“Türkiyə Silahlı Qüvvələri üçün Azərbaycanda yer ayrılması....”

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Mütəmadi olaraq hər iki ölkənin Silahlı Qüvvələrinin quruda və havada keçirdiyi hərbi təlimlər qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi ilə yanaşı, həm də gələcək əlaqələr üçün də yeni-yeni imkanlar açır.

Azərbaycanın Qarabağ münaqişəsinin həlli istiqamətində həm hərbi, həm də diplomatik cəbhədə mövqeyini gücləndirəcək

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Mütəmadi olaraq hər iki ölkənin Silahlı Qüvvələrinin quruda və havada keçirdiyi hərbi təlimlər qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi ilə yanaşı, həm də gələcək əlaqələr üçün də yeni-yeni imkanlar açır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanı da məhz Ankara ilə Bakı arasındakı hərbi əməkdaşlığın yeni bir mərhələsi kimi dəyərləndirmək olar.Xəbərlərdən də aydın olduğu kimi Azərbaycan Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında "Qızıl Şərq" hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb. Dövlət başçısı bununla bağlı 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanmış protokolu təsdiqləyib. Fərmana əsasən Müdafiə Nazirliyinə bu fərmanda göstərilən protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.

Bəs görəsən bu barədə siyasi təhlilçilər, hərbi ekspertlər nə düşünür?

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyir ki, Cənubi Qafqazda separatizm və işğal faktoru təhlükəsizlik problemlərini daima gündəmdə saxlayır: "Nəzərə alaq ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilib və Ermənistanın işğalçı siyasətinin davam etməsində digər xarici ölkələrin hərbi dəstəyi və iştirakı olub. Bu günlərdə isə aydın oldu ki, Rusiya Ermənistanla birgə hərbi birləşmə yaradır. Bunun ölkəmizə birbaşa təhdid olduğu qaçılmazdır. Azərbaycanın da buna cavab olaraq geniş şəkildə imkanları var. Son illər Türkiyə ilə birgə hərbi təlimlərimiz və geniş hərbi əməkdaşlığımız ugurla inkişaf etməkdədir. NATO -nun ordusu olan bir ordu ilə təlimlər keçirmək təbii ki, ordumuzun inkişafına və döyüş qabiliyyətinin formalaşmasına zəmin yaradır". Politoloqun sözlərinə görə, Rusiya getdikcə Ermənistanı silahlandırır, bu ölkə ilə birgə ordu yaradır: "Bu Cənubi Qafqazda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Eyni zamanda bu amil Cənubi Qafqazda maraqlı olan ölkələri də narahat etməkdədir. Bu mənada dövlət başçısının fərmanı ilə müəyyən ərazilər və obyektlərin Türkiyə Silahlı Qüvvələrinin ixtiyarına verilməsi təqdir edilməlidir. Hesab edirəm ki, bir NATO ölkəsinin ordusunun

ölkəmizdə dislokasiyası geosiyasi sferada gedən proseslərin davamıdır. Hələ 90-cı illərin ortalarından belə bir kontingentin Azərbaycanda yerləşdirilməsi istənilirdi. Lakin burada Rusiya faktoru olduğu üçün ertələnirdi. Onu da diqqətə çatdırım ki, Birləşmiş Ştatlar daima bunun lehinə olub". Məhəmməd Əsədullazadə onu da vurğulayıb ki, aprel döyüşlərindən sonra Cənubi Qafqazda siyasi və hərbi hərəkətlilik artıb: "Rusiyanın Ermənistanla əvvəl birgə hava hücumundan müdafiə sisteminin yaradılması və ardınca birgə hərbi birləşmənin yaradılması istiqamətində işləri aprel məğlubiyyətindən sonra Ermənistana Rusiyanın jestləridir. Hesab edirəm ki, bu Azərbaycana qarşı yönəlib. Azərbaycan Prezidentinin məlum fərmanı Rusiya və Ermənistanın avantürst addımına qarşı bir mesajdır və zamanında atılıb. Düşünürəm ki, Türkiyənin hərbi birləşməsinin ölkəmizdə yerləşməsi ilə ordumuzun daha da inkişafına hərtərəfli dəstəyi görəcəyik. Döyüş qsbiliyyətinin inkişaf etdirilməsində bunun müstəsna xidməti olacaqdır. Həmçinin zabit kadrlarin hazırlanması, NATO standartlarına uyğun təhsili ordumuzu pesakar bir orduya çevirmək imkanı əldə ediləcək. Onu da deyim ki, Türkiyənin hərbi birləşməsində tək türklər deyil, NATO hərbçilərinin iştirakı da mümkün olacaq. Bu yerində verilmiş qərardı və Ermənistana ciddi şəkildə bir mesajdır". Təşkilat sədrinin sözlərinə görə, Rusiyanın bu proseslərə seyrici qalmayacağı gözləniləndi: "Bu şimal qonşumuzu ciddi şəkildə narahat edəcək. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu problemi Ermənistanla birgə hərbi birləşmə yaratmaqla Rusiya özü yaradır. Hesab edirəm ki, Rusiyanın qıcığı mənasızdı və Azərbaycan öz suveren haqlarından istifadə edir. Xatırladaq ki, aprel döyüşlərində Rusiya öz cənub hərbi dairəsini təlim adı ilə Azərbaycan sərhədləri yaxınlığına cəmləmişdi. Və bu, Azərbaycanı atəşkəsə məcbur etmə siyasəti idi. Rusiyanın qarşısında bu dəfə NATO ordusunun olacağı isə təbii ki, Moskanı bu avantürist siyasətdən çəkindirə bilər. Hesab edirəm ki, bu addım Azərbaycanın Qarabağ münaqişəsinin həlli istiqamətində həm hərbi, həm də diplomatik cəbhədə mövqeyini gücləndirəcək. Eyni zamanda bu Türkiyə- Azərbaycan hərbi alyansının qurulması və möhkəmlənməsi ilə nəticələnəcək".

