Avropa AŞ PA vasitəsilə Türkiyəyə qarşı siyasi şantaj həyata keçirir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinq qərarı birmənalı qarşılanmayıb. Xüsusən, Türkiyədən sözügedən qərarla bağlı sərt reaksiya gəlib. Hətta qurumla münasibətlərə yenidən baxılması məsələsi gündəmi zəbt edib.
27 Aprel 2017 12:29 DünyaQurumun qərarı 15 iyul hadisələrinin davamıdır
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinq qərarı birmənalı qarşılanmayıb. Xüsusən, Türkiyədən sözügedən qərarla bağlı sərt reaksiya gəlib. Hətta qurumla münasibətlərə yenidən baxılması məsələsi gündəmi zəbt edib. Türkiyənin siyasi elitası hesab edir ki, AŞ PA kimi Avropa və beynəlxalq təşkilatlar illərlədir ki, müsəlman ölkələrinə qarşı ikili standartlardan əl çəkmirlər, daim bu dövlətləri təzyiq altında saxlamağa cəhd edirlər. Belə halda ədalətsiz və qərəzli mövqe sərgiləyən hər hansı təşkilatla əməkdaşlıq etməyə dəyməz. Siyasi ekspertlər isə hesab edirlər ki, AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin milli dövlətlərə təzyiq etmək, onları şantaj etmək üçün yaratdığı xüsusi mexanizmlərdir. Zahirən insan hüquqları və azadlıqları kimi qlobal dəyərləri müdafiə edən mühüm bir Avropa strukturu kimi görünən bu təşkilatlar əslində imperializmin maraqlarına xidmət edir. Milli Məclisin deputatı Elman Nəsirov deyib deyib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Türkiyə əleyhinə qəbul edilmiş qərar qurumun bütün mahiyyətini üzə çıxardı. E.Nəsirovun sözlərinə görə, məlum oldu ki, bu qurumun daxilində islamafob və ksenofob qüvvələr kifayət qədərdir: "Onlar müsəlman ölkəsi Türkiyənin inkişafını həzm edə bilmirlər. Türkiyəyə monitorinqin tətbiq edilməsi ilə bağlı qərar bunu aydın şəkildə göstərdi. 1996-2004-cü illərdə AŞPA Türkiyəyə monitorinq tətbiq edib, 2004-cü ildə isə Türkiyə post-monitorinq dövrünə daxil edilib. Yəni bu o deməkdir ki, Türkiyəyə münasibətdə Avropa Şurası öz dəyərlərinin kifayət qədər müdafiə etdiyinin fərqində olub və bu ölkəyə qarşı daha loyal mövqe nümayiş etdirib. Amma yenidən - 13 il sonra Türkiyəni 1996-2004-cü il vəziyyətinə qaytarmaq, Türkiyəyə qarşı olduqca qərəzli davranışın ifadəsidir. Bu həm də onu təsdiq etdi ki, Avropa Şurası heç bir dövlətə münasibətdə belə addım atmayıb, heç zaman post-monitorinq mərhələsində olan dövləti ikinci dəfə monitorinq mərhələsinə qaytarmayıb, ona qarşı siyası nəzarəti həyata keçirməyib. Belə olan vəziyyətdə Türkiyə tərəfi də çox düzgün olaraq, bunu AŞPA-nın tarixində tarixi səhv hesab edib". Deputat hesab edir ki, bu gün AŞPA Türkiyəyə əslində təşəkkür və minnətdarlıq etməlidir: "Çünki Türkiyə üç istiqamətdə terrorizmə - PKK, İŞİD və FETO-ya qarşı mübarizə aparır. Heç bir Avropa ölkəsi tapmaq olmaz ki, eyni zamanda üç istiqamətdə terrorizmlə mübarizə aparsın. Türkiyə bununla dünyada təhlükəsizliyə böyük töhfə verir. İkincisi isə, Türkiyə Yaxın Şərqdən gəlmiş 3 milyondan artıq qaçqına qucaq açıb, bununla da onların Avropaya daxil olmasının qarşısını