Pul qardaşlıqdan üstün olanda: Qırğızıstan Güləni Ankaradan üstün tutur?
Qırğızıstanla Türkiyə arasında Fəthullah Gülənlə bağlı anlaşılmazlığın yarandığı iddia olunur. Səbəb isə rəsmi Bişkekin açıqlamasıdır ki, Ankara bu bəyanatı hədsiz dərəcədə sərt sayıb və Qırğızıstan rəhbərliyinin situasiyanı izah edəcəyinə ümid edir. Anadolu türkləri demişkən, "məsələ anlam məsələsidir".
26 İyul 2016 12:23 DünyaQırğızıstanla Türkiyə arasında Fəthullah Gülənlə bağlı anlaşılmazlığın yarandığı iddia olunur. Səbəb isə rəsmi Bişkekin açıqlamasıdır ki, Ankara bu bəyanatı hədsiz dərəcədə sərt sayıb və Qırğızıstan rəhbərliyinin situasiyanı izah edəcəyinə ümid edir.
Anadolu türkləri demişkən, "məsələ anlam məsələsidir".
Türkiyədə hərbi çevriliş cəhdinin arxasında durduğu deyilən şəxsin hərəkatının Qırğızıstanda şaxələndiyi barədə Ankara açıqlama verir, cavabında eşitdiyi isə "işlərimizə qarışmayın, özümüz bilərik" olur.
Hadisələrin cərəyan məcrasına nəzər salaq.
... Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 15-də ölkədə hərbi çevrilişə cəhdin hazırlanmasında və gerçəkləşdirilməsində suçlanan Fəthullah Gülənin Orta Asiyada da müəyyən planlara malik olduğunu bəyan edib.
O, Habertürk telekanalındakı "Özel Röportaj" proqramında bildirib ki, F.Gülənin yaratdığı və rəhbərlik etdiyi "Hizmet" hərəkatı (Türkiyədə bu hərəkat "Fəthullah Gülənin terror təşkilatı"- FETÖ adlandırılır) Orta Asiyada "əsas baza" qismində Qırğızıstandan yararlanır.
"Bəzi ölkələrə Gülənin terror şəbəkəsi ilə bağlı xəbərdarlıq edirik. Məsələn, Qırğızıstanın xarici işlər nazirini özüm xəbərdar etdi. Çünki FETÖ mənsubları Orta Asiyada Qırğızıstanı özlərinə baza kimi seçdilər. Qırğızıstan hakimiyyətinin, rəhbərliyinin içinə sızırlar. Bu ölkədəki hakimiyyətə qarşı yönəlmiş çevriliş cəhdinin də ola biləcəyini söylədik. Qardaş Qırğızıstanın bizdə çevrilişə cəhd etmiş terror təşkilatının orada təşkilatlanmasına izn verməməsi gərəkir və bu mövzuda müvafiq addımlar atılmasına ehtiyac duyulduğunu söylədi. Əks təqdirdə bizim də onlarla bağlı mövqelərimizdə dəyişikliklər ola bilər. Bizdən bir daha siyahını istədilər. Ertəsi gün siyahını onlara yolladım. Qırğızıstanın xarici işlər naziri bu siyahını ölkə prezidentinə çatdıracağını dedi. Bir daha deyirəm ki, Qırğızıstan üçün də ciddi təhdid var. Oranı baza qismində seçdikləri üçün rəhbərliyə, hakimiyyətə sızırlar. Öz adamlarını ən önəmli vəzifələrə yerləşdirirlər".

Göründüyü kimi, Türkiyənin XİN başçısı qırğız həmkarı Erlan Abdıldayevlə danışdığını və Fəthullah Gülənlə bağlı problematikanı onunla müzakirə etdiyini vurğulayıb. Mövlud Çavuşoğlu təcrübəli diplomatdır, emosiyalarından və hisslərindən asılı olmayaraq nəyi nə zaman, hansı formada söyləməyi bilir.
İyulun 25-də "Habertürk" telekanalının Ankaradakı studiyasında canlı yayında olarkən o, Qırğızıstanla bağlı açıqlamalarını hansısa empirik nəticələr üzərində qurmayıb, rəsmi Bişkekə təsir etməyə çalışmayıb.
Üstəlik, onun sözlərində xəbərdarlıq motivləri var - ultimatum, təhdid və şantaj yoxdur, əslində ola da bilməz - dövlətlərarası münasibətlərdə belə "lüğət" ən yaxşı halda münasibətlərin uzunmüddətli sərinləşməsi ilə bitir.
