"Ancelina gedəndə, sanki, ölmüşdüm..." - Bred Pitt 

Boşanmaq istəmirdim, bunu ağlıma da gətirmirdim. Ancelinanı saxlamaq istəyirdim. Lakin sonra anladım: sevirsənsə, zorla saxlamamalısan. Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Bred Pitt xanımı, tanınmış aktrisa Ancelina Coli ondan ayrılandan sonra ilk müsahibəsində belə deyib.

Boşanmaq istəmirdim, bunu ağlıma da gətirmirdim. Ancelinanı saxlamaq istəyirdim. Lakin sonra anladım: sevirsənsə, zorla saxlamamalısan. Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Bred Pitt xanımı, tanınmış aktrisa Ancelina Coli ondan ayrılandan sonra ilk müsahibəsində belə deyib.

Milli.Az bildirir ki, GQ jurnalı üçün müsahibə verən və fotosesiyaya çəkilən 53 yaşlı Bred Pittin dediyinə görə, əyyaşlığı arvadının onu tərk etməsinə səbəb olub. Aktyor indi xeyli arıqlayıb və qəmgin görünür.

"Ancelina gedəndə həyatım dəyişdi. Yenidən yaşamağa uzun müddət alışmalı oldum. Baş verənlərdə günahkar, sadəcə, mənəm. Gözəl, möhtəşəm ailəm vardı və onu dağıtdım. Sanki, lotereyada udmuşdum, amma uduş biletini atdım. Vaxtımı mənasız, gərəksiz işlərə sərf edirdim", - Bred Pitt deyib.

Ötən ilin sentyabrında Ancelina Coli əri Bred Pittdən ayrılmaq üçün məhkəməyə boşanma ərizəsi ilə müraciət edəndə bu xəbər mediada bomba partlayışı effekti yaratmışdı. Aktrisanın dediyinə görə, Los-Ancelesə uçan özəl reaktiv təyyarədə Bred böyük oğlu Meddokla mübahisə edib. Fəqət, problem anidən yaranmayıb, illərlə yığılıb. Səbəb isə Bred Pittin əyyaşlığı, spirtli içkilərə hədsiz aludə olması idi.

"Çox araq içirdim. Əyyaşlıqda əsl peşəkardım və bu, problem oldu. Düzünü desəm, kolleci başa vurandan sonra bir günü xatırlamıram ki, içməyim və ya nəşə çəkməyim. Ailəm olanda pis vərdişləri tərgitdim - bir içməkdən savayı. Lakin ailə həyatımın son ilində hər şey nəzarətdən çıxmışdı. Boşanmadan sonra boş evə qayıda bilmirdim. Buna görə də Santa-Monika şəhərində dostlarımın evində 6 həftə döşəmədə yatdım", - Pitt söyləyib.

Ancelina Colinin onu tərk etməsindən artıq yarım il keçib. Bred Pittin sözlərinə görə, bu aylar çox kədərli və acı keçsə də, xeyirli olub - o, artıq içmir. "Şərabxanamız var və mən hələ də şərabı sevirəm. Amma artıq özümə nəzarət edirəm. Müalicəyə başlamışam. İki psixoterapevtlə kurs keçdim. Onlar mənə çox yardım etdilər. İndi bir damla da spirtli içki içmirəm. İndi, sadəcə, qarağat şirəsi və qazlı su içirəm. Həftədə iki dəfə alkoqol və narkotik testlərindən keçirəm ki, uşaqlarımla görüşə bilim", - aktyor söyləyib. Ancelina Coli məhkəməyə boşanma ərizəsi ilə müraciət edəndən sonra Federal Təhqiqat Bürosu Bred Pittinin uşaqları ilə sərt və qəddar rəftarı ilə bağlı araşdırmalara başlamışdı.

"Bu strukturlar araşdırmalara başlayandan sonra, sanki, əl-ayağımı bağlayıb yerə yıxdılar. Sonra Ancelina ilə birlikdə məsələni çözdük. İkimiz də səy göstəririk. Bir vəkilin sözlərini eşitmişdim: "Məhkəmədə boşanma işlərində kimsə qalib gəlmir. Məhkəmə, sadəcə, kimin daha çox ağrı çəkəcəyinə qərar verir". Və bu həqiqətdir. Haqlı olduğunu sübut etmək üçün bir il sərf edirsən, amma yalnız özünə nifrəti artırırsan. Belə işlərlə məşğul olmaq istəmirəm. Xoşbəxtlikdən sabiq arvadım da mənimlə razıdır. Ailə dağılanda belə problemlər uşaqlara çox pis təsir edir. Uşaqlar hər şeydən təsirlənirlər. Onların əlindən tutub baş verənləri anladan gərəkdir. Onları dinləmək gərəkdir. Həmişə işdə olduğumdan uşaqlarımı kimsə dinləmirdi. Dəyişmək və daha yaxşı olmaq istəyirəm", - Bred Pitt söyləyib. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31