Bərbərxana və gözəllik salonları üçün yeni vergi güzəştləri tətbiq olunacaq

Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər üçün yeni vergi güzəştləri tətbiq olunacaq.

Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişikliklərə əsasən, bu sahədə fəaliyyət göstərən sahibkarların POS-terminal vasitəsilə əldə etdikləri dövriyyənin 50 faizi müəyyən müddətə vergi tutulan ümumi dövriyyədən çıxılacaq. Eyni zamanda, xidmətlərin dəyərini nağdsız ödəyən müştərilərə də ödəniş məbləğinin 0,9 faizi geri qaytarılacaq.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər bərbərxanaların, gözəllik salonlarının və kosmetoloji mərkəzlərin vergi öhdəliklərinə, eləcə də bu xidmətlərdən istifadə edən istehlakçıların əldə edəcəyi güzəştlərə aiddir.

Dəyişikliklərdən biri həmin sahədə fəaliyyət göstərən sahibkarların ƏDV güzəştindən əldə etdikləri gəlirlərin gəlir və mənfəət vergisindən azad edilməsidir. Belə ki, ƏDV hesablanarkən POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlər üzrə dövriyyənin 50 faizinin vergi tutulan ümumi dövriyyədən çıxılması nəticəsində yaranan gəlirlər fiziki şəxslər üçün gəlir vergisindən, digər şəxslər üçün isə mənfəət vergisindən azad ediləcək.

Digər mühüm dəyişiklik bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərə göstərilən xidmətlər üzrə nağdsız ödənişlərə aiddir. 2027-ci il yanvarın 1-dən etibarən bu sahədə POS-terminal vasitəsilə aparılan ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi 3 il müddətinə sahibkarların vergi tutulan ümumi dövriyyəsindən çıxılacaq.

Bu güzəştin tətbiqi üçün nağdsız ödənişlər nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə həyata keçirilməlidir.

Dəyişikliklər sahibkarların sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu da əhatə edir. Belə ki, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərin fəaliyyəti ilə məşğul olan şəxslər 2027-ci il yanvarın 1-dən 5 il müddətinə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olacaqlar.

Müştərilər üçün də güzəşt nəzərdə tutulur. Fiziki şəxslər bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdən aldıqları xidmətlərin dəyərini nağdsız qaydada ödədikdə, ödəniş məbləğinin 0,9 faizi onlara geri qaytarılacaq.

Bundan başqa, həmin xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi də tətbiq ediləcək. Belə ki, nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi istehlakçılara qaytarılacaq. Qaytarılma müvafiq qaydada həyata keçiriləcək.

Beləliklə, dəyişikliklər həm gözəllik və kosmetoloji xidmətlər göstərən sahibkarların vergi yükünün azaldılmasını, həm də bu xidmətlərdən istifadə edən müştərilərin nağdsız ödənişlərə marağının artırılmasını nəzərdə tutur. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31