Tramp Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir

Mütəllim Rəhimli: “Trampın ABŞ siyasətinə, idarəetmə mexanzmlərinə, müttəfiqlərinə yeniliklər gətirəcəyi istisna edilmir” Elxan Şahinoğlu: “Mümkündür ki, Tramp uğurlu iş adamı kimiAmerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın” Birləşmiş Ştatlarda çoxlarının gözləmədiyi seçki sonucu ortaya çıxdı. Barmaqla sayıla biləcək qədər şəxs Respublikaçılar Partiyasının namizədi Donald Trampın Ağ Ev rəhbəri seçiləcəyinə inandığı halda, Birləşmiş Ştatların 45-ci prezidenti məhz Tramp seçildi. İndi təkcə amerikalılar deyil, eləcə də bütün dünya bundan sonra Amerikanın hansı siyasi kursu həyata keçirəcəyini proqnozlaşdırır. Çünki Donald Tramp seçki kampaniyasına qoşulan zaman Ağ Ev rəhbəri seçiləcəyi təqdirdə Vaşinqtonun daxili və xarici siyasətində kordinal dəyişikliklər həyata keçirəcəyini bildirmişdi.

Mütəllim Rəhimli: "Trampın ABŞ siyasətinə, idarəetmə mexanzmlərinə, müttəfiqlərinə yeniliklər gətirəcəyi istisna edilmir"

Elxan Şahinoğlu: "Mümkündür ki, Tramp uğurlu iş adamı kimiAmerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın"

Birləşmiş Ştatlarda çoxlarının gözləmədiyi seçki sonucu ortaya çıxdı. Barmaqla sayıla biləcək qədər şəxs Respublikaçılar Partiyasının namizədi Donald Trampın Ağ Ev rəhbəri seçiləcəyinə inandığı halda, Birləşmiş Ştatların 45-ci prezidenti məhz Tramp seçildi. İndi təkcə amerikalılar deyil, eləcə də bütün dünya bundan sonra Amerikanın hansı siyasi kursu həyata keçirəcəyini proqnozlaşdırır. Çünki Donald Tramp seçki kampaniyasına qoşulan zaman Ağ Ev rəhbəri seçiləcəyi təqdirdə Vaşinqtonun daxili və xarici siyasətində kordinal dəyişikliklər həyata keçirəcəyini bildirmişdi.

