İranın yeni Cənubi Qafqaz siyasəti
Son vaxtlar beynəlxalq və regional muqyasda bir-birindən maraqlı proseslər müşahidə edilməkdədir. Bu proseslərin oxşar cəhətləri isə ondan ibarətdir ki, həm beynəlxalq, həm də regional miqyasda müşahidə edilən hadisələrdə bizim şimal və cənub qonşularımız daha aktiv görünməkdədirlər.
24 Aprel 2017 13:16 DünyaDaha çox iqtisadi maraqlar üzərində köklənən bu siyasət okeanın o tayında heç də normal qarşılanmır
Son vaxtlar beynəlxalq və regional muqyasda bir-birindən maraqlı proseslər müşahidə edilməkdədir. Bu proseslərin oxşar cəhətləri isə ondan ibarətdir ki, həm beynəlxalq, həm də regional miqyasda müşahidə edilən hadisələrdə bizim şimal və cənub qonşularımız daha aktiv görünməkdədirlər. Belə ki, Yaxın Şərq, xüsusilə Suriyada üstün mövqeyə malik olmaq uğurunda ciddi cəhdlər göstərən Moskva və Tehran, paralel olaraq Cənubi Qafqazı da yaddan çıxarmır və bu coğrafiyada da maraqlarının qorunmasına çalışır. Hər halda son həftələr ərzində Cənubi Qafqazda müşahidə edilən Moskva və Tehran fəallığı belə deməyə əsas verir. Sadəcə, Rusiya ilə İranın regionla bağlı planlarındakı fərq ondan ibarətdir ki, Moskva regiona daha çox hərbi baxımdan nəzarət etməyi düşündüyü və bu istiqamətdə müəyyən gedişlər etdiyi halda, Tehran iqtisadi sahədə regionda möhkəmlənməyi hədəf seçib. Elə son həftələr ərzində yüksək səviyyəli İran rəsmilərinin region ölkələrinə səfərləri də məhz buna hesablanıb. Məlum olduğu kimi ötən həftə İranın xarici işlər naziri Cavad Zərif Gürcüstana səfər edərək, bu ölkənin rəsmləri ilə geniş tərkibdə danışıqlar aparıb. Sözügedən danışıqların əsas mövzusu isə iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi və yeni nəqliyyat dəhlizlərinin müəyyən edilməsi olub. Bu sahədə Tehran üçün ən əlverişli istiqamət isə Tehran-İrəvan-Tbilisi hesab edilib. Nəzər alaq ki, İran paralel olaraq Azərbaycan və Rusiyanın də iştirak etdiyi Şimal-Cənub Nəqliyyat dəhlizinin iştirakçısıdır. Paralel olaraq indi də Tehran-İrəvan-Tbilisi dəhlizinin gündəmə gəlməsi, elə İranın regionda iqtisadi fəallığının artmasından xəbər verir.

Regionda cərəyan edən prosesləri, xüsusilə İranın fəallaşmasını şərh edən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, rəsmi Tehranın genişlənən Yaxın Şərq siyasəti artıq, Cənubi Qafqazda da hiss edilməyə başlayıb: "Qeyd etmək lazımdır ki, Azərbaycan, Rusiya və İranın ortaq lahiyəsi olan Şimal -Cənub Nəqliyyat dəhlizinin hazırda İran tərəfində tikintisi getməkdədir. Bu nəqliyyat dəhlizi Fars köfəzi ilə Şimali Avropanı birləşdirəcək. Həmçinin Hindistandan daşınacaq yüklərlə bu marşutun beynəlxalq əhəmiyyəti artacaq. Bu layihə Rusiya-Azərbaycan və İranın birgə ortaq layihəsi ilə bərabər, bu üç ölkənin regional əməkdaşlıq imkanlarını da önə çəkir. Xüsusilə Azərbaycanın Ermənistanı blokadada saxlamaq imkanlarına malikliyini təmin etmiş olur. Cənubi -Şərqi Asiyadan daşınan yüklər, İran -Azərbaycan və