sitatlar gətirirlər.

Partiya liderlərinin çoxsaylı bəyanatlarına görə, "Almaniya üçün alternativ" rusiyayönlüdür və hətta Putinə meyllidir. Partiyanın proqramında bu açıq şəkildə ifadə olunmur. Mətndə yalnız Avropada təhlükəsizliyin təmin olunması üçün Rusiya ilə münasibətlər "son dərəcə əhəmiyyətli" hesab olunur. Rusiyaya meylli olan partiyanın şüarlarından biri "avrosuz və islamsız Almaniya"dır. Ekspertlər qeyd edirlər ki, Almaniyada böyük rusdilli diaspora var və onların bir hissəsi millətçi partiyalara rəğbət bəsləyir. Bildirilir ki, Rusiya bu əhval-ruhiyyədən öz xeyrinə istifadə edə bilər. Ancaq yaxın vaxtlarda aparılmış araşdırmaya əsasən, Almaniya xüsusi xidmət orqanları Almaniyada Rusiya informasiya kampaniyasının hər hansı sübutlarını aşkar edə bilməyib. "Süddeutsche Zeitung" nəşri ölkənin xüsusi xidmət orqanlarına istinadən bildirib ki, federal kəşfiyyat və Konstitusiyanın mühafizəsi üzrə idarə sözügedən sübutları əldə etmək üçün bir il ərzində apaşdırma aparıb.

Bir müddət əvvəl isə təhlükəsizlik məsələləri üzrə ekspert, "Warsaw Enterprise Institute" analitik mərkəzinin əməkdaşı Ancey Talaqa "Fronda.pl" saytına müsahibəsində bildirmişdi ki, Avropada xaos və radikallaşma rusiyalılara maraqlıdır.

"Əgər Avropa seçiciləri daha radikal olarsa, onlar radikal partiyalara, yəni rusiyayönlü qüvvələrə səs verməyə başlayacaqlar. Məsələn, Fransada "Milli cəbhə", Almaniyada "Almaniya üçün Alternativ" və Macarıstanda "Ən yaxşı Macarıstan üçün" bu cür qüvvələrdir", - o vurğulamışdı. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31