Rusiya regionda qeyri-balans siyasəti yürüdür
Cənubi Qafqazda mövqeyini əldən vermək istəməyin Rusiya min cür oyundan çıxır. Fakt ondan ibarətdir ki, sınanılmış, yaxud sınanılmamış metodlardan yararlanan Rusiya bölgədə mövqeyini daha da möhkəmləndirmək üçün for-postunun imkanlarından gen-boluna istifadə edir.
23 Sentyabr 2016 13:27 DünyaErmənistanın silahlandırılması bu ölkənin öz maraqlarına da ziddir
Cənubi Qafqazda mövqeyini əldən vermək istəməyin Rusiya min cür oyundan çıxır. Fakt ondan ibarətdir ki, sınanılmış, yaxud sınanılmamış metodlardan yararlanan Rusiya bölgədə mövqeyini daha da möhkəmləndirmək üçün for-postunun imkanlarından gen-boluna istifadə edir. Daha dəqiq, imperiya siyasətindən hələ də yaxa qurtara bilməyən Rusiya Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq niyyətindən əl çəkmir. Elə bu səbəbdən də işğalçı dövlət olan Ermənistanı silahlandırmaqda davam edir. Məlumat üçün qeyd edək ki, Rusiya öz məkrli siyasətini yürütmək üçün hətta dövlətlərarası münasibətlərdən, regional və beynəlxalq təşkilatların imkanlarından istifadədən belə çəkinmir. Məlumdur ki, Rusiya Ermənistana müasir hərbi texnika və silahlar satmaq barədə saziş imzalayıb. Digər tərəfdən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür. Rəsmi Moskva bu faktlardan istifadə edərək Ermənistandakı hərbi bazasını gücləndirir, bununla kifayətlənməyərək təcavüzkar dövlətə silah satışını həyata keçirir. İki dövlət arasında bağlanmış sazişə əsasən Rusiya Ermənistana "Smerç" reaktiv yaylım atəşi sistemləri və onun sursatları, "İgla-S" zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi "Avtobaza-M", "TOS-1A" ağır odatanları, "9M113M" idarəolunan raketləri, "RPG-26" qumbaraatanları, Draqunov snayper tüfəngləri, "Tiqr" zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri kimi müasir silahlar verməlidir. Onu da xatırladaq ki, Rusiyanın Ermənistana silah ötürməsi artıq neçənci dəfədir ki, təkrar olunur. Baş verənlərin Azərbaycan üçün maraqlısı ondan ibarətdir ki, işğalçı dövlətin silahlandırılması Dağlıq Qarabağ probleminin dinc yolla həllinə necə təsir edəcək, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üzvü olduğu halda nədən millitarist dövləti silahlandırır?
Əvvala qeyd edək ki, Rusiyanın Ermənistanı silahlandırması münaqişə tərəfləri arasında balansı pozmuş olur. Digər tərəfdən, İrəvanın münaqişənin dinc yolla həlli məqsədilə aparılan danışıqlardan yayınmasına şans verir. Hansı ki, ATƏT-in Minsk qrupu yaranan gündən bu vaxta qədər həmsədr ölkələr danışıqlar masasında Yerevanla hər hansı anlaşmaya imza ata bilməyiblər.
Nəzərə almaq lazımdır ki, Rusiya tərəfindən müasir tipli silahların Ermənistana verilməsi təbii olaraq işğalçı ölkənin hərbi qüdrətini artırır. Əcaba belə çıxmırmı, Rusiya Minsk qrupu həmsədrliyinin missiyasından çox öz dövlət maraqlarını güdür? Belə məlum olur ki, Rusiya Minsk qrupunda təmsil olunmaqla sadəcə danışıqların ömrünü uzadır, mövcur kvota-statusun saxlanmasında yardımçı olur. Əslində Rusiyanın bu addımı rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində balans siyasətindən imtinan etməsi kimi anlaşıla bilər. Rusiyanın Ermənistana verdiyi silah-sursatın dəyərinin işğalçı ölkənin dövlət bürcəsindən dəfələrlə artıq olması deməyə əsas verir ki, Rəsmi Moskva bütün sahələrdə Yerevanı dəstəkləyir, himayə edir. Əks halda, Rusiyanı nə vadar edir ki, iqtisadi çətinlik məngənəsində sıxıldığı, siyasi və iqtisadi sanksiyalara məruz qaldığı bir məqamda sözügedən silahları başqa dövlətə sataraq qazanc əldə etməsin, Ermənistana ianə etsin? Məntiq deməyə əsas verir ki, Rusiyanın Ermənistanı silahlandırması həm də Azərbaycana təzyiq vasitəsi kimi başa düşülməlidir.
Ekspertlər hesab edirlər ki, Rusiyanın Ermənistanı müasir hərbi texnika və silahla təmin etməsi yanlış addımdır. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanın Rusiya ilə normal münasibətləri mövcuddur. Ölkəmiz Rusiyanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaş hesab edir, beynəlxalq təşkilatlarda ümumu maraqlar konteksindən çıxış edir. Avropa dövlətləri tərəfindən Rusiyaya sanksiyalar elan olunduğu dövrdə Azərbaycanın bu siyasətə qarşı çıxması onun şimal qonşusu ilə tərəfdaşlıq münasibətlərinə sadiqliyini nümayiş etdirməsi anlamına gəlməlidir. Belə halda Rusiyanın bitərəfli qaydada Ermənistanı dəstəkləməsi öz dövlət maraqlarına da uyğun deyil. Ona görə ki, Rusiya balanslaşdırılmış xarici siyasətdən imtina etməklə bölgədə nüfuzunu itirmiş olur, digər tərəfdən isə Minsk qrupundakı vasitəçilik missiyasına kölgə salmış olur. Heç şübhəsiz ki, Rusiyanın sərgilədiyi mövqe Azərbaycanın strateji maraqlarına ziddir. Çünki Rusiya bununla birtərəfli qaydada işğalçı, militarist dövləti dəstəklədiyini biruzə verir. Moskvanın qeyri-balans siyasəti isə təzavüzkar Ermənistana danışıqlardan yayınmaq, Azərbaycana qarşı müharibə təhdidləri irəli sürməsi, təzyiq dili ilə danışmasına şərait yaratmış olur. Bütün sadalananlara baxmayaraq, Azərbaycan ordusu ilə Ermənistan silahlı dəstələri arasında müqayisə aparmaq uğursuz bir cəhddir. Çünki Azərbaycan Silahlı Qüvvələri öz sözünü deməyi bacaran və yüksək döyüş hazırlığına malik bir silahlı qurumdur. Azərbaycan ordusunun gücü dəfələrlə ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Üstəlik, hazırda Azərbaycan hansısa xarici ölkədən müasir silah almaqda maraqlı deyil. Çünki ölkəmiz ən müasir silah istehsalı ilə ixtisaslaşmaqla yanaşı, onu ixrac edən ölkəyə çevrilib. Bu günlərdə Müdafiə Sənayesi Nazirliyi tərəfindən "Şərq" İstehsalat Birliyinin "AZAD Sistemlər" müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik "Zərbə" pilotsuz uçuş aparatlarının təqdimatı dediklərimizin əyani sübutudur.
Alim