"Prezident seçkisində səsimi Trampa verəcəm" - Obamanın qardaşı

Demokratlar partiyasının üzvü olan, ABŞ prezidenti Barak Obamanın ögey qardaşı 58 yaşlı Malik Obama bəyan edib ki, prezident seçkilərində Donald Trampa səs verəcək.

Demokratlar partiyasının üzvü olan, ABŞ prezidenti Barak Obamanın ögey qardaşı 58 yaşlı Malik Obama bəyan edib ki, prezident seçkilərində Donald Trampa səs verəcək.

Avropa.info xəbər verir ki, Malik Obama bu barədə "New York Post" qəzetinə danışıb.

"Donald Tramp mənim xoşuma gəlir, çünki o, ürəkdən danışır. "Amerikaya əvvəlki qüdrətini qaytaraq"  - əla şüardır. Mən onunla görüşmək istərdim" - Obamanın qardaşı belə deyib.

Uzun illər Demokratların tərəfdarı olan Malik Obama bildirib ki, onların apardığı siyasətdən məyus olub. O, məyusluğuna səbəb kimi Liviya Lideri Müəmmar Qəddafinin öldürülməsini və homoseksual nikahların qanuniləşdirilməsini göstərir. Onu son əsəbiləşdirən bəyanat isə FTB başçısı Ceyms Kominin şəxsi email-ni dövlət yazışmaları üçün istifadə edən Hillari Klintonu təqib etməyin vacib olmadığını deməsi olub.

Obamanın qardaşının Trampa səs verməsi xəbərinə milyarderin özü "Twitter" səhifəsində münasibət bildirib:

"Vau,  prezidentin qardaşı Malik Obama elə indicə bəyan elədi ki, mənə səs verəcək. Yəqin prezident onunla pis davranıb, nəcə ki, başqaları ilə".

Malik Obama hal-hazırda Keniyanın Koqelo kəndində yaşayır. Buna baxmayaraq, bu ilin noyabrında o, səs vermək üçün ABŞ-a gəlmək niyyətindədir. 

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 8 noyabrda keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00