Tramp prezident təyyarəsindən imtina etdi
ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp dövlət başçısı üçün nəzərdə tutulmuş xüsusi təyyarənin - "Air Force One"ın inşası ilə bağlı Boeing korporasiyası ilə bağlanmış müqavilənin ləğvini tələb edib.
8 Dekabr 2016 14:29 DünyaABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp dövlət başçısı üçün nəzərdə tutulmuş xüsusi təyyarənin - "Air Force One"ın inşası ilə bağlı Boeing korporasiyası ilə bağlanmış müqavilənin ləğvini tələb edib.
Milli.Az bildirir ki, Donald Tramp Twitter-dəki akkauntunda yazıb: "Boeing gələcək prezidentlər üçün yeni 747 Air Force One inşa edir. Lakin təyyarə ilə bağlı xərclər nəzarətdən çıxıb və artıq 4 milyard dollardan artıq olub. Müqavilə ləğv edilməlidir".
Boeing korporasiyası ABŞ prezidenti üçün Boeing 747-8 kommersiya laynerinin əsasında yeni təyyarənin yaradılması ilə bağlı 2016-cı ilin yanvar ayında sifariş alıb.

Sifarişin icrası hələlik ilkin mərhələdədir. Yeni prezident təyyarələrinin 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Donald Tramp yalnız ikinci dəfə prezident seçilərsə həmin təyyarədən istifadə edə biləcək.
Yeni təyyarənin hazırlanması ilə bağlı Boeing-ə artıq 170 milyon dollar köçürülüb.
Donald Trampın nümayəndəsinin dediyinə görə, yeni təyyarə ilə bağlı Boeing korporasiyası ilə müqavilənin ləğvi "vergi ödəyicilərinin vəsaitlərinə qənaət etmək istəyindən qaynaqlanır".
ABŞ-da hökumət xərclərinin müstəqil auditoru olan Baş Büdcə-Nəzarət İdarəsinin hesablamalarına görə, yeni təyyarələrin yekun qiyməti 3,2 milyard dollar təşkil edə bilər. Təyyarələrin hələlik layihə mərhələsində olduğunu nəzərə alsaq, məbləğ daha da artacaq.
Müqavilə ləğv olunarsa, Boeing-ə ödənmiş pul geri qaytarılmayacaq.