Aprel döyüşlərinin gizlin məqamları

Sərkisyan PKK terrorçusu Bese Hozatdan nə xahiş edib?

Cari ilin aprel ayının ilk günlərində təmas xəttində baş verən erməni təxribatından sonra cəbhədə qeydə alınan bir neçə günlük hərbi əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan bir neçə strateji yüksəkliyi ələ keçirməsi erməni tərəfində ciddi təşviş yaratdı. Ermənilərin Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatlarından qorxuya düşərək işğal altında olan Azərbaycan torpaqlarından qaçması Ermənistan rəhbərliyini adekvat tədbirlər görmək məcburiyyətində qoydu. Adekvat tədbir isə daim ermənilərə dəstək verən PKK terror təşkilatının işğal altında olan Azərbaycan ərazilərinə transfer edilməsi idi. Daha doğrusu Ermənistan rəhbərliyi qorxu və vahimə içərisində işğal altında olan Azərbaycan ərazilərini tərk edən ermənilərə təskinlik vermək və onlarda ruh yüksəkliyi yaratmaq üçün PKK terrorçularını Qarabağa yerləşdirməyə başladı. Aprel əməliyyatları zamanı bu barədə müəyyən məlumatlar yayılsa da, lakin məsələnin əsl detalları bəlli deyildi. Bu günlərdə isə həmin ərəfədə Qarabağa gətirilən PKK terrorçuları barədə ilginc məlumatlar əksini tapıb. Məlumata görə, hələ hərbi əməliyyatların ilk günlərində PKK terror təşkilatı Ermənistan rəhbərliyinin xahişi ilə bölgəyə 400 terrorçu göndərib. Suriya və İraqdan səfərbər edilən terroristlər Ağrı dağı vasitəsilə Ermənistana keçiblər. Sevan gölü yaxınlığındakı Vardanes Düşərgəsində qısa təlim keçən PKK terrorçuları oradan Qarabağa, hərbi əməliyyatların getdiyi istiqamətlərə göndərilib. Əsasən Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli istiqamətinə göndərilən PKK terrorçularının hərbi əməliyyatlar dayandıqdan sonra Laçın, Şuşa və Kəlbəcərdə yerləşdiriliblər.

PKK terrorçularının Ermənistana göndərilməsi prosesini isə Bese Hozat adlı biri həyata keçirib. Məlumata görə, aprel döyüşləri zamanı ciddi məğlubiyyətlə üzləşdiklərini görən Ermənistan prezidenti Serj Sərkisyan özü Bese Hozatla birbaşa telefon əlaqəsinə girərək ondan yardım istəyib. Məlumat üçün qeyd edək ki, Türkiyənin Tunceli vilayətində anadan olmuş Hozat hazırda Kürdüstan Topluluqlar Birliyi (KCK) İcra Şurasının müvəqqəti rəhbəri vəzifəsini icra edir. Bese Hozat aprel döyüşləri zamanı İrəvanla aparılan müzakirələrin nəticəsi olaraq Suriya və İraqdan Ermənistana PKK terrorçuları göndərir. Ermənistana gedən terroçu qruplaşmaya Suriyada yaşayan 150 erməni də qoşulur. Həmin ermənilərin isə PKK-nın Suriya qolu sayılan PYD-nin tərkibində Suriya müxalifətinə qarşı vuruşduğu bildirilir. PYD-li ermənilər Qarabağa gələnə qədər əsasən Hələb, Şeyx Maqsud, Kobani, Təl Abyat və Azez bölgələrində Suriya müxalifətinə qarşı döyüşdüyü məlum olub.

Bir başqa məlumata görə isə, hələ aprel döyüşlərindən əvvəl 80 PKK terrorçusu Ermənistana gedib. Əsasən bombalı hücumlarda iştirak edən PKK-lılar da Vardanes bölgəsində təlim keçib. Ümumiyyətlə, Vardanes bölgəsi PKK-nın təlim düşərgəsi kimi tanınır. Aprel döyüşlərindən əvvəl Ermənistana gedən 80 terrorçunun da sonradan ora gələn 400 PKK-lı ilə birgə Qarabağa yollandığı qeyd edilir. Ağrı dağından Ermənistana keçən PKK-lı terrorçulara isə Ağrı Qartalları adlı birliyin 3 yüksək rütbəli şəxsi bələdçilik edib. Bunlar Levon Çernoqoriyan, Hemaran Kervaçiyan və Sərvət Baqopşindir. Ağrı Dağında PKK terroçularını qarşılayan üçlük onları ilkin təlimatla da tanış edib. Belə ki, təlimatda ermənilərin Suriyada PYD-nin tərkibində PKK-ya yaxından dəstək verdiyi, Suriya müxalifəti və İŞİD terror təşkilatına qarşı amansız mübarizə apardığı əksini tapıb. Həmçinin təlimatda o da qeyd edilib ki, Suriyada PKK-ya dəstək verən ermənilərin bu gün Qarabağda PKK-ya ehtiyacı var və terror təşkilatı Suriyada ermənilərin onlara verdiyi dəstəyin əvəzini bu gün Qarabağda ödəməlidir.

Hazırda da PKK terrorçularının işğal edilmiş Azərbaycan ərazilərində qalması onu deməyə əsas verir ki, Ermənitan rəhbərliyi öz ordusuna etibar etmədiyi üçün terrorçuların ümidinə qalıb. Eyni zamanda bu həm də bir daha onu təsdiqləyir ki, Ermənistan özü də terrorçu bir ölkədir və dünyanın güc mərkəzləri, beynəlxalq terrorizmə qsrşı mübarizə aparan dövlətlər Ermənistana qarşı da eyni mövqeni sərgiləməlidirlər.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00