Hindistanın "oxuyan vicdanı": ondan nazirlər və generallar da çəkinirlər - VİDEO
Onlar məni susdura biləcəklərini düşünməsinlər. Xam xəyaldır, susan deyiləm. Məni ancaq öldürmək olar. Hindistanın cənubundakı Tamil Nadu ştatında ən populyar müğənni Kovan belə deyir. Kovan adi müğənni deyil. Xalq mahnılarını orxumaqla populyarlaşmış Kovan 4 il əvvəl mahnılarını siyasi məzmunlu etirazlara döndərib.
5 May 2017 14:03 DünyaOnlar məni susdura biləcəklərini düşünməsinlər. Xam xəyaldır, susan deyiləm. Məni ancaq öldürmək olar. Hindistanın cənubundakı Tamil Nadu ştatında ən populyar müğənni Kovan belə deyir. Kovan adi müğənni deyil. Xalq mahnılarını orxumaqla populyarlaşmış Kovan 4 il əvvəl mahnılarını siyasi məzmunlu etirazlara döndərib.
Milli.Az bildirir ki, onun "Vinavu" mahnısı isə bir günün içində tamillərin ən çox dinlədikləri və oxuduqları mahnıya döndü.

Tamillər bu mahnını sosial şəbəkələrdə, bloqlarda paylaşmağa başladılar. İş o yerə çatmışdı ki, ştatın paytaxtı Çennay şəhərində az qala hər kafedə, restoranda, iş yerində, maşında bu mahnı səslənirdi.
"Vinavu" Tamil Nadunun o zamankı baş naziri Jayalalithaa Cayaramın rüşvətxorluğundan, onun sədrlik etdiyi "Ümumhindistan Anna Dravida İnkişaf Federasiyası" (Anna Dravida Munnetra Kazhagam, ADMK) Partiyasının seçkilərdə total saxtakarlıqlar və fırıdaqlar yolu ilə hakimiyyətə gəlməsindən, nazirlərin harınlamasından bəhs edirdi.
67 yaşlı baş nazir J.Cayaram Tamilnadunun "sahibi" sayılırdı. Nazirlər və məmurlar onun qarşısında az qala ikiqat olaraq təzim edirdilər, yerli media isə baş naziri "Ana" adlandırırdı.
Vəzifə səlahiyyətlərindən istifadə edərək yüz milyonlarla dollarlıq varidata yiyələnmiş sabiq aktrisa G.Cayaram yerli sakinləri "ələ almaq" üçün ucuz yeməkxanalar şəbəkəsi yaratmışdı. Həmin yeməkxanalarda kasıblara cəmi 3 rupiyə, yəni 0,05 dollara yemək verilirdi.
Tamilnaduda spirtli içkilərin istehsalı və satışı sektoru baş nazirə məxsus "Tasmac" şirkətinin inhisarında idi. Üstəlik, baş nazir əxlaqsızlıq məkanlarının tam əksəriyyətinə "nəzarət" edirdi.
Daha sonra Kovan ştatda əxlaqsızlıq yuvalarının, qumarxanaların, spirtli içkilər satılan dükanların fəaliyyətinin yasaqlanmasının tələb olunduğu "Amma Tasmac" mahnısını bəstələyərək ifa etdi.

Bu mahnı yerli hakimiyyətin səbr kasasını daşdırdı və Kovan həbs olundu.
Tamillər sevimli müğənnilərin həbsini siyasi təzyiq təki dəyərləndirdilər və separatçılıq meyllərinin çox güclü olduğu Tamil Naduda kütləvi etirazlar başlandı.
Küçələrə yüz minlərlə insan çıxaraq Kovanın azadllığa buraxılmasını tələb etdilər.
Jayalalithaa Cayaram istefa verdi. Paytaxt Dehlidən göndərilmiş xüsusi komissiya araşdırmalara başladı və Kovan sərbəst buraxıldı.
Lakin müğənni sakitləşmədi. O, hakimiyyətdəki siyasətçilərin seçkilərdə qələbəyə nail olmaq üçün sakinlərə siqaret, spirtli içkilər, elektriklikli blenderlər, hətta keçilər bağışladıqlarını da növbəti mahnısında "vəsf" etdi.

Tamilnadunun hakimiyyət dairələri Kovanın mahnılarının videolarını YouTube-də yasaqlamağa çalışmaqla bahəm, ictimai yerlərdə müğənninin ifa etdiyi mahnıların səslənməsini və dinlənməsini yasaqlayıblar.
Tamilnadu əhalisi isə Kovanı "generalların və nazirlərin çəkindiyi sənətçi, Hindistanın vicdanı" adlandırırlar.
Kovan bu günlərdə yenə həbs olunub.