Politoloq onu da deyib ki, bu, addım hazırda Cənubi Qafqazda təhlükəsizliyin nə qədər kövrək olduğunu bir daha təsdiqləmiş olur: "Azərbaycanın işğal olunmuş ərazilərini güc yolu ilə Ermənistan silahlı birləşmələrindən təmizləyəcəyi zaman, Türk ordusu (NATO) şimaldan gələn təhlükədə önləyici rolu oynayacaq. Göründüyü kimi NATO Rusiyanı üzük həlqəsi kimi dövriyyəyə almaqdadır".

Hərbi-siyasi icmalçı Ramil Məmmədli hesab edir ki, bu iki ölkə arasında hərbi əməkdaşlığın yeni bir mərhələsi deməkdir: "Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanla Türkiyə arasında "Qızıl Şərq" hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb. Bu sənədi Azərbaycanla Türkiyə arasında hərbi

əməkdaşlığın yeni mərhələsi də adlandırmaq olar". Ramil Məmmədli onu qeyd edib ki, artıq illərdir Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq bir neçə meyarlar üzrə inkişaf etməkdədir: "Bunların biri Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Ordusunun Sülhməramlı birləşməsinin tərkibində Əfqanıstanda fəaliyyət göstərməsidir. Bundan başqa davamlı olaraq Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə hərbi təlimləri keçirilir. Son bir neçə il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələri iki ümumqoşun təlimində iştirak ediblər. Həmçinin, "TurAz qartalı" adlı hərbi hava qüvvələrinin və hava hücumundan müdafiə qüvvələrinin təlimləri də keçirilib. Bu təlimlər 4 dəfə olmaqla, Türkiyə və Azərbaycanda keçirilib. Eyni zamanda Azərbaycan hərbçiləri Türkiyədə ixtisasartırma, təkmilləşdirmə kurslarında iştirak edir, həm də türkiyəli zabitlər bu istiqamətdə fəaliyyət göstərirlər. Bu fərman həm də əməkdaşlığın inkişafına, genişlənməsinə və başqa istiqamətlərdə fəaliyyət göstərməsinə təkan verəcək. Birgə fəaliyyətin - döyüş bacarığının artırılmasına daha böyük stimul yaradacaq. Bu sənədin əhəmiyyəti olduqca böyükdür. Bu sahədə hər iki tərəfin fəaliyyəti qiymətləndirilməli və dəyərləndirilməlidir. Sənədin əhəmiyyəti çoxdur və ümid edirəm ki, bu sənəddən irəli gələrək Azərbaycan və Türkiyə Silahlı Qüvvələri öz bilik və bacarıqlarını inkişaf etdirəcək, təcrübə mübadiləsi apacaq və döyüş qabiliyyətini daha da artıracaqlar". Hərbi icmalçı onu da diqqətə çatdırıb ki, bəziləri bunu hərbi baza olaraq xarakterizə edirlər: "Əslində isə belə deyil. Demək istəyirəm ki, Türkiyə Silahlı Qüvvələrinin daha əvvəldən Azərbaycanda Hərbi Nümayəndəliyi fəaliyyət göstərirdi. Bu qurum hərbi attaşelik kimi yox, məhz Türkiyə Silahlı Qüvvələrinin nümayəndəliyi olaraq Azərbaycanda fəaliyyətini qurmuşdu. Bundan sonra isə birgə fəaliyyət imkanları daha da artacaq. Məhz bu amil nəzərə alındığından qeyd olunan sənədin qəbuluna ehtiyac duyuldu. Hesab edirəm ki, eyni məzmunlu addım Türkiyə tərəfindən də atılacaq". Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının bu mərhələyə gəlib çatmasının region üçün də əhəmiyyəti var: "Bu bir sıra kənar müdaxilələrdən birgə qorunmaq imkanı yaradır. Ümumiyyətlə iki ölkə arasında hərbi-siyasi sahədə yaxınlaşma yalnız və yalnız dövlətlərimizin inkişafına və təhlükəsizliyinə təminatdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00