Rusiya ərazisindən keçməklə, Avropaya istiqamətlənmiş olacaq. Görünür, bu nəqliyyat dəhlizi ilə kifayətlənməyən rəsmi Tehran, Ermənistanı və Gürcüstanı öz nəqliyyat təsir dairəsinə almaq, Türkiyə və Azərbaycandan yan keçməklə, Qara dənizlə Fars körfəzini birləşdirəcək, yeni nəqliyyat dəhlizinin yaradılmasına çalışır. Bu dəhliz, Ermənistandan keçməklə, Gürcüstanın Poti limanına, oradan da Bolqarıstanın Varna limanı ilə birləşdirəcək. İranın xarici siyasət idarəsi rəhbəri Cavad Zərifin Tiflisdə apardığı əsas müzakirələrdə bu mövzular, əsas danışıqlar predmeti olub". Məhəmməd Əsədullazadə qeyd edib ki, Gürcüstan və Ermənistan da bu layihənin həyata keçməsində Tehranla əməkdaşlıqda maraqlı görünür. Onun sözlərinə görə, xüsusilə iqtisadi blokada şəraitində olan Ermənistan üçün İranın bu jesti, işğalçı ölkə üçün yeni nəfəslikdi: "Vurğulamaq lazımdır ki, İranın Şimal-Cənub Nəqliyyat dəhlizinə alternativ yaratmaq istəyi regionda özünün geosiyasi maraqlarının artmasına hesablanıb. Azərbaycan İranla bu aspektdə danışıqlar aparsa da, görünən odur ki, İran özünün Qafqaz siyasətində Ermənistana üstünlük verməkdədir". Politoloq deyib ki, İran həm də, Asiyadan yüklərin Türkiyə vasitəsilə Avropaya çıxışını alternativ yolla təmin etmiş olacaq: "Çünki, Türkiyə və İran hazırda geosiyasi maraqlar uğrunda mübarizə aparmaqdadır. İran, bununla Türkiyənin tranzit ölkə rolunu zəiflətməyə hesablayıb. Hazırda Tehranın bu siyasəti, iqtisadi əməkdaşlıqla bağlı deyil. Bununla Cənubi Qafqazda işğalçı Ermənistanın tranzit ölkə rolunu artırmaq, bununla da Azərbaycana ciddi təzyiq etmək planının bir hissəsi olduğu aydın görünür. Çünki, ikinci belə bir marşrutu həyata keçirmək, iqtisadi mənfəətdən çox siyasi gedişlərə hesablanıb. Ermənistan rəhbərliyi, dəfələrlə İrana səfər edərək, Tehrandan bu kimi, işlərə başlanmasını xahiş ediblər. Amma, burada Rusiyanın reaksiyası da mühüm rol oynayacaq. Çünki, Rusiyadan yan keçməsi planlaşdırılan yüklərin Ermənistan və Gürcüstandan keçəcək, hər hansı bir beynəlxalq tranzitin qurulmasına imkan verməyəcəyi gözlənilir. Yoxsa, Rusiyanın da iştirak etdiyi Şimal-Cənub Nəqliyyat dəhlizi öz əhəmiyyətini azaldar. Təbii ki, Rusiyanın satalleti olan Ermənistanın bu cığal hərəkətlərinin qarşısında sədd qoyacağı şübhəsizdir. İran Yaxın Şərqdə və Cənubi Qafqazda çox ciddi yanlış və ikibaşlı siyasət aparmaqdadır. Yaxın Şərqdə diktator rejimləri, Qafqazda isə işğalçı ölkəni dəstəkləməkdədir". Məhəmməd Əsədullazadə hesab edir ki, İranın regional gərginliyi artırması, Vaşinqton tərəfindən ciddi şəkildə diqqətlə izlənilir: "Görünür, İranla nüvə anlaşmasının ləğv ediləcəyi artıq bəllidir. Bu, İrana qarşı yeni sanksiyaların artmasına səbəb olacaq və İranın regional gücünü zəiflədəcək. Birləşmiş Ştatların Yaxın Şərqdə İranı zəiflətməsi, bu ölkənin Cənubi Qafqaz siyasətini arxa plana keçirəcək. Tarix boyu, İran Qafqazda qeyri-sabitləşdirici faktor olub".
Süleyman