Rza Zərrabın həbsində FETÖ şəbəkəsinin izi

Azərbaycan əsilli, Türkiyə vətəndaşı olan iş adamı Rza Zərrabın ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunması vətəndaşı olduğu ölkənin dövlət rəsmilərinin də diqqətindən kənarda qalmayıb.

Azərbaycan əsilli, Türkiyə vətəndaşı olan iş adamı Rza Zərrabın ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunması vətəndaşı olduğu ölkənin dövlət rəsmilərinin də diqqətindən kənarda qalmayıb. Baxmayaraq ki, Türkiyə ictimaiyyətində onun həbsi ilə bağlı mövqelər müxtəlifdir, ancaq ölkə əhalisinin mütləq əksəriyyəti iş adamının həbsinin əsassız və hətta sifarişlə baş verdiyi qənaətindədir. Bunun bariz nümunəsi olaraq müğənni Ebru Gündeşin həyat yoldaşı olan Zərrabın vəkili Bencamin Brafman vasitəsilə məhkəməyə 10 milyonu nağd olmaqla 50 milyon dollar təzminatla azadlığa buraxılma tələbinə hakim tərəfindən rədd cavabının verilməsini göstərmək olar. Belə ki, Nyu-York cənub bölgəsinin hakimi Prit Bharara məhkəmənin Cənubi Azərbaycanlı iş adamının təzminatla azadlığa çıxmasının əleyhinə qərar verib. Yeri gəlmişkən 
xatırladaq ki, R.Zərrab E.Gündeş və qızı ilə birgə Mayamidə istirahət edərkən həbs olunub. ABŞ hökuməti ona qarşı fırıldaqçılıq, "çirkli pullar"ın yuyulması ittihamıyla iş açıb. Ancaq həm Zərraba qarşı ittiham irəli sürən prokuror, həm də onun həbsi barədə qərar qəbul edən hakimin hərəkətləri iş adamının həbsinin sifarişlə baş verdiyini deməyə əsas verir. R.Zərrabın həbsindən ötən müddət ərzində onun barəsində irəli sürülən versiyalar tamamilə alt-üst olmaqdadır. Səslənən versiyalardan biri onun guya ABŞ-a getməzdən 3 ay öncə İstanbulda ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri ilə təmasda olması ilə bağlıdır. Guya bu görüşdən Türkiyə hakimiyyətinin xəbər tutmaması üçün maksimum məxfilik səviyyəsi tətbiq olunub. Türkiyə mətbuatı iddia edir ki, FTB-nin agentləri ilə görüşən Zərrab əgər təhlükəsizliyi təmin olunarsa və verəcəyi məlumatlar lehinə istifadə edilərsə, ABŞ-a gedib FTB-yə təslim olmağa hazır olduğunu bildirib. Zərrab ABŞ-a gedəcəyini yaxın çevrəsindən heç kimə deməyib, turist kimi getdiyi görüntüsü yaratmaq üçün Mayamini seçib və arvadı Ebru Gündeşlə qızını da özü ilə aparıb və orada həbs olunub. Buradan belə bir sual meydana çıxır: əgər Rza Zərrab FTB ilə anlaşmaya gəlmişdisə niyə onun həbsi barədə qərar verildi? Yayılan məlumata görə, Rza Zərrabın həbsində Fətulla Güllən şəbəkəsinin marağı olub. Elə onun barəsində ittiham irəli sürən prokuror və həbs qərarı verən hakimin FETÖ-ya sadiq şəxslərdən olduğu bildirilir. Təsadüfi deyil ki, Rza Zərrabın həbsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın vitse-prezidenti Co Baydenlə Nyu-Yorkda ötən həftə keçirdiyi görüşdə müzakirə edilib. Türkiyə prezidenti iş adamını həbs etdirən prokurorla onu mühakimə edən hakimin Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrinin olduğunu ABŞ-ın vitse-prezidentinə çatdırıb.Bunu ABŞ-dan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğanın şəxsən özü deyib: "Prokuror Bharara da, hakim Riçard Berman da Türkiyədə daha əvvəl FETÖ tərəfindən qonaq qəbul edilən şəxslərdir. Yəni, Ədliyyə Nazirliyi Zərrabı tutub orada FETÖ-nün yemlədiyi adlara təslim edir. Baydenə bunları izah etdim. "Mən bu qədərini bilmirdim" dedi". - Ərdoğan Rza Zərrabın heç bir günahının olmadığını söyləyib: "O, bizim vətəndaşımız olduğu üçün məsələyə laqeyd qala bilmərik. İstər Ədliyyə, istərsə də İqtisadiyyat Nazirliyimiz bu adamın bir günahının olmadığını bildirir. İran da eyni şeyi söyləyir. Ancaq buna baxmayaraq, bu şəxs 6 aydır ABŞ-da məhbus vəziyyətdədir". Məlumata görə, Zərrabın həbsində Fətullah Gülənin şəxsən özü maraqlı olub. Hətta uzun müddət iş adamının həbsi barədə planlar çızılıb. Xatırladaq ki, Rza Zərrab 2013-cü ilin dekabr ayında Türkiyədə qalmaqallı korrupsiya işi ilə bağlı həbs edilmişdi. O, hökumət üzvlərinə rüşvət verməkdə təqsirləndirilirdi. Lakin daha sonra ona qarşı irəli sürülən ittiham ləğv olunub və işə xitam verilib. Lakin onun həbsdən azad olunması barədə qərar sifarişlə deyil, hüquqi əsaslandırma olmadığına görə verilib. Bu isə o deməkdir ki, Zərrabın həbsi barədə hansısa maraqlı qüvvələr tərəfindən sifariş verilib. Həmin vaxtlar isə Fətullah Gülənin Türkiyədə "qılıncının dalı da, qabağı da kəsirdi". 
Yayılan xəbərə görə, Zərrabın həbsinə ABŞ-ın ən ali dövlət rəhbərliyi tərəfindən razılıq verilib. Belə ki, Zərrab haqqında iddianamə hazırlayan prokuror Preet Bharara onun nəzarətə alınmasından 3 gün əvvəl (16 mart) Ağ Evdə Amerika Ədalət Nazirliyi səlahiyyətliləri ilə birlikdə prezident Obama ilə görüşüb. Bharara Obama ilə görüşərkən çəkdirdiyi bir fotoşəkili da twitter hesabında paylaşıb. Göründüyü kimi Zərrabın həbsi sadəcə "çirkli pulun" yuyulması əməliyyatının tərkib hissəsi kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, ABŞ-da "qara pul" əməliyyatı nəticəsində kifayət qədər iş adamları, yaxud məmurlar həbs olunur, lakin onların heç biri barədə prezident səviyyəsində razılaşma olmur. Zərrab faktı deməyə əsas verir ki, Fətullah Gülənə hər cür dəstək verən ABŞ hökuməti bu məsələdə də onun qəlbini sındırmaq istəməyib. Beləliklə aydın hiss olunur ki, bu prosesdə Fətullah Gülən şəbəkəsinin əli olub. Bunu təsdiq edən amillərdən biri ondan ibarətdir ki, Zərrabın həbsi və ondan sonrakı müddətdə Türkiyədə insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatın heç biri onun müdafiəsinə qalxmadı. Cünki həmin təşkilatların böyük əksəriyyəti Fətullah Gülənin maliyyəsi ilə fəaliyyət qururlar. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31