Trampın qələbəsinə görə 41 milyard itirdilər

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da deyir ki, Donald Trampın prezident seçilcəyini çoxları proqnozlaşdırmırdı. Ancaq nəticə məhz Trampın xeyrinə oldu. Mərkəz rəhbərinin sözlərinə görə, amerikalılar Klintonun yerinə ona görə Trampa üstünlük verdilər ki, bu sinanmamış siyasətçidir, onu yoxlamaq lazımdır: "Çünki, Hillari Klinton nə qədər öndə görünsə də, dövlət katibi postunda xeyli yanlışlıqlar etmişdi. İŞİD terorçu qruplaşması məhz Hillari Kllintonun dövründə yarandı, Liviyanın dağılması da onun "əsəri" idi. Tramp Klintonlar ailəsini tarixin arxivinə göndərdi". Bəs Donald Trampın prezidentliyi nə vəd edir?. Elxan Şahinoğlu deyir ki, Tramp vəd etdiyi kimi Rusiya prezidenti Vladimir Putinlə dostlaşa, eyni zamanda İranla nüvə razılaşmasını dediyi kimi zibil yeşiyinə ata bilməyəcək: "Məsələ burasındadır ki, Amerikada oturuşmuş siyasi sistem var və bəzən prezident bu sistemin gedişatına tabe olmaq məcburiyyətindədir. Obama Liviyaya müdaxilə etmək istəmirdi, ancaq Dövlət Departamenti, Pentaqon, üstəgəl onlarla müşavirin hazırladıqları hesabatlar Amerikanı hərbi müdaxiləyə sürüklədi və üstündən illər keçdikdən sonra Ağ Ev sahibi "Liviya əməliyyatı bizim böyük səhvimiz idi" dedi. Əslində Obama bununla öz cəmiyyətinə və beynəlxalq aləmə "ətrafım mənə qulaq asmadı və mən onların istəyinə tabe oldum" kimi üstüörtülü mesaj verdi. Obamadan olsaydı, Amerikada silah satışına da çoxdan qadağa qoyardı.ancaq o bu məsələnin həllində də acizdir. Barak Obamanın dövründə dünya daha çox qarışdı, qətllər və terror aktları hər yeri bürüdü. Barak Obama seçki öncəsi verdiyi ən böyük vədini də yerinə yetirmədi. "Quantanamo həbsxanasını qapadacam" deyən Obama 8 ildə bu vədinə xilaf çıxdı. Bu deyilənləri Trampada şamil etmək olar. Mümkündür ki, Tramp uğurlu iş adamı kimiAmerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın. Ancaq eyni sözləri təhlükəsizlik və xarici siyasətə şamil etmək çətindir. Donald Tramp bəlkə bir sıra ölkəni xəritədə də göstərə bilməz. Ancaq Amerikanı yalnız prezidentlər idarə etmir. Dövlət Departamenti, Pentaqon, onlarla müşavir və onların hazırladıqları hesabatlar və yüzlərlə beyin mərkəzi -bütün bunlar prezidentlərin qərarlarına təsir edir. Əgər Amerikanın siyasi sistemi Krımın işğalına və Suriyada Bəşər Əsəd rejiminə verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların davamını diqtə edirsə, Tramp bunu gözardı edərək Putinlə asanlıqla dostlaşa bilməyəcək. Və ya Vaşinqton Tehranla nüvə razılaşmasına nail olmaq üçün uzun illər danışıqlar aparıb və İranın nüvə silahı əldə etmyəcəyinə dair zəmanət aldıqdan sonra bu ölkə ilə barışıb. Bu barış Amerikanın maraqlarına uyğundur. Ağ Evin yeni sahibi bu barışdan imtina edərsə, bu Amerikanın ziyanına olacaq. Çünki Tehran müqavilədən çıxmaqla nüvə silahı yaratmaqda sərbəst olacaq". Mərkəz rəhbərinin qənaətincə, Donald Tramp Türkiyə üçün də qaranlıq qutudur: "Barak Obama prezident seçildikdən sonra müsəlman ölkələri sırasında ilk öncə Türkiyəni ziyarət etdi. Ankara ümid edirdi ki, məhz Obamanın dövründə Vaşinqtonla əməldə strateji əməkdaşlıq qurulacaq. Bu da olmadı. Əksinə, bu gün iki məsələdə Barak Obama administrasiyası Türkiyənin maraqları əleyhinə gedir. Birincisi, Vaşinqton Suriyadakı silahlı kürdlərə yardımını dayandırmayıb, ikincisi, 15 iyul hərbi çevrilişini təşkil edən Fətullah Gülən əvvəlkitək Amerikada rahat yaşayır. Bunun nəticəsində Ankara Vaşinqtonun bölgədəki əsas rəqibi Kremlə yaxınlaşır. Tramp Türkiyəni yenidən qazanmaq üçün həm silahlı kürdlərə dəstəkdən vaz keçməli, həm də Gülən problemini həll etməlidir" Bəs Donald Trampın prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinə nə vəd edir?. Elxan Şahinoğlu bildirib ki, Barak Obamanın prezidentliyi və Hillari Klintonun dövlət katibliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınmadı: "Tam əksinə, bu dövrdə Bakıda Amerikanın müxtəlif fondları və Konqresin maliyyələşdirdiyi "Azadlıq" radiosu qapandı, xarici qrantlara qadağa qoyuldu. Böyük ehtimalla Donald Tramp prezident seçildikdən sonra Bakıda inşası çoxdan tamamlanan "Trump Tower" binasının açılışı olacaq. Digər tərəfdən, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı yoxdur. Bu münaqişə Vaşinqton üçün son sıralarda yer alıb. Vaşinqton-Bakı münasibətləri yeganə olaraq enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir, sıx dialoq mövcuddur. Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir. Hətta bu məqsədlə Avropa İttifaqı dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Donald Trampın administrasiyası bu dəstəyi davam etdirəcək. Adətən respublikaçı prezidentlər geosiyasi amillərə önəm verirlər. Demək Tramp da bir respublikaçı kimi bu amildən çıxış edərək Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir. Unutmayaq ki, Amerikanın siyasi sistemi Azərbaycanın ayaqları üstündə möhkəm dayanmasında, dünyəvi müsəlman ölkəsi kimi inkişafında, o cümlədən Rusiyanın və İranın mümkün təsirlərindən qorunmasında maraqlıdır. Bu Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də rəsmi Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da, balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlığın yollarını axtarmalıdır".