alıb. Avropaya göstərdiyi bu cür dəstəyin müqabilində isə Türkiyəyə qarşı belə davranış qəbul edilməzdir və bu mövqe bir daha göstərir ki, Avropada çox ciddi bir böhran yaşanmaqdadır. Belə görünür ki, Avropada artıq Avropa baharı başlayacaq". Millət vəkili Fazil Mustafa deyib ki, çox güman Türkiyə AŞPA-dan çıxmağa qərar verəcək. Millət vəkilinin sözlərinə görə, AŞPA-nın qərarı çox qərəzlidir və Avropanın Türkiyəni sıxışdırmaq siyasətinin tərkib hissəsidir: "Təəssüf ki, Avropa Şurası kimi bir qurum da bəzi Avropa ölkələrinin iradəsinə tabe olaraq, alət kimi istifadə olunur. Məncə, Türkiyə bu dərəcədə bir töhmətin altına girəcək dövlət deyil. Çox güman ki, Ankara AŞPA-dan çıxmağa qərar verəcək. Çünki AŞPA-nın bu formada yanaşması qəbuledilməzdir. Bu gün və ya sabah bu addım başqa ölkələrə qarşı da ola bilər. Bu meyarları məhz AŞPA-nın gündəmə gətirməsi və qəbul olunmuş ümumi qaydaları pozması beynəlxalq hüququn prinsiplərinə də uyğun deyil. Hesab edirəm ki, sözügedən qərar Türkiyə tərəfindən çox mənfi qarşılanacaq və hətta Ankaranın ən sərt addımlar atması gözləniləndir".
Yeri gəlmişkən qeyd edək ki, analitiklər Avropa dövlətlərinin təsiri altında olan AŞPA və digər qurumların fəaliyyətinin təhlili zamanı qəribə mexanizmin tətbiqini aşkar ediblər. Məlum olub ki, bu kimi qurumlarda mexanizm belə qurulub ki, əvvəlcə ayrı-ayrı dövlətlər bu cür təşkilatlara cəlb olunur və onlara ümumi öhdəliklər qəbul etdirilir. Sonra isə planın ikinci əsas hissəsi işə düşür. Bu mərhələdə öz məqsədlərinə çatmaq, yəni, dövlətləri öz istəklərinə uyğun şəkildə idarə etmək, onları istismar etmək üçün addımlar atılır. Buna etiraz edilən zaman isə dərhal həmin ölkə insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi qələmə verilir və şantaja məruz qalır. Nə qədər qəribə olsa da bu metod xüsusilə müsəlman ölkələrinə qarşı tətbiq edilir. Əgər konkret ifadə etməyə çalışsaq, Avropa İttifaqının bütün struktur vahidləri, o cümlədən AŞPA müsəlman ölkələrinə qarşı əməlli-başlı siyasi terror müharibəsi aparır. Onlar, belə demək mümkündürsə, insan hüquq və azadlıqları silahı ilə hücum edir, Yaxın Şərqdə başlatdıqları idarəolunan xaos müharibəsini bütün müsəlman ölkələrinə yaymağa çalışırlar. Bu hibrid müharibə növü Qərb imperializminin düşünüb tapdığı ən qəddar, ən amansız və ən əxlaqsız müharibədir. Hazırda Türkiyənin hədəf götürülməsini isə qətiyyən təsadüfi hesab etmək olmaz. Xatırladaq ki, ötən ilin 15 iyul hadisələri də Türkiyəni imperializmin yeni müharibə poliqonuna çevirməyə hesablanmışdı. Ancaq türk xalqı Qoca qitənin bu hiyləsinə aldanmadı. Əksinə, referendum qərarı alaraq öz milli dövlətini bir qədər də gücləndirdi. İndi Avropa bunun əvəzini çıxmağa çalışır. Ona görə də AŞPA vasitəsilə belə bir siyasi şantaj həyata keçirir. Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib. Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərar verib. AŞPA Türkiyəni siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarmışdı.
Nurlan