Türkiyə niyə hədəfdədir?

Bu günlərdə Türkiyə özünün çətin dövrünü yaşayır. İyulun 15-də baş verən dövlət şevrilişinə cəhdin qarşısı alınsa da, lakin hələ də bu təhlükənin tam aradan qalxdığını söyləmək tezdir. Bunu Türkiyə rəsmiləri özləri də etiraf edirlər. 15 iyul dövlət çevrilişi cəhdinin bir sınaq olduğu, qarşıda qardaş ölkəni daha ciddi təhlükələrin gözləyəcəyi kimi fikirlər səslənməkdədir.

Ankaranın artan nüfuzu və iqtisadi qüdrəti bəzi xarici gücləri narahat edir

Bu günlərdə Türkiyə özünün çətin dövrünü yaşayır. İyulun 15-də baş verən dövlət şevrilişinə cəhdin qarşısı alınsa da, lakin hələ də bu təhlükənin tam aradan qalxdığını söyləmək tezdir. Bunu Türkiyə rəsmiləri özləri də etiraf edirlər. 15 iyul dövlət çevrilişi cəhdinin bir sınaq olduğu, qarşıda qardaş ölkəni daha ciddi təhlükələrin gözləyəcəyi kimi fikirlər səslənməkdədir. Əslində bunda acı bir həqiqət də var. Çünki uzun illər hakimiyyətin, ordunun müxtəlif qollarında təmsil olunmağı bacaran xəyanətkarların heç də hamısı tam olaraq zərərsizləşdirilməyib. Bu da sirr deyil ki, Türkiyədə mövcud hakimiyyəti devirməyə cəhd edənlərin arxasında xarici qüvvələr də var və həmin qüvvələr tərəfindən də Türkiyə hər zaman hədəfdədir. Bəs Türkiyənin hədəfdə olmasını şərtləndirən amillər hansılardır?

Birincisi, Türkiyənin artan nüfuzu, siyasi və iqtisadi sahədə əldə edilən uğurlar. Bu bir həqiqətdir ki, Türkiyədə AKP hakimiyyətə gələndən sonra ölkə ondan əvvəlki illərlə müqayisədə müqayisə olunmayacaq dərəcədə inkişafa nail olub. Gün-gündən qardaş ölkənin artan iqtisadi qüdrəti istər-istəməz dünya güclərini Türkiyə ilə hesablaşmaq məcburiyyətində qoyur. Halbuki AKP hökumətinə qədər olan dövrdə bunun tam əksi müşahidə edilirdi. Belə ki, Türkiyə bir qayda olaraq dünyanın güc mərkəzləri ilə hesablaşmalı olurdu. Bu prinsipdən bir balaca kənara çıxmaq istəyən hökumətlər isə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılırdı. Heç şübhəsiz ki, hər dəfə baş verən hərbi çevrilişlər isə Türkiyəni siyasi və iqtisadi baxımdan on illərlə geri atırdı. Hazırda isə situasiya tamam fərqlidir və həmin dairələrin planları AKP hakimiyyətə gələndən sonra demək olar ki, qeyri-işlək vəziyyətə düşüb. Zaman-zaman mövcud situasiyanı dəyişməyə cəhdlər edilsə də, Türkiyə bütün bu cəhdlərə qarşı adekvat mövqe sərgiləyərək qərbdəkilərin planını zərərsizləşdirə bildi. Elə yaxın tarixdə baş verən proseslər fonunda bunu aydın görmək mümkündür.

Belə ki, Türkiyənin ilk olaraq İsrail vasitəsilə zərərsizləşdirilməsi planı işə düşdü. Məlum "Mavi Mərmərə" olayı elə ustalıqla oynanıldı ki, uzun illərin strateji və hərbi müttəfiqi olan Ankara və Təl-Əviv bir anın içərisində düşmənə çevrildi. Qarşıdakı hədəf və məqsəd isə bu iki ölkəni döyüş meydanına çəkmək idi. Qərbdəkilər hesab edirdilər ki, Ankara və Təl-Əvəvin diplomatiya sahəsindəki mübarizəsi tezliklə hərbi müstəviyə keçəcək və bununla da güclü Türkiyə faktoru tamamilə aradan qalxacaq. Ancaq gözləntilər heç də özünü doğrultmadı. Düzdür Ankara-Təl-Əviv münasibətlərinin korlanmasının Türkiyəyə ciddi iqtisadi təsirləri oldu, lakin çox keçmədən iki ölkə arasında münasibətlər müsbət məcraya doğru yön aldı.

Növbəti mərhələdə qərbdəkilər uzun illərin müttəfiqi, hətta yaxın dostu Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında sərinlik yarada bildilər. Yenə də əsas hədəf Türkiyə idi. Düşünülürdü ki, onsuz da acı məğlubiyyətlə üzləşən Bəşər Əsəd keçmiş müttəfiqindən qisas almaq üçün terrorçu qruplaşmalarını Türkiyəyə transfer edəcək və bununla da nəzərdə tutulan plan işə yarayacaq. Düzdür, Suriyadan Türkiyəyə təşrif buyurmuş terrorçular zaman-zaman qardaş ölkədə terraktlar həyata keçirsələr də, lakin bu plan da arzuedilən səviyyədə olmadı.

Nəhayət, Türkiyənin ustalıqla İŞİD-ə qarşı mübarizəyə cəlb edilməsi və Rusiya ilə planlı şəkildə yaradılan böhran da işə yaramadı. Türkiyənin zəiflədilməsi, ram edilməsinin mümkünsüzlüyünü görən xarici dairələr bu dəfə hərbi çevriliş planını işə saldılar. AKP hökuməti və Rəcəb Tayyib Ərdoğandan birdəfəlik xilas olmağı qarşılarına məqsəd qoyan qüvvələrin bu dəfəki planları da alt-üst oldu. Gözlənildiyinin əksinə olaraq Türk xalqının xəyanətkarların deyil, AKP hökumətinin yanında yer alması Türkiyəni xaosa, Liviya, Suriya, Misirə çevirmək planını əngəllədi.

Ancaq görünən odur ki, Türkiyənin getdikcə artan nüfuzu, iqtisadi qüdrəti hələ Qərbi çox narahat edəcək. Və bu narahatçılıqdan qurtulmaq üçün Türkiyəyə bundan sonra da bir çox "sürprizlər" hazırlanacaq.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00