Rəsmi Ankara isə Bişkeklə təmaslarda problem yaratmaq, əlaqələri sərinlətmək, dövlətlərarası ünsiyyətləri çətinliklər müstəvisinə sürükləmək niyyətində deyil.
Tam əksinə - Ankara Bişkeklə əlaqələri intensivləşdirmək niyyətindədir.
M.Çavuşoğlunun "qardaş Qırğızıstan" deməsi də təsadüf deyil: bu sözlər Türkiyənin Qırğızıstana münasibətini səciyyələndirir.
Beləliklə, Ankara açıqlamalarının Bişkek tərəfindən anlamla qarşılanacağına ümid edirdi.
Olmadı.
Mövlud Çavuşoğlunun açıqlaması səslənən günü Qırğızıstanın XİN-i fövqəladə, hətta bu ölkənin xarici siyasət idarəsinin indiyədək "cavab praktikası"nı nəzərə alsaq (məsələn, Avrasiya İqtisadi Birliyi çərçivəsində Belarusun Qırğızıstanla bağlı əməkdaşlıq təklifinə Bişkek 13 gün, Qazaxıstanın sərhədlərin delimitasiyasının aktivləşdirilməsi məsələsi ilə bağlı sorğusuna 29 gün sonra cavab verilmişdi), həddən ziyadə təcili cavab verildi.
Qırğızıstan XİN-nin dünən yaydığı bəyanatında deyilir:

"Türkiyənin xarici işlər naziri, cənab Mövlud Çavuşoğlunun Qırğızıstandakı müəyyən təhsil müəssisələri ilə bağlı bəyanatını diqqətlə öyrəndik. Türkiyə Qırğızıstana qardaş ölkədir, xalqlarımız arasında tarixi, sıx əlaqələr var.
Türkiyənin rəsmi şəxslərinin narahatlığını anlayışla qarşılayırıq. Lakin bununla belə, xatırlatmaq istəyirik ki, Qırğızıstan ilk əvvəl müstəqil, suveren, özü üçün nəyin pis, nəyin yaxşı olduğunu anlayan və ayrıd edən ölkədir. Hesab edirik ki, hər hansı ölkənin xarici işlər nazirinin başna dövlətə bu və digər addımların atılmasının vacibliyi ilə bağlı göstəriş verməsi ən azı korrekt deyil. Özü də ultmatumlar və şantaj dilində.
Bəli, Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən özəl türk təhsil müəssisələri i lə bağlı Türkiyədən müvafiq müraciət aldı. Bu müraciəti diqqətlə araşdırırıq və zərurət yaranarsa, adekvat, gərəkli addımlar atacağıq. Müəyyən hüquqi normalar, tərəflərin öhdəlikləri, başqa məsələlər var. Lakin bütün bunların hamısı, bir daha qeyd edirəm, ölkəmizin daxili işidir".
Hər hansı kazuistikadan, diplomatik söz oyunundan uzaq, yetərincə sərt və hətta kobud cavabdır.
Çünki Türkiyənin XİN başçısı Bişkekə ultimatumlar və şantajlar ünvanlamayıb, sadəcə, xəbərdarlıq edib. Və olayların gedişatı Qırğızıstanın XİN rəhbəri Erlan Abdıldayevin belə sərt cavabını ehtiva etmirdi.
Bəs belədirsə, Bişkeki belə sərt davranmağa sövq və vadar edən nədir?
Səbəb sadədir
Bişkekin Ankaraya belə sərt, heç bir səbəb olmamasına rəğmən kobud cavabına ilk reaksiya Türkiyədən yox, Qazaxıstandan gəldi.
Qazaxıstanın nüfuzlu abai.kz portalında olayla bağlı məqalə dərc olunub və yazının az qala sakral başlığı var: "Atambayev Ərdoğanı Avrasiya İqtisadi Birliyinə görə satdı".

Qırğızıstanın XİN rəhbərliyinin bəyanatı müstəqil şəkildə qəbul edilmiş qərarın təcəssümü və ya volüntarist açıqlama deyil: bu sənəd mütləq şəkildə ölkə başçısı Almazbek Atambayevlə razılaşdırılıb.
Beləliklə, məsələ Atambayevin mövqeyinin dəyişməsindən ibarətdir.
Bu, o Atambayevdir ki, Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti postuna seçilməsinin ertəsi günü təcili Ankaraya yollanmışdı.
