İŞİD hücuma keçdi: Palmira niyə çökdü?

Suriyanın Homs vilayətindəki Palmira şəhəri "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının tam nəzarətindədir. İŞİD şəhəri yenidən ələ keçirmələ yanaşı, Suriya ordusunun birləşmələrini qərbə doğru sıxaraq Tiyasadək geri çəkilməyə vadar edir. Suriya ordusu Homs istiqamətindən Palmiraya və Tiyasa əlavə qüvvələr göndərir.

Suriyanın Homs vilayətindəki Palmira şəhəri "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının tam nəzarətindədir. İŞİD şəhəri yenidən ələ keçirmələ yanaşı, Suriya ordusunun birləşmələrini qərbə doğru sıxaraq Tiyasadək geri çəkilməyə vadar edir.
Suriya ordusu Homs istiqamətindən Palmiraya və Tiyasa əlavə qüvvələr göndərir.

Milli.Az bildirir ki, şəhəri İŞİD terrorçularından azad etmək üçün əks-hücum hazırlanır.
Bu məqsədlə Dəməşq, Şərqi Quta və Yarmukdan hərbçilər Palmira istiqamətə göndərilirlər.
Bu gün səhər İŞİD bəyanat verərək Palmiranın yaxınlığındakı Bəyrat şəhərini və şəhərin qərbindəki yolayrıcını da ələ keçirdiyini bildirib.

İŞİD isə Suriya ordusunun nə zaman hücuma keçəcəyini gözləmək niyyətində deyil. Terrorçular Palmira-Tiyas trasını tam ələ keçirmək, Əld Karyateynə doğru irəliləmək niyyətindədirlər.
Hərbi ekspertlərin dediklərinə görə, Palmiranın İŞİD-in əlinə keçməsi Suriya prezidenti Bəşər Əsədin yeni fiaskosu ilə yanaşı, Rusiyanın nüfuzuna ağır zərbədir.

2004-2008-ci illərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş ordu generalı Yuri Baluevski də bu fikirdədir.
"Nüfuzumuza çox ağır zərbədir. Hadisələrin belə məcrada inkişaf edəcəyini əvvəlcədən təxminləmək gərəkdi. Terrorçuların sakit durmayacaqları bəlli idi. Humanitar fasilələri də anlamıram. Doğrudur, əhalini atəş altından çıxarmaq, insanların təhlükəsizliyini təmin etmək lazımdır. Lakin belə fasilə həftələrlə davam etdi, terrorçular qüvvələrini bərpa etdilər. Palmiranın İŞİD-in əlinə keçməsi Suriyada hərbi əməliyyatlarımızı planlaşdıranların da səhvi, uğursuzluğudur", - Baluevski söyləyib.

Suriya ordusunun döyüş qabiliyyəti zəifdir. Bu, bəlli. Lakin Palmiranı faktiki olaraq Rusiyanın mart ayında İŞİD-dən azad etdiyini nəzərə alsaq, məhz Rusiyanın hərbçiləri bu şəhərlə bağlı situasiyanı tam nəzarətdə saxladıqlarını deyirdilər.

Palmiranı ələ keçirəndən sonra İŞİD burada xeyli silaha və hərbi texnikaya yiyələnib. Həmin trofeylər arasında 30 tank, 6 PDM, 122 mm çaplı 6 top, 7 Zu-23 qurğusu, çoxsaylı avtomobillər, tank əleyhinə raket qurğuları, silah, sursat və əsləhə var.
Şəhərin şimalını və xüsusilə də şərqdəki bütün müdafiə mövqelərini itirmiş Suriya ordusununun effektiv zərbələrlə əks-hücuma keçə bilməsi şübhəlidir. Aviasiya zərbələri ilə də problemi həll etmək mümkün deyil, çünki Palmira-Tiyas trasından şimalda cəbhəni möhkəmləndirmək, üstəlik piyada birləşmələrini gücləndirmək gərəkdir.
Əsas məsələ Suriya ordusunun qoyub qaçdığı şəhər məhəllələrini yox, Palmiranın ətrafındakı təpələri yenidən ələ keçirməkdir.

Suriya ordusunun 2017-ci ildə Deyr əz Zora hücum üçün toplayaraq yığdığı bütün texnika, silah və sursat anbarlarının Palmirada İŞİD-in əlinə keçdiyini də güman etmək olar. 

İŞİD-in şəhərə 4 min terrorçu ilə hücuma keçdiyini, bu qədər terrorçunun necə "qəflətən" bir araya gəlməsi barədə sualların da çox sadə cavabı var. Terrorçular bir yerə yığılmamışdılar. Onlar Hüvysisdən Şaerədək uzanan, Tadmorun və Palmiradakı elevatorun yanından keçərək cənub-qərbə istiqamətlənən geniş cəbhədə idilər. Terrorçular Hüveysis tərəfdə tanklarla gücləndirilmiş bir alay vasitəsilə irəlilədilər, Palmira-Tiyas istiqamətdən isə Suriya ordusunun mövqelərini tanklardan və özüyeriyən artilleriya qurğularından (ÖAQ) atəşə tutdular.

Az sonra isə şərqdən və şimaldan Suriya ordusunun müdafiəsinin yarılması şəhərin İŞİD-in əlinə keçməsi ilə nəticələndi.
İraqın Mosul şəhərindən İŞİD-in Palmira ətrafına əlavə qüvvələr cəmləməsi barədə deyilənlər yalandır. Mosulda İŞİD terrorçuları mühasirədədir və Mosuldan Suriyaya gedən yeganə yol Telafərdə kəsilib. 

Bu baxımdan, çox yəqin ki, İŞİD İraqın Ənbar vilayətindən minlərlə terrorçunu Palmiraya yollayaraq əməliyyata cəlb edib.
Aşkar olan budur ki, Suriya və Rusiya hərbçilərini aldatmağa nail olan İŞİD həm taktiki, həm də operativ qəfilliyi reallaşdırdılar. 
Palmiranın İŞİD-in əlinə keçməsi Suriyada situasiyanı həddən artıq ağırlaşdırmaqla yanaşı, Rusiyanın Yaxın Şərqdəki mövqelərinə, nüfuzuna zərbə vurub.

Elçin Alıoğlu
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31