İrəvanda qiyam: ölən və yaralılar var, istefa tələbi səslənir - FOTO

İrəvanda Daxili Qoşunların və polis binasının silahlılar tərəfindən ələ keçirilməsi zamanı bir polis ölüb, ikisi yaralanıb.

Milli.Az İnterfax-a  istinadən bildirir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətindən (MTX) deyiblər. 

"Bir polis ölüb, ikisi yaralanıb, daha ikisi girovluqdan azad edilib", - MTX-nin bəyanatında deyilir. 

Bildirilir ki, 2 nəfəri xüsusi təyinatlılar azad ediblər. 

Polisin öldürülməsinin detalları açıqlanmır.

"Hüquq-mühafizə orqanları situasiyanı tam nəzarətdə saxlayır və normallaşması üçün bütün tədbirləri görürlər", - Ermənistan MTX bildirib.

---------

13:12

İrəvanda silahlılar polis bölməsində 8 nəfəri, o cümlədən Ermənistan polis rəisinin müavini general-mayor Vardan Yegizaryanı girov götürüblər. 

Milli.Az bildirir ki, xəbəri İnterfax yayıb.  

Bu barədə məlumatı deputat Nikol Paşinyan verib. O, hadisə yerində olub və silahlılarla danışıqlar aparıb. 

-----------

13:07

İrəvanda silahlı qiyam başladıqlarını elan edən silahlı qrupun üzvlərindən Tatul Tamrazyan yaralanıb və xəstəxanaya yerləşdirilib.
 
APA-nın Ermənistanın "Lragir.am" saytına istinadən verdiyi məlumata görə, hazırda Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasının  ətrafındakı evlərin damlarına snayperlər yerləşdirilib.
 
Hər iki tərəfdən yaralılar var. İrəvan Polisinin rəis müavini Valeri Osipyan və Ermənistan Polisinin rəis müavini qiyamçılarla danışıqlar aparılması üçün göndəriliblər. "Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvləri təşkilatın lideri və Təsis parlamentinin koordinatoru Jirayr Sefilyanın azad edilməsini və yalnız onun əmrlərini yerinə yetirəcəklərini bəyan ediblər. 

---------

13:02

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanda silahlıların ələ keçirdikləri polis binasının ərazisindəki yaşayış binalarına snayperlər yerləşdirilib. 
Ərazidə yaşayan sakinlər günün səhər saatlarında binada atışma səslərini eşitdiklərini bildiriblər. Rəsmi məlumata görə, hər iki tərəfdən yaralanan var. Hazırda qiyamçılarla danışıqlar aparılır. 

------------

12:43

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, İrəvanda, Erebunidə  7 polis girov götürülüb. 

Bu barədə yerli KİV deputata istinadən məlumat yayıb. 

----------

12:18

İrəvanda ələ keçirilmiş polis bölməsinin yaxınlığında yerləşən binaların sakinləri təxliyə edilirlər. 

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bölməyə aparan bütün yollar bağlanıb və əhatəyə alınıb. Xeyli sayda polis, Daxili Qoşunların əsgərləri, həmçinin zirehli texnika əraziyə cəlb edilib. 

---------

11:46

Ermənistan hökumətinin nümayəndələri İrəvanda polis və Daxili Qoşunların binasını ələ keçirmiş silıahlılarla danışıqlara başlayıblar. 

Milli.Az İnterfax-a istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidmətinin verdiyi açıqlamada deyilir.

----------

11:36

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün səhər İrəvanda Ermənistan Polisinin Patrul-mühafizə polkuna hücum olduğu və polkun ərazisində girovlar olduğu barədə məlumat yayıb.
 
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar. 
 
Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib. 

--------

11:29

İrəvanda polis binasını zəbt edənlər bildiriblər ki, paytaxtda silahlı qiyam qalxıb. 

Milli.Az bildirir ki, TASS-ın məlumatına görə, Ermənistan polisinin mətbuat xidməti deyib ki, silahlılar hökumətin istefasını tələb edirlər.  

Müxalifətin yaydığı bəyanatda deyilir ki, onlar "silahlı qiyamla Ermənistanda vəziyyəti dəyişməyə" çalışırlar. 

Həmçinin bildirirlər ki, polisin əsas bazalarından birini ələ keçiriblər və İrəvanın cənubundakı bir məhəlləyə nəzarəti ələ alıblar. 

---------

11:18

Bir neçə şəxsin İrəvan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirməsi zamanı bir nəfər ölüb. Yaralılar var. 

Milli.Az bildirir ki, bu barədə İnterfax yerli telekanallara istinadən məlumat yayıb. 

Həmçinin bildirilir ki, İrəvanın polis rəisinin müavini Valeri Osipyan girov götürülüb.

Binanı ələ keçirənlər hakimiyyətin istefasını tələb edirlər. 

Erebuniyə gedən bütün yollar bağlanıb. 

---------

11:10

Bir qrup silahlı şəxs İrəvan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Trend-n İnterfaks agentliyinə istinadən xəbərinə görə, hadisə yerinə əlavə qoşun göndərilib.

--------

11:01

Silahlı şəxslər İrəvanda polis binasını ələ keçiriblər. Bu barədə Trend İnterfaks agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00