Orada Ərdoğanın inauqurasiya mərasiminə qatılmış Atambayev Türkiyənin dövlət başçısı ilə görüşmüş, sonra mətbuat konfransında Ərdoğana "abi", yəni "böyük qardaş" söyləmişdi.
Səbəb? Trivial. Qırğızıstan prezidenti Türkiyədən 120 milyon dollarlıq güzəştli kredit istəyirdi.
İndisə o, Rusiynın MDB məkanında yeni geosiyasi təsir rıçaqı formasına salmaq istədiyi Avrasiya İqtisadi Birliyində Qırzığıstanın "dotasiyalar alan, bəslənən" statusunu təmin etmək üçün Moskvanı razı salmağa çalışır.
Lakin Aslambek Atambayev yanılır.
Nədən ki, Rusiya və Türkiyə arasındakı ifrat sərinlik dövrü artıq geridə qalıb: hər iki dövlət strateji, geosiyasi, iqtisadi və siyasi tərəfdaşlığı intensiv inkişaf etdirmək yolunu seçib.
Üstəlik, Rusiyada Fəthullah Gülənin ideologiyası 2002-ci ildə yasaqlanıb.
Fəthullah Gülən hərəkatının Rusiyada açdığı 30 təhsil müəssisəsi bağlanıb, bu strukturlar "dövlət və cəmiyyət əleyhinə totalitar fəaliyyət göstərən, dərin konsprilogiya şəraitində öz adamlarını hazırlayaraq onları hakimiyyət strukturlarına yerləşdirmək məqsədi güdən hərəkat" kimi dəyərləndirilib.
Rusiyanın Təhsil Nazirliyinin Gülən tərəfdarlarının, yəni "nurçular"ın fəaliyyətini yasaqlamasından sonra "Hizmet" hərəkatından olan 29 türk müəllim RF ərazisindən deportasiya olunmuşdu.
Rusiya Baş İstintaq İdarəsinin bəyanatını da xatırladaq: "Fəthullah Gülənin yaratdığı və başçılıq etdiyi hərəkat məqsədyönlü, dəqiq strukturlaşdırılmış təşkilatdır. Bu hərəkat fəaliyyət göstərdiyi ölkənin hər bölgəsinə bu və ya digər fondu, yaxud firmanı təşkil edir. Həmin fond və ya firma Gülən ideyalarının həmin bölgədə yayılmasına cavabdehdir. Onların fəaliyyəti "Hizmet" hərəkatının rəhbər funksionerləri tərəfindən tənzimlənir.
"Hizmet" hərəkatının öz təhlükəsizlik xidməti var. Bu xidmət hərəkat üzvləri ilə yanaşı, dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin danışıqlarını dinləyir. Xüsusi diqqət milli təhlükəsizlik və hüquq-mühafizə təşkilatlarının əməkdaşlarına ayrılır".
Qırğızıstanın bəzi məmurları merkantil maraqlarını təmin etmək üçün Ankaraya "çəmkirmək" stilindən yararlanırlar.
Lakin belə belletristika stili uğur vəd etmir.

Acı gerçəklik budur.
Qırğızıstan rəhbərliyi ani siyasi və ya iqtisadi maraqlarını təmin etmək, ağır durumda olan iqtisadiyyatını Rusiyadan alacağı - bu, hələ yəqin deyil - maliyyə yardımları və güzəştli kreditlər hesabına böhrandan çıxarmağı düşünür. Praqmat düşüncənin hakim olacağı təqdirdə rəsmi Bişkek bilərdi ki, Rusiyadan alınacaq kreditlər hipotetikdirsə, Türkiyədən alınmış kreditlər üzrə ödənişlərin labüdlüyü və qaçılmazlığı reallıqdır.
Ankaraya kobud cavabın perspektivdə həmin kreditlərin faiz dərəcələrinə necə təsir edəcəyini təxminləmək çətin deyil. Üstəlik, Türkiyənin qardaş saydığı ölkədən belə diskursu görməsi də paradoksaldır.
"Qırğızıstan müstəqil dövlətdir" deyilirsə, onda Türkiyə prezidentinə xitabən "Abi, dalana dirənmişik, pulsuzluq bizi sıxır, yardım et" söylənməsi və bu istəyin gülüşlə müşayiət olunması nədir - olmaya, həmin olay da suverenliyin özünəməxsus izharıdır?!
Elçin Alıoğlu