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli də deyib ki, Donald Trampın ABŞ-ın prezidenti seçiləcəyinə inananların sayı çox az idi. Onun sözlərinə görə, hətta politoloqlar onun prezident olacağı ilə bağlı ehtimallarını söyləməkdən belə çəkinirdilər: "Çünki Hillari Klintondan fərqli olaraq o, bütün davranışıları və çıxışları ilə həm ABŞ-a, həm də dünyaya narahatlıqlarla dolu yenilik və dəyişiklik vəd edirdi. Bunu isə uzun illər eyni ritmlə yaşayan və böyük dəyişiklərin yaradacağı gərgilik və təlatümlərdən qorxan heç bir cəmiyyət qəbul etmək istəmirdi. Çünki heç kim malik olduğu və uzun illər formalaşdırdığı rahat həyatı narahatlıqlara dəyişməz. ABŞ-dan kənarda Trampın sevilmədiyi və dəstəklənmədiyi səbəbləri kifayət qədər aydındı. Heç kim bu böyük super gücün qeyri-standart, qeyri-müəyyən mexanizmə malik və nəticəsi bəlli olmayan siyasəti ilə qarşılaşmaq istəmir. Çünki Trampın seçkilər zamanı açıqladığı yeganə nüans aparacağı siyasətdə ABŞ-ın maraqları olub. Qalan məsələlərlə bağlı mövqeyi isə az qala bütün dünyada şok yaradıb". Mütəllim Rəhimli deyir ki, bu zaman ortaya maraqlı sual çıxır. Trampın seçilməsinə səbəb olan əsas amillər hansılardır?: "Çox böyük ehtimalla ABŞ cəmiyyəti də indiki rahat yaşayışını tamamilə ona aydın olmayan gələcək vədlərə dəyişmək istəməzdi. Digər tərəfdən qaradərilər və xristianlardan başqa digər dini inanclılar, xüsusilə müsəlmanlar, qadınlar, ABŞ-a pənah aparan digər xalaqlar və s. də Trampa səs verə bilməzdilər. Deməli, Trampı dəstəkləyənlərin sayı nəzəri baxımdan o qədər də çox qalmır. Amma bütün bunlarla yanaşı son vaxtlar ABŞ-ın dünyada aparıcı dövlət kimi gücünü itirəcəyi ilə bağlı ehtimallar da yer almaqda idi. Xüsusilə 2020-ci ildən sonra dünya iqtisadiyyatında Çinin birinciliyi ələ alacağı ilə bağlı proqnozlar amerikalıları ciddi narahat edirdi. Faktiki olaraq ABŞ iqtisadi sahədə Çinə, geosiyasi müstəvidə Rusiyaya uduzmaqda idi. Təbii ki, Obama siyasətinin davamçısı olan Hillari Klinton ABŞ-ı bu süqut trayektoriyasından çıxara bilməzdi. Çünki onun indikindən fərqli olaraq qeyri-adi konsepsiyası yox idi və tənəzzülü dayandıracağı inandırıcı təsir bağışlamırdı. Bu hal isə ABŞ seçicilərini və ABŞ-ın "düşünən beyinlərini" narahat etməyə bilməzdi. Çox böyük ehtimalla onlar bu yükü çəkəcək prezident kimi Donald Trampı görüblər. Ona görə də deyə bilərik ki, Trampı amerikalılar yox, ABŞ-ın 538 seçicisi və "düşünən beyin"ləri seçib. ABŞ prezidentinin bu ölkənin siyasətinə əhəmiyyətli təsirini inkar edənlərin fikirlərini də bölüşmək olardı. Ancaq unutmaq lazım deyil ki, Ərdoğanın Türkiyənin Atatürk dövründən formalaşan və oturuşmuş idarəetmə sistemini dəyişməyə gücü çatdı. Buna güclü liderliyi və idarəetmə qabiliyyəti nəticəsində nail oldu. Düşünürəm ki, Trampı hakimiyyətə gətirənlər də onu dəyişən dünyanın inkişaf dinamikasına və yönümünə uyğun olaraq ABŞ-ı yerindən tərpətməyə, onu hərəkətə gətirərərək, yeni nəfəs verməyə qadir şəxs kimi görüblər. Bu baxımdan Trampın ABŞ siyasətinə, idarəetmə mexanzmlərinə, müttəfiqlərinə yenilikıər gətirəcəyi istisna edilmir. Ona görə də bəzilərinin ABŞ-ın siyasətinə Trampın ciddi müdaxilə edə bilməyəcəyi haqqında təsəlli təsiri bağışlayan şərhləri yalançı ümidlərdən başqa bir şey